AZ

"Mənim ya başqa kiminsə Qurban Qurbanova çatması mümkün deyil"

Azər Bağırov yeni futbol mövsümünə damğasını vurmağı bacarıb.

Premyer Liqanın ən gənc baş məşqçisi debütant "Araz Naxçıvan"la hamını təəccübləndirir.

Daha böyük imkanlara və oturuşmuş heyətə malik rəqiblərin fonunda Naxçıvan təmsilçisinin elitadakı yerini qorumaq uğrunda mübarizə aparacağını düşünmək olardı.

Amma Bağırov sıfırdan yığılan heyətlə elə bir komanda düzəltdi və ustalıq səviyyələri o qədər də yüksək olmayan futbolçulara elə bir oyun aşıladı ki "Araz Naxçıvan" özündən güclü klublardan həm yaxşı oyun göstərir, həm də daha üst pillədə qərarlaşıb.

Onunla Qurban Qurbanova həsr olunmuş filmin təqdimat mərasimində görüşdük.İlk sual da elə bu haqda idi.

- Filmi bəyəndiniz?

- İQurban Qurbanovun bu yerlərə gəlmək üçün nə qədər keşməkeşli yol keçdiyini gördük. Ümumiyyətlə, futbolçu, idmançı həyatı çox çətin olur. Film həqiqətən möhtəşəm idi və zövq verdi.

- Nə zamansa Azər Bağırovdan da film çəkilə bilərmi?

- Azər Bağırovun və ya başqa kiminsə Qurban Qurbanova çatması mümkün deyil. Amma biz də çalışırıq futbolumuz üçün hansısa faydanı verək. İndi film çəkilməsini istəməzdim. Sabah nə olacağını isə Allah bilir. Hər şeyi zamanın axarına buraxmaq lazımdır.

- Qurban hocanı Norveçdə növbəti çətin sınaq gözləyir...

- "Molde" əla komandadı və xüsusən evdə daha yaxşı performans sərgiləyir. Azarkeş, doğma meydan, iqlim amili norveçlilər üçün əlavə üstünlükdür. Bizim üçün çətin oyun olacağını hamı bilir. Amma inanıram ki, futbolçular təzyiqin öhdəsindən gələcık və "Qarabağ"ın ruhunu ortaya qoyub lazımi nəticəni qazanacaq.

- Milli komandanın baş məşqçi postuna namizədlər arasında adınız Qurban Qurbanovla yanaşı çəkilir...

- Sözsüz ki, bu posta ən layiqli namizəd Qurban müəllimdi. Mənim üçün onun yanında köməkçi işləmək də fəxr olar. Böyük təcrübəsi var. Mən ilk növbədə onun tərəfdarıyam ki, milli yerli mütəxəssisə tapşırılsın. Xeyli sayda Premyer Liqa təcrübəsi olan gənc Pro kateqoriyalı məşqçilərimiz var. İnkişaf etmiş futbol ölkələrinin praktikasından da görürük ki, millidə yerli gənc mütəxəssislərə çalışmağa şans yaradılır. Təbii ki, mənə də şans verilsə şərəf duyaram. Amma ən önəmlisi odu, yerli məşqçilərimizdən kimsə olsun. Məsələn, Rəşad Sadıqov həm "Zirə"dəki işi, həm də millilərdə istər futbolçu, istərsə də məşqçi kimi fəaliyyəti ilə ölkəmizin bir nömrəli komandasını çalışdırmağa layiq olduğunu sübut edib. İnanıram ki, AFFA Azərbaycanımız üçün ən xeyirli olacaq qərarı verəcək.

- Ən böyük büdcəli klubumuz "Neftçi" ilə son qarşılaşmada əzmkar heç-heçə etməyi bacardınız. Birinci dövrədə isə "Araz Naxçıvan" ölkəmizin ən köklü klubunu məğlub etməklə hamını təəccübləndirmişdi. Mövsümün əvvəli qarşısınıza Premyer Liqadakı yeri qorumaq məqsədi qoyulmuşdu?

- Xeyr. Yaxşı kollektiv formalaşdırıb, bacardıqca üst yerlər uğrunda mübarizə aparmalıydıq. Nəticələr gəldikcə iştah çoxalır, bəlkə də adam bir az reallıq hissini itirir. Ən azı ürəyində fikirləşir ki, bəlkə avrokuboklara vəsiqə qazanmaq olar. Amma "Neftçi", "Sabah", "Turan Tovuz" və demək olar ki, Premyer Liqadakı bütün klublar maddi-texniki və ən əsası yerli futbolçu tərəfdən bizdən qat-qat üstündürlər. Qış fasiləsində yerli futbolçu potensialımızı artırsaq, iki cəbhədə normal mübarizə apara bilərik. Yəni, həm çempionat, həm də kubokda yaxşı işlər görə biləcəyimizə inanıram. Amma hələlik mənim üçün əsas məsələ ikinci dövrənin qış fasiləsinəcən qalan oyunlarıdır.

- İkinci dövrənin çətin oyunlarından birini - "Neftçi" ilə qarşılaşmanı kifayət qədər yaxşı nəticə ilə bitirdiniz...

- "Neftçi"nin oyunçularının ustalıq səviyyəsinin bizimlə müqayisədə qat-qat üstün olması heç kimə sirr deyil. Bununla belə, futbolçularımız son ana qədər mübarizə apardı, əzmkarlıq göstərdi. Həm birinci, həm də ikinci dövrədə "Neftçi" ilə oyunlarda istədiyimiz nəticələri qazandıq.

- "Neftçi"dən fərqli "Araz Naxçıvan"ın azarkeşlərini də tribunalarda görmürük...

- Hazırda Naxçıvanda oynamırıq deyə belə vəziyyət yaranır. Bunun özü də komandaya mənfi təsir edir. Naxçıvanda futbolu çox sevirlər, azaekeşlər daim mənə yazırlar. İnşallah, orda oynasaq tam fərqli atmosfer görəcəksiniz. "Neftçi"yə gəlincə, "ağ qaralar" daha yaxşı yerlərə layiqdi. Bu klubu həmişə zirvələrdə görməliyik. "Neftçi" azarkeşlərinə hər zaman böyük rəğbətim olub. Bizimlə oyunda verdikləri dəstəyə görə təşəkkür edirəm. Mənim üçün Azərbaycanın 1 nömrəli azarkeşi - "Neftçi" azarkeşidir. Bilmirəm bəlkə də ona görə doğmadırlar ki, bu klubda "gözümü açmışam", böyümüşəm, işləmişəm, ilk addımlarımı "Neftçi"də "Tofiq Bəhramov"da Canbaxış müəllim rəhbərliyi ilə atmışam.

- Qış fasiləsində komanda xaricə təlim-məşq toplanışına gedəcəkmi?

- Klub rəhbərliyi bu yöndə çalışır. Amma hələlik heç nə dəqiqləşməyib. Ola bilər gedək, ola bilər Azərbaycanda qalaq.

Mənbə: sports.az

Seçilən
271
14
Mənbələr
Şərh ()
Bağla