AZ

PUTİN DAHA BİR “TƏHLÜKƏ MƏNBƏYİ” TAPDI VƏ HƏDƏLƏDİ - “Onlarla heç bir problemimiz yox idi, indi isə olacaq...”

“Rusiya bəzi ölkələr kimi kolbasa müqabilində öz suverenliyindən imtina edə və kiminsə satelliti ola bilməz”

2024-cü ilin martında keçiriləcək seçkiyə hazırlaşan Vladimir Putin öz seçki kampaniyanısını gözlənildiyi kimi, Qərbdən və NATO-dan gələn “təhlükə” üzərində qurub. Özünün ucsuz-bucaqsız ərazilərinə tam nəzarət edə və bu ərazilərdə, xüsusilə də Moskva və Sankt-Peterburqdan kənarda yaşayan rusiyalıların normal həyatını təmin edə bilməyən Putin Ukrayna torpaqlarına göz dikməsinə, bunun üçün qanlı, çoxsaylı itkilərlə müşayiət olunan uğursuz bir savaşa başlamasına haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirməkdə davam edir. Bu bəhanələrin ən öndə gələni isə həmişəki kimi, guya Rusiyanın suverenliyinə, təhlükəsizliyinə yaranan təhdidlərdir. Həmin təhdidlər isə, guya Qərbin əli ilə Ukraynadan, onun artıq qanlı savaşın bir çox faciələrlə, itkilərlə üz-üzə qoyduğu kasıb, çarəsiz Ukrayna xalqından gəlirmiş...

İndi Putin daha bir “təhlükə mənbəyi” tapıb – Finlandiya!

Rusiya başçısı yeni çəkilən “Moskva. Kreml. Putin” adlı sənədli filmdəki müsahibəsində Finlandiyanı hədələyib: “Onlar götürüb Finlandiyanı NATO-ya sürüklədilər. Finlandiya ilə heç bir problemimiz yox idi, indi isə olacaq. Çünki biz indi orada Leninqrad Hərbi Dairəsi yaradacağıq və müəyyən hərbi hissələri ora cəmləşdirəcəyik”.

Putinin sözlərinə görə, Rusiya ilə Finlandiya arasında bütün mübahisələr, o cümlədən ərazi xarakterli mübahisələr 20-ci əsrin ortalarında həll olunub. Bundan sonra guya iki ölkə arasında “ən mehriban, ən səmimi” münasibətlər yaranıb.

Xatırladaq ki, söhbət İkinci Dünya Müharibəsindən əvvəl SSRİ-nin Finlandiya ərazilərini işğal etməsindən gedir və Finlandiya Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsini görəndən sonra özü NATO-ya üzvlük üçün müraciət edib.

Kremlin “qardaş xalq” adlandırdığı Ukraynaya qarşı törətdiyi hərbi cinayətləri və açıq-aşkar işğalçılıq niyyətlərini müşahidə edən Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsi əlbəttə ki, təbiidir. Putinin buna görə Finlandiyanı qınaması və hədələməsi isə Kremlin son illər yürütdüyü açıq irticaçı siyasətin növbəti təzahürüdür...

Seçilən
210
50
Mənbələr
Şərh ()
Bağla