AZ

Bir insan bəs edər...

Aynur ƏDİL

İnsanlar nə qədər təkliyə qapılıb, yalnızlıq adlı yoluxucu xəstəliklə özlərini xoşbəxt hiss etsələr də, əvvəl-axır öz ruhlarının dərmanlarını axtarmağa başlayırlar. Hər şeyin bir sonu və artıq darıxdırıcı mərhələyə çatdığı dönəm olduğu kimi, yalnızlıqla da vidalaşmaq zamanı çatır bir gün. Artıq kimsəsiz, yarımçıq, yorğun və tənha qalmış ruhuna dərman axtarmağa başlayırsan. Hansı ki bu dərman çox sevib bəyəndiyin bir kitabın cümlələrində özünü tapmağından doğan xoşbəxtlik, bəzən dilinə gətirə bilmədiyin hisslərin hansısa mahnının sözlərində əks olunması, bəzən isə saatlarla izlədiyin bir tamaşanın həyatında qalan keçmiş izləri sənə yenidən xatırladaraq dünən və bugün arasında bağ yaratması ola bilər. Lakin zənnimcə, bir insan üçün misilsiz xoşbəxtlik onu izləyib dinlədiyi zaman özünü tapdığı insandır. Hər kəs bu hissi, əminəm ki, bir dəfə də olsun mütləq bir insanın səsində hüzuru tapıb illərin yorğunluğunu, haqsızlığını, həyatın və taleyin başına açdığı min-bir oyundan doğan məyusluq hissini unuduğu anı yaşayıb... Bir səs bütün hüceyrələrinə kimi səni xoşbəxt etsin - qanadın olmasa belə, səmalara qərq olmağın həzzini yaşayasan... Və nəticə etibarilə elə bir insan olur ki, sənin həyatında o gələnə kimi əslində yaşamadığının fərqinə varırsan. Anlayırsan ki, həyat və sevgi ilə yaşamaq insana bəxş edilən ən ali hissdir. Ürəyinin ritmi dəyişir, gözlərindən yeni pəncərə açılır dünyaya. Hesab edirsən ki, sənə tərəf gələn həmin kəs sənə yeni nəfəs verir, yeni həyat bəxş edir. Bir zaman əyri gördüklərin düz, pis gördüklərin yaxşı, çirkin hesab etdiyin hər şey gözəl görünür gözlərində. İşıqlı və parlaq pəncərələr açılır önündə - hansı səmtə boylansan, ilin dörd fəslini sənə yalnız güllü-çiçəkli yazı yaşadan kimi... Ömrünün hər anı ancaq baharı hiss edir daxilində. Xoşbəxtlik sənin həyatında əsas rol oynamağa başlayır və anlayırsan ki, axtarmalı olduğun kəs gözləmədiyin anda özü səni taparaq dərman olub ruhuna. Artıq səhərlər doğan Günəş, gecələr pəncərənə boylanan Ayda belə həyatına məna qatan insanın simasını hiss etməyə başlayarsan. Xoşbəxtlik bütün varlığına elə hakim olar ki, dağı dağ üstünə qoyacaq güc hiss edərsən özündə. Səni xoşbəxt edən və ruhuna dərman olan insan bütün həyatını müsbətə dəyişər. Bəzən hər şeydən, hər kəsdən, hətta ən sevdiyin məşğuliyyətlərdən belə, yorulub sadəcə başını qoymağa bir çiynə ehtiyacın olar. Və sən o çiynə başını qoyub gözlərini yumduqdan sonra özünü hüzurun zirvəsində hiss edərsən. Bəzən isə darıxdırıcı bir zamanda yanaqlarının sığallanması belə qəm-qüssəni səndən uzaqlaşdırar. Sən o insanı qucaqladığın zaman sadəcə sevdiyin kəsi yox, bütün kainatı ağuşuna aldığını hiss edərsən. Hətta yarımçıq qalan uşaqlıq hisslərini belə onunla birgə tamamlayarsan. Uçurumun kənarından dünyaya boylanıb tamamilə tükəndiyini hiss etdiyin zaman onun bir cümləsi ilə yaşamaq həvəsinin yarandığını və ümidin var olduğunu düşünərsən. İllərlə sandıqdan çıxmayan, köhnəlmiş əşyalartək qabıq qoyan yaralarını belə sağaltmağa bir insanın varlığı bəs edər...






















Bizi İnstagramda izləyin

Seçilən
293
40
Mənbələr
Şərh ()
Bağla