AZ

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Gürcüstan

Tbilisi, 3 may, AZƏRTAC

Gürcüstan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Tbilisidəki etiraz aksiyaları ilə bağlı bəyanatına sərt cavab verib.

AZƏRTAC xəbər verir ki, rəsmi Tbilisi Fransa XİN-in bəyanatının təəssüf doğurduğunu bildirib və qarşı tərəfi qeyri-obyektivlikdə günahlandırıb.

Gürcüstan XİN-in bəyanatında deyilir: “Hüquq-mühafizə orqanlarının Tbilisidəki kütləvi aksiyalara reaksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin bəyanatına cavab vermək istərdik. Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir. Siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən aqressiv qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, ən yüksək insan haqları standartlarına uyğun hərəkət edib. Sizi Gürcüstandakı hadisələri yaxından izləməyə dəvət edirik. Bəyanatınız obyektiv olmadığı üçün təəssüf edirik”.

Qeyd edək ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyi dünən bəyanat yayaraq Gürcüstan hakimiyyətinin əhalinin istəklərinə uyğun olaraq Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində səylərini davam etdirməli olduğunu bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

Seçilən
143
10
azertag.az

10Mənbələr