AZ

"Turacı" quş kimi süzdü, "Naz eləmə"yə naz qatdı: Rəqsin kraliçası Əminə Dilbazi

O, bütün rəqsləri duyğuları ilə idarə edirdi. Onun hiss etdikləri həmişə fərqli olurdu. Elə rəqslərində fərqliliyi, təbiiliyi də bunun hesabına özünü biruzə verirdi. Quş kimi süzməyi, incə plastikası ona ayrı bir gözəllik bəxş edirdi. Ömrünü həyatı qədər sevdiyi rəqs sənətinə, milli rəqslərimizin təbliğinə həsr edən, rəqs sənətinin kraliçası Əminə Dilbazinin bu gün doğum günüdür.

Publika.az əfsanəvi rəqqasə, Xalq artisti Əminə Dilbazi ilə bağlı maraqlı məqamları təqdim edir.

Əminə Dilbazi 1919-cu il, dekabrın 26-da Qazax mahalında dünyaya gəlib. dünyaya gəlib. Beş yaşında böyük qardaşı Cavanşirin xəstəliyi ilə əlaqədar olaraq ailəsi Bakıya köçür. Həkimlərin səylərinə baxmayaraq, qardaşının həyatını xilas etmək olmur. Qardaşının vəfatı ilə Əminənin həyatında bambaşqa bir səhifə açılır. Atası "Bu gündən Əminə mənim oğlum Cavanşirdir” deyərək, onu oğlan kimi böyüdür, saçlarını kəsdirib, ona oğlan paltarları geyindirir. Elə buna görə də, Əminə Dilbazi uşaqlıqdan idmana - yüngül atletikaya maraq göstərir, yarışlarda birincilik qazanır.

Əminə Dilbazi tale yazısına çox inanırdı. Bəlkə də elə bu səbəbdən idi ki, həyat onun qismətinə idmançı olmağı deyil, rəqqasə olmağı yazır. 1935-ci ildə rəqqas Əşrəf Səfərovun təşəbbüsü ilə keçirilən rəqs müsabiqəsində iştirakı onun rəqqaslıq fəaliyyətinə yol açır. Xalq Rəqs Ansamblının yaradılması məqsədilə keçirilən müsabiqədə Əminə xanım xüsusi qabiliyyəti ilə fərqlənir və həmin ildən ansamblda fəaliyyətə başlayır. Elə həmin il Əminə Dilbazi Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" musiqisi əsasında ilk rəqsini qurur və ifa edir. Dahi bəstəkar gənc rəqqasənin ifasından xüsusi bir zövq alır, hətta ona zəng edərək bu rəqsi dövlət konsertinin proqramına salacaqlarını da bildirir. Beləcə başlayır gənc rəqqasənin uğur hekayəsi.

Əminə Dilbazi sonralar xareoqraf kimi bir çox filmlərdə, o cümlədən "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində, "Leyli və Məcnun" , "Arşın Mal Alan" və "O olmasın bu olsun" musiqili komediyalarında müxtəlif rəqslərə quruluşlar verib.

O milli rəqslərimizə yeni-yeni çalarlar gətirir və onları orijinal ifa üslubu ilə xeyli zənginləşdirirdi. “Vağzalı” rəqsində əllərində stəkan tutaraq süzməsi, qavalla rəqs ideyasının müəllif məhz gənc Əminə olub. Onun fərdi ifa tərzi var idi. "Turacı”, "Tərəkəmə”, "Naz eləmə”, "İnnabı”, “Uzundərə”, “Ceyran Bala” rəqsləri onun ifasında özünəməxsus zəriflik və incəliklə təqdim olunurdu.

Seçilən
307
46
Mənbələr
Şərh ()
Bağla