AZ

Netanyahudan rəqiblərinə qarşı demarş – Qəzza müharibəsinin siyasi cəbhəsində nələr baş verir?

Qəzzada Ramazan ayında atəşkəs əldə etmək mümkün olmadı. Halbuki həm amerikalılar, həm də onların ərəb müttəfiqləri Ramazan ayına qədər atəşkəsin əldə olunacağını deyirdilər.

Əslində, İsrail və Həmas rəhbərliyi də atəşkəsə çox yaxın və maraqlı görünürdülər.

Lakin belə demək olar ki, son anda tərəflər razılaşa bilmədilər. Və hazırda İsrail 3 gündür Ramazan ayı daxil olmasına baxmayaraq, Qəzzanı bombalamaqda davam edir. Daha pisi də odur ki, İsrail ordusu Qəzza və Misir arasında sərhəddə yerləşən Rəfah şəhərinə hücuma hazırlaşır.

refah_twmedia.jpg

Ötən gün Hollandiya baş naziri Rutte ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, ordunun Rəfah şəhərinə hücumu “qələbə üçün xüsusi əhəmiyyət kəsb edir”.

İsrailin baş nazirinin qəflətən Rəfahı yada salması və bu şəhərdə əməliyyatdan imtina etməyəcəklərini deməsi təəccüb doğurub. Çünki bir neçə gün əvvələ qədər Netanyahu Həmasla Ramazan ayında atəşkəsə çox istəkli görünürdü. Belə görünür ki, İsrailin baş naziri Rəfah əməliyyatını xatırlatmaqla kimlərəsə mesaj verir və ya meydan oxuyur.

Məsələ ondadır ki, İsrailin baş nazirinin məlum bəyanatından bir neçə saat əvvəl ABŞ-da dərc olunan “Amerikan Politico” qəzeti amerikalı rəsmilərə istinadən yazmışdı ki, İsrail Vaşinqtonla razılaşdırmadan Rəfaha hücum edərsə o zaman Bayden İsrailə silah yardımına yenidən baxa bilər.

Həmçinin içərisində Berni Sandersin olduğu 8 amerikalı senator prezident Baydenə müraciət edərək Qəzzaya qarşı amansız bombardmanları davam etdirdiyi üçün İsrailə hərbi yardımları dayandırmağa çağırdılar.

65ee247c2051f65ee247c20520171010.jpg

Maraqlıdır ki, bir neçə gün əvvəl prezident Bayden özü də MSNBC kanalına verdiyi müsahibədə İsrailə dəstəkləməyə davam edəcəyini, ancaq Rəfah əməliyyatına “qırmızı xətt” olaraq gördüyünü deyib. Senatorların müraciətindən və prezident Baydenin xəbərdarlığından dərhal sonra İsrail baş naziri Rəfaha hücum etməkdən imtina edilməyəcəyini bildirməklə, əslində Vaşinqtona meydan oxuyur.

Belə görünür ki, ABŞ-ın Netanyahuya qarşı İsrail daxilində siyasi qüvvələri ayağa qaldırması İsrail hökumət başçısının qəzəbinə səbəb olub. Məsələ ondadır ki, Vaşinqton ABŞ-ın Yaxın Şərq və Fələstin siyasətinə əsas maneə olaraq Netanyahu və onun sağçı hökumətini görür.

Hətta ABŞ prezidentinin bir qədər əvvəl “Netanyahunun İsrailə faydadan daha çox zərər verdiyini” deməsinin arxasında yatan məna budur. Belə görünür ki, Vaşinqtonun Netanyahuya təzyiqləri artırması və onu baş nazir postundan uzaqlaşdırmağa cəhd etməsi ehtimalı İsrail hakimiyyətini qəzəbləndirib. Vaşinqton Netanyahu hökumətinin həddən artıq sərt davranışları ilə ABŞ-ın bütövlükdə region siyasətinə zərbə vurduğunu düşünür.

Maraqlıdır ki, İsrail müxalifətinin lideri, hazırda İsrailin hərbi hökumətinin üzvü, ana müxalifət lideri Benni Qantz bu ayın əvvəlində Vaşinqtona səfər edib. Səfər zamanı ABŞ dövlət rəsmiləri, o cümlədən vitse-prezident Kamala Harrislə görüşən Qantzı Netanyahunun yerinə hazırlanması xəbəri yayılmış, paralel olaraq Netanyahunun ofisinin İsrailin ABŞ-dakı səfirinə Qantzın Amerika səfərində dəstək verməməsi barədə təlimat verdiyi xəbərləri yayılmışdı.

Benjamin-Benny-Gantz-speaks-New.jpg

Benni Qantzın İsrailin növbəti baş naziri olması ilə bağlı iddiaları gücləndirən daha bir hadisə isə dünən baş verdi. B.Qantzın lideri olduğu “Mavi-Ağ” koalisiyasında təmsil olunan keçmiş ədliyyə naziri Gideon Saar Qantzın lideri olduğu “Mavi və Ağa” koalisiyasından çıxdığını, koalisiyanın dağıldığını elan edib. Beləliklə, Netanyahu potensial rəqibinə zərbə vurmaqla həm də onu devirməyə çalışanlara hələ güclü olduğu mesajını verib.

Göründüyü kimi, hazırda müharibə yalnız Həmas silahlıları ilə İsrail ordusu arasında getmir, həm də böyük paytaxtların qarışdığı siyasi oyunlar gedir. Və bütün bunların kölgəsində hər gün onlarla günahsız insanın həyatına son qoyulur. Bütün bunların fonunda Şərq artıq o qədər də incə məsələ deyil.

Kənan Rövşənoğlu

 

 

Seçilən
185
20
musavat.com

10Mənbələr