AZ

Fransa Senatı Ermənistanı niyə müharibəyə çağırır?

Fransanın Ermənistanı silahlandırması artıq günümüzün aşkar reallığı kimi özünü göstərməkdədir. Fransa Senatı məsələni müzakirəyə çıxarıb. Paris yüksək effektivliyini nəzərə alaraq SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. 
Mövzu ilə bağlı Fransa Senatının məlumatına diqqət yetirəndə, elə bi­lirsən ki, xəbəri yayan ali qanunverici orqan yox, hansısa hərbi strukturdur. Diqqət yetirək, məlumatda bildirilir ki, Ermənistana “MISTRAL 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı mü­zakirələr gedir. Senat, həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistandadır və onlara hazırda istehsal olunan eyni tipli daha 26 maşın qoşulmalıdır.
Qeyd edək ki, Ermənistanla Fransa arasında silahların tədarükü ilə bağlı razılaşma bu ilin oktyabrında Parisdə ölkələrin müdafiə nazirləri Suren Papik­yan və Sebastyan Lekornyu arasında keçirilmiş görüşdə əldə olunub. Fran­sa Senatı bildirir: “Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının veril­məsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı bu fərq, əslində, Ukraynadakı müharibənin göstərdiyi kimi, o qədər də praktiki de­yil. Gəlin, eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artil­leriyaya ehtiyacı ilə bağlı müraciətlərinə dərhal cavab verməliyik”. 
Göründüyü kimi, Fransa Senatı Er­mənistana silah verilməsi məsələsinə həssas yanaşmağa çağırır və faktiki olaraq, əvvəllər bu məsələdə səhvlərə yol verildiyini etiraf edir. Senatın məlu­matı rəsmi İrəvanın Parisə silah-sursat almaq üçün yeni müraciətinin mövcud­luğundan da xəbər verməkdədir. “Əlve­rişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yeni­dən gərginləşdirmək məqsədilə Ermə­nistanı silahlandırması yolverilməzdir”, – deyən Azərbaycan Dövlət Təhlükə­sizliyi Xidmətinin rəisi Əli Nağıyev bir müddət əvvəl səsləndirdiyi bu fikirlə məsələyə ATƏT-in Parlament Assamb­leyasının prezidenti Pia Kaumanın diqqətini çəkmişdi. 
Bəli, Ermənistanın sürətli silahlan­dırılması Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinə mənfi təsir göstərməkdədir və bölgədə yeni mü­haribə riskini aktuallaşdırır. Azərbay­can rəsmiləri dəfələrlə bununla bağlı narazılıqlarını dilə gətiriblər. Xüsusən də Bakı və İrəvan arasında sülhün əldə edilməsinin müzakirə olunduğu hazırkı dövrdə Fransada səslənən bəyanat və fikirlər onu göstərməkdədir ki, bu ölkə regionda barış mühitinin qərarlaşması­nı qətiyyən istəmir. Ümumən, kollektiv Qərb Azərbaycanın və Ermənistanın sülhə gəlməsindən danışır, həmin Qər­bin təmsilçisi olan Paris tamam başqa havalardadır. Burada Fransanın özba­şına davrandığını, yoxsa təmsil olun­duğu komandanın maraqlarından çıxış etdiyini müəyyənləşdirmək çətinləşir, şübhələr yaranır. Axı, ABŞ Konqresin­də bu günlərdə keçirilmiş dinləmələrdə də Ermənistanın etibarlı müdafiəsinin təşkili məsələləri ətrafında fikir müba­diləsi aparılmışdı. Hərçənd, mövcud istiqamətdə Birləşmiş Ştatların Fransa qədər “irəli getdiyini” söyləmək müm­künsüzdür. 
***
Həqiqətən də, Fransa Ermənistanı silahlandırmaq, guya, ölkənin müdafiə qabiliyyətini yüksəltmək naminə dis­kussiyalarda daha aktivdir və niyyətini əməli iş müstəvisinə gətirməkdədir. Bir qədər əvvəl müdafiə nazirləri Su­ren Papikyan və Sebastyan Lekornyu arasında keçirilən görüşdən söz aç­dıq. Oktyabrın 23-də Parisdəki həmin görüşdə tərəflərin imzaladıqları hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi, eləcə də digər növ hərbi tex­nika və sursat alacaq. Yeri gəlmişkən, GM200 radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. Parisdə Ermənistanın müdafiə naziri S.Papikyanla keçirdiyi birgə mətbuat konfransında S.Lekornyu bildirmişdi ki, hazırda Ukraynada istifadə edilən bu radar sistemi “müstəsna aşkarlama imkanları” ilə tanınır. “Erməni xalqının tarixinin çətin anlarında olduğu kimi, bu gün də Ermənistan ətrafındakı mürək­kəb hərbi-siyasi vəziyyətdə Fransa və fransız xalqı bizim tərəfimizdədir. Bu təqdirəlayiqdir və buna görə mən bir daha minnətdaram”, – deyən S.Papik­yanın başqa nələrdən danışdığı bir o qədər önəmli deyil.
