AZ

Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Tarix yazan qəhrəman" adlı tədbir keçirilib

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Biləsuvar Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Tarix yazan qəhrəman" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir qəhrəmanın adını daşıyan təhsil kompleksində baş tutub.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri, Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlu 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil alıb.

2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib. M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Həmin gecə - 18 iyun tarixində səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Tərtər rayonu istiqamətində düşmən mövqeyində şəhid olan Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Bir gün sonra, noyabrın 7-də şəhid Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Seçilən
333
29
ikisahil.az

10Mənbələr