AZ

Mübariz Mənsimovun “Xəzər Lənkəran”ı nə vaxt  bərpa edəcəyi dəqiqləşdi – SON DƏQİQƏ

“Xəzər Lənkəran” Mərkəzi Stadionunun təmirə bağlanması haqda yaydığımız xəbər günlərdir medianın gündəmini «zəbt edib».

Saytımızıa məxsus informasiyanın əks-sədası respublikanın dörd bir tərəfinə yayılıb, hətta onun hüdudlarını aşıb.

Xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə yaxın günlərdə başlanılacaq:

Stadionun sahibi olan “Palmali”nin baş ofisindən bildirilib ki, şirkətin Bakı ofisinə bununla bağlı tapşırıq verilib:

“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik təmir üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq.

Hazırda yenidənqurma işləri üçün xərclər hesablanır. Mart ayından işlərə start veriləcək”.

İndi hamını bu sual düşündürür? Mübariz Mənsimov yaradıcısı olduğu “Xəzər Lənkəran”FK-nı bərpa edəcəkmi?

"Palmali Holding"in İstanbul ofisinin mətbuat katibi Fidan Quliyeva deyib ki, bu, stadionun təmirindən sonra müzakirə ediləcək:

"Xəzər Lənkəran"ın fəaliyyətini bərpa etməsi istisna deyil. Bilirsiniz, Mübariz Mənsimov bunu hər zaman istəyib. Bu məsələ gündəmdədir".

"Xəzər Lənkəran" 2004-cü ildə yaradılıb və 2016-cı ildə fəaliyyətini dayandırıb. Klubun bərpası son 2 ildə dəfələrlə gündəmə gətirilib.

Ən müxtəlif səviyyələrdə. Türkiyədə yaşayan iş adamının özü də belə bir dönüşün mümkünlüyü haqda danışıb. Və bu gün yenidən mövzu ətrafında polemikanın güclənməsi...

Qətiyyən təsadüf deyil! Stadionun təmiri üçün martın seçilməsi də o cümlədən.

Gələn ayın sonunda AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. Burada federasiyanın yeni prezidenti də seçiləcək.

Hələlik namizəd, yaxud namizədlərin heç biri öz iddiasını ortaya qoymayıb.

Bircə o dəqiqdir ki, Rövnəq Abdullayev bu dəfə seçkilərə qatılmayacaq. SOCAR-ın sabiq prezidenti 2008-ci ildən başında dayandığı AFFA-da son günlərini keçirir.

Neft şirkətinin eks şefi ardıcıl 5-ci müddətə AFFA-ya rəhbərlik etməyəcəyi perspektivi ilə barışıb. Onun dayaqları günbəgün zəifləməkdədir.

Mövcud vəziyyət M.Mənsimovun xeyrinə işləyən kimi görünür. Bəllidir ki, dənizçilik maqnatı klubu məhz R.Abdullayevlə münasibətlərinin korlanması səbəbindən bağlayıb.

Tərəflər arasında inciklik 2014-cü ildə başlayıb və çanaq sonda «Xəzər Lənkəran»ın başında çatlayıb.

Keçmiş dostların arasında gərginliyin yaranması nəticəsində Mənsimov futbol sektoruna maliyyə dəstəyini tədricən azaldıb və axırda da əlini «ağ-yaşıllar»ın üzərindən tamamilə çəkib.

Rövnəq Abdullayevin AFFA-da qalmayacağı dəqiqləşsə, Mübariz Mənsimov klubun bərpası istiqamətində real addımlar atacaq. Əks halda…

Bəlkə də «Xəzər Lənkəran»ın qayıdışı məsələsi birdəfəlik qapanacaq və bir daha müzakirə predmeti olmayacaq.

SPORTİNFO.AZ

Seçilən
189
50
sportinfo.az

10Mənbələr