AZ

Özünü çar Pap elan edən Paşinyan keşişlərə yeni cəbhə açdı

Image

Azərbaycanla sərhədin müəyyən edilməsi istiqamətində Ermənistanda atılan addımlar yenə bu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqdadır. Müxaliflərin və kilsənin buna əngəl olmaq cəhdləri isə, belə görünür ki, iflasa uğramaqdadır. Bu fonda Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsi ilə bağlı səsləndirdiyi fikirlər hakimiyyətin məsələdə qətiyyətli olduğunu göstərir.

Paşinyan deputatlardan birinin sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığına dair sualına cavab olaraq deyib ki, söhbət SSRİ-nin dağılması anında olan de-yure sərhədlərdən gedir və heç bir yeni xəritə tərtib olunmur: “1988-ci ilin demarkasiya işlərindən çox danışılır. Birincisi, bir daha vurğulayıram: burada nə vaxtsa və hansısa bir şəkildə görülən iş təsdiqlənir. Bu təsvirə görə həmin iş de-yure qüvvəyə minməyib, çünki hüquqi prosedurdan keçməyib. Yəni hüquqi gücü yoxdur. İkincisi, bu işin əsasında heç bir xəritə yaradılmayıb”. Paşinyan parlamentdəkilərə SSRİ baş qərargahının 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilə aid xəritələrini göstərib: “Çox təfərrüatlı bir iş görərək biz xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrlərