AZ

Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 63 yaşı tamam olur.
Azərbaycan liderinin ömrünü xalqa xidmətə həsr etməsi, var gücü ilə Azərbaycan dövlətinin qüdrətini artırması, xalqın rifahının yüksəlməsi üçün çalışması hər bir vətəndaş tərəfindən böyük minnətdarlıqla qarşılanır. Dövlət başçısının fəaliyyəti bütövlükdə dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın qlobal arenada nüfuzunun artmasına yönəlib.
Təbii ki, bu proses böyük zəhmət və gərgin əmək tələb edir. Azərbaycan lideri ilboyu daxili və xarici səfərlər edir, bu səfərlər çərçivəsində ölkəmizin parlaq gələcəyini təmin etmək üçün var gücü ilə çalışır.
Oxu.Az dövlət başçısının 2024-cü ildəki gərgin iş qrafiki, səfərləri, iştirak etdiyi mühüm tədbirlərlə bağlı materialı təqdim edir:
Yeni ilin ilk günlərində dövlət başçısı bir sıra xarici ölkələrin səfirlərini qəbul edib.
Yanvarın 10-da Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı Azərbaycanın xarici və daxili siyasətindəki aktual məsələlərə toxunub:
"Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq qanun deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.
Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir".
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.
Prezident seçkisi
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Seçkinin yekun nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bildirib:
"Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!"
Fevral ayında dövlət başçısı həmçinin Almaniya və Türkiyəyə səfərlər edib.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən dövlət başçısı bildirib:
"İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibə verib.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.
Martın 14-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.
Həmin vaxt çıxış edən dövlət başçısı tarixə qızıl hərflərlə yazılan bu fikirləri səsləndirib:
"Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən "Zəfər meydanı" adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır".
Dövlətimizin başçısı növbəti xarici səfərini Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprel ayının 22-də Moskva şəhərinə edib. Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.
Növbəti mötəbər tədbir mayın 1-də Bakıda təşkil olunub. Bu tarixdə Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
10 may - Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günü idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Həmin tarixdə dövlətimizin başçısı Laçın rayonuna səfər edib. Ərazi bütövlüyümüzün bərpasından sonra işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri dövlət başçısı tərəfindən prioritet istiqamətlərdən biri seçilib.
İlham Əliyev mayın 10-da Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib.
10 may tarixində İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Bununla yanaşı İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.
Mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Dövlət başçısı mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. Həmçinin mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməli qoyulub.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Misir və Türkiyə səfərləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində İlham Əliyevin Prezident Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub, Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Misir sənədləri imzalanıb.
İyunun 10-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib. Dövlət başçıları Ankaranın Esenboğa Hava Limanında görüşüblər. Azərbaycan və Türkiyə prezidentləri birgə nahar ediblər.
İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Astana səfəri
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib.
İyulun 4-də Astanada "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxış edən Azərbaycan Prezidenti təşkilatla əlaqələrin əhəmiyyətindən bəhs edib:
"Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib".
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Həmin gün Şuşada "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi" imzalanıb.
Pakistan və Britaniya səfərləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib.
Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Səfər çərçivəsində İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud və geniş tərkibdə görüşü keçirilib. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Həmçinin İlham Əliyevin İslamabadda Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfər edib.
İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Qazaxıstan səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gedib.
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib.
Astana səfərindən beş gün sonra Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun Bakıda XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Vladimir Putinin ölkəmizə səfəri
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana dövlət səfərinə gəlib.
Həmin gün Azərbaycan və Rusiya prezidentlərinin məhdud və geniş tərkibdə görüşü keçirilib. Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib.
Milli Məclisinə növbədənkənar seçki
Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.
İtaliya səfəri
Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər edib.
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edib.
Dövlət başçısı İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan lideri sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
Rusiyaya səfərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gedib.
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.
Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.
COP29
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Açılış mərasimində çıxış edən dövlət başçısı bildirib:
"Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.
Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".
Dövlət başçısı çıxışı zamanı həmçinin Azərbaycanın dünya arenasındakı əhəmiyyətindən də bəhs edib:
"Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq".
Prezident İlham Əliyev çıxışında COP29-u boykot etməyə çalışan dairələrə cavab verib:
"Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanda uğurla keçirildi. Bakı bir daha qlobal miqyasda tədbirlərin təşkilində öz təcrübəsini bütün dünyaya göstərdi. Azərbaycanda keçirilən bu cür genişmiqyaslı tədbir eyni zamanda ölkəmizin beynəlxalq arenadakı nüfuzunun göstəricisinə çevrildi.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Dövlət başçısı müsahibəsi zamanı Rusiya ilə 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə haqqında bu fikirləri səsləndirib:
"Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir".
Göründüyü kimi Azərbaycan Prezidenti 2024-cü ildə də olduqca gərgin iş qrafikində dövlətimizin və xalqımızın maraqları uğrunda yorulmadan fəaliyyət göstərib.
phrase_var_article.chosen
1
50
oxu.az

10phrase_var_article.sources