Onu da deyək ki, Ermənistan müxtəlif illərdə də Fransa ilə hərbi əməkdaşlıq sazişləri imzalayıb. Ancaq haqqında söz açdığımız saziş İrəva­nın bir Qərb ölkəsi ilə imzaladığı ilk böyükmiqyaslı müqavilədir. Ona görə də rəsmi Bakı məsələni regionda dest­ruktiv fəaliyyət kimi qiymətləndirməkdə tam haqlıdır. Həm də ona görə haqlı­dır ki, Lekornyu özünün sosial media hesabından verdiyi açıqlamada ölkə­sinin Ermənistanın silahlandırılması işini, bir növ, ilahiləşdirmiş, prosesə müqəddəslik siması qazandırmağa çalışmışdı. Məsələn, “Ermənistan özü­nü müdafiə etməli və xalqını qoruya bilməlidir” kimi fikirlər bölüşən fransız nazir əlavə etmişdi ki, Fransa Ermə­nistanın qurudan müdafiə qüvvələrinə təlim keçəcək, ordunun islahatına və modernləşdirilməsinə dəstək verəcək, fransalı bir zabit Ermənistanın Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi gön­dəriləcək.
Əlbəttə, bütün bunlardan, həmçinin, Fransanın və Ermənistanın müdafiə nazirlərinin “Mistral” qısa mənzilli hava hücumundan müdafiə raketlərinin alın­ması ilə bağlı niyyət memorandumu imzalamalarından da sonra S.Lekorn­yunun silahların müdafiə xarakteri da­şıdığını qeyd etməsi, “bu, öz təbiətinə görə yalnız Ermənistan ərazisinə tə­cavüz olduqda və əksər hallarda mülki əhali hücum altında olanda müdafiəni həyata keçirən silah sistemidir” demə­si tam mənasızdır. Aydındır ki, məqsəd yalnız müdafiə deyil, həm də hücumdur, daha doğrusu, müharibə aparmaqdır. Diqqət yetirək, “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığın­da hava hədəflərini aşkara çıxarmaq funksiyasına malikdir. Nəzərə alaq ki, istər 44 günlük müharibə zamanı, istər­sə də ondan sonrakı eskalasiyalarda Azərbaycan Ermənistanın hava hücu­mundan müdafiə qoşunlarının texniki vasitələrinin çoxunu sıradan çıxarıb. 
Fransanın Ermənistana verdiyi si­lah-sursat və hərbi avadanlıqların, o cümlədən, belə demək mümkünsə, Lekornyu – Papikyan paktında nəzər­də tutulanların miqyası Parisin İrəvanı gerçək savaşa hazırladığı barədə fikir yürütməyə imkan verir. Fransız media­sı məsələyə bir qədər fərqli aspektdən yanaşaraq, bəlkə özü də fərqinə var­madan bu rəyi formalaşdırır. Məsələn, “Le Monde” qəzetini götürək. Qəzet Fransa – Ermənistan hərbi sazişinin imzalanmasından sonra yayımladı­ğı məqalədə bu müqaviləyə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, Fransanın Ermənistana dəstə­yi üçün təlimlərin də daxil olduğu xa­tırladılıb və ikincinin bu xərcləri necə ödəyəcəyi məsələsini gündəmə gətirib. “Le Monde”nin yazdığına görə, məsələ Ukraynaya hərbi yardımda olduğu kimi, yalnız silah tədarükündə deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdədir: “Amma İrəvanın on­ların pulunu necə ödəyəcəyi hələ mə­lum deyil”. 
Əlbəttə, Ermənistanın heç bir vəsa­iti yoxdur ki, Fransa ilə hərbi əməkdaş­lıq çərçivəsində ondan aldığı silahların dəyərini ödəyə bilsin. Bu, bir daha onu göstərir ki, Ermənistanın silahlandırıl­ması məsələsi siyasi məzmun daşı­maqdadır və qlobal məqsədlərə köklə­nib. Görünür, Qərb dünyası Fransanın sabiq prezidenti Fransua Ollandın iki ay əvvəl söylədiklərindən nəticə çıxarıb. Olland vurğulamışdı ki, Ermənistanı tərk etmək Fransa üçün rəzalət, Avropa üçün isə utanc hesab edilər. Mövcud kontekstdən yanaşsaq, Fransa Sena­tının çağırışı utancdan və rəzalətdən xilas olaraq qiymətləndirilə bilər. Görü­nür, bu xilas İrəvanı yeni müharibəyə hazırlaşdırmaq “vəzifəsini” müəyyən­ləşdirməkdədir. Əlbəttə, Senat Ermə­nistanı nəinki utanca və rəzalətə, eyni zamanda, böyük fəlakətə sürüklədiyinin fərqinə varmamaqda sərbəstdir. 
Ə.RÜSTƏMOVXQ

Seçilən
210
50
Mənbələr
Şərh ()
Bağla