1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzasının səbəblərinin araşdırılmasına dəstək verməyə və bu məqsədlə beynəlxalq araşdırma qrupunda müşahidəçi qismində iştirak etmək üçün öz ekspertini göndərməyə hazırdır".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə təşkilatın saytında xəbər verilib.
"ICAO 2024-cü il dekabrın 25-də "Azerbaijan Airlines" aviaşirkətinin 8243 saylı reysinin faciəvi qəzası nəticəsində həlak olanların və xəsarət alanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) 13 saylı Əlavəsinə uyğun olaraq, ICAO üzv dövlətləri kompleks və müstəqil araşdırmanın aparılmasına hərtərəfli dəstək verməyə çağırır. Bu beynəlxalq mülki aviasiya standartları maraqlı tərəflərin iştirakını təmin etməklə müstəqil araşdırma aparılmasını tələb edir", - deyə xəbərdə qeyd olunub.
Bəyanatda deyilib ki, araşdırmaçılar hadisə ilə bağlı bütün müvafiq məlumatları toplamaq, faktları müəyyənləşdirmək, bu faciəyə səbəb olan, ya töhfə verən mümkün təhlükəsizlik faktorlarını və ya təhdidləri təhlil etmək vəzifəsini daşıyırlar:
"Onlar, həmçinin nəticələrinə əsaslanaraq təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılması ilə bağlı tövsiyələr təqdim etməlidirlər. Aviasiyada təhlükəsizlik və mühafizəni təmin etmək məqsədilə ICAO bu araşdırmaya dəstək göstərmək üçün ekspert göndərməyə hazırdır. ICAO bütün maraqlı dövlətləri və xidmət təminatçılarını araşdırma prosesinə tam dəstək vermək məqsədilə bütün müvafiq məlumatları və sənədləri qoruyub saxlamağa çağırır".
Sənəddə qeyd edilib ki, araşdırmada operator dövlətlər, təyyarənin qeydiyyat dövləti, təyyarə və mühərriklərin dizayn və istehsal dövlətləri, eləcə də vətəndaşları hadisə nəticəsində həlak olan və ya ağır xəsarət alan dövlətlər iştirak edə bilərlər.
"13 saylı Əlavə hadisədən sonra 30 gün ərzində ilkin hesabatın, 12 ay ərzində isə yekun hesabatın hazırlanmasını tələb edir. ICAO-nun bu prosesə dəstəyi bu faciəyə töhfə verən bütün mümkün faktorların təhlilini əhatə edən hərtərəfli araşdırmanın aparılmasına və oxşar hadisələrin gələcəkdə qarşısını almağa imkan yaradacaq tövsiyələrin hazırlanmasına kömək edəcək", - deyə təşkilatın bəyanatında vurğulanıb.
Xatırladaq ki, dekabrın 25-də səhər AZAL-a məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəzada 29 nəfər sağ qalıb.