344 səhifə və 500 sayla çap edilən “Laçın folkloru” kitabında vaxtilə mərhum ziyalımız Kamil Vəlinin redaktor kimi yazdığı “Ay Laçın...” yazısı və tərtibçinin “Yük” adlı ön sözü təkrar yer almışdır...
Tanınmış şair İlham Qəhrəmanın bu günlərdə “OL” MMC nəşriyyatında daha iki kitabı işıq üzü görüb. Nəşrlərdən biri “Laçın folkloru”, digəri isə “Qəmin eşqi” adında şeirlər kitabıdır.

Bu haqda müəllifin özü Moderator.az saytına verdiyi açıqlamada danışıb.
AMEA Elmi şurasının qərarı ilə şairin son onilliklər boyu məcburi köçkün laçınlılardan toplayıb tərtib etdiyi “Laçın folkloru” kitabının ikinci nəşri də baş tutub. 2009-cu ildə çap edilən eyni adlı kitabdan fərqli olaraq bu nəşrə yeni əlavələr edilib. Əlavələr həm yeni folklor janrları, həm də əvvəlki janrlara yeni mətnlərin daxil edilməsi şəklində olmuşdur. Oxucular birinci kitabda gedən folklor nümunələriylə bərabər “Xıdır Nəbi Bayramı haqqında”, “Üzərlik haqqında deyimlər”, “Axırıncı Çərşənbə haqqında”, “İlin aylarının milli adları”, “Həftənin günlərinin milli adları”, “Laçında işlənən dialekt və şivə sözlər” və s. yeni bölmələrlə tanış ola biləcəklər. 344 səhifə və 500 sayla çap edilən “Laçın folkloru” kitabında vaxtilə mərhum ziyalımız Kamil Vəlinin redaktor kimi yazdığı “Ay Laçın...” yazısı və tərtibçinin “Yük” adlı ön sözü təkrar yer almışdır...
Qeyd edək ki, “Laçın folkloru” İlham Qəhrəmanın folklor sahəsində toplayıb tərtib etdiyi 7-ci kitabdır.
Kitabın rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovdur. Korrektoru Nigar İlhamqızı (filoloq) olan ikinci nəşrin mətn dizaynı Rahilə Şamilqızına, qapaq dizaynı isə Rafael Qasıma məxsusdur. Regional folklor seriyasından olan “Laçın folkloru” kitabı xalq dilimizin bədii-estetik gözəlliyini və məna zənginliyini özündə əks etdirməklə folklor araşdırmaçıları, filoloqlar, tələbələr və geniş oxucu kütləsinə ünvanlanmışdır...
Müəllifin sözlərinə görə, növbəti “Qəmin eşqi” kitabı şairin poeziya sahəsində oxucularla 12-ci görüşüdür. Bundan əvvəl onun “Gülüm yarpıza döndü”, “Ağlama ququşu”, “Ey dil”, “Sevgi durna çırağıdır”, "Ağlama, qələm eşidir", “Şairin vətəni sevgidir”, “Bir adamlıq şəhər”, “Dəyirmanın su dərdi” (Bakı), “Əsir dağlar” (Tehran), “Məni bizə gətir” (Təbriz ), “Ulduzlu gecə” (Tbilisi) şeir kitabları işıq üzü görüb.

Ədəbiyyatşünas Məti Osmanoğlunun “Orada, yurd yerində...” adlı ön sözüylə açılan “Qəmin eşqi” kitabında İlham Qəhrəmanın son illər qələmə aldığı poetik nümunələr toplanmışdır. Şair əvvəl olduğu kimi bu kitabında da şeirləri məzmununa görə bölmələrə ayırmışdır. “Səndən dolayı”, “Mənim dərdim ayrı dərddir”, “Təcnis və cinaslar”, “Dülgər taxta yonur, mən söz yonuram”, “İnsan mənzərələri”, “Bəy budaqlar” və “Gözün aydın olsun, Laçın” kitabdakı bölmə adlarıdır. Bədii tapıntılar, özünəməxsus obrazlar, orjinal ifadə tərzi bu kitabdakı şeirləri səciyyələndirən başlıca cəhətlərdir. 1000 sayla, 176 səhifədə çap edilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur...
Son olaraq İlham Qəhrəmanın oxucularına və ümumiyyətlə, poeziya, folklor həvəskarların bu məlumatı da çatdırırıq:
Şairin haqqında bəhs etidyimiz hər iki kitabının təqdimat və imza günü aprelin 18-i – cümə günü, saat 14:00-da Atatürk Mərkəzində olacaq. Tədbirə qoşulanlar adı çəkilən kitablarla yanaşı, “Laçın lətifələri”, “Dəyirmanın su dərdi”(bayatılar), “Bir adamlıq şəhər”, “Laçın 100 Ədəbi Antologiya” kitablarını da şairin imzasıyla əldə edə biləcəklər.
Tədbirə giriş sərbəstdir.
Moderator.az