Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
E-huquq.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 329 nəfərdən 4 nəfər imtahana gəlməyib. 211 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
E-huquq.az-ın məlumatına görə, imtahanda Məhkəmə-huquq Şurasının aparat rəhbəri Kərəm Mansurov, Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakim Vidadi Cəfərov, Azərbaycan Huquq İslahatları Mərkəzinin sədri, vəkil Şaiq Mirzəyev, eləcə də ictimayyət nümayəndələri iştirak ediblər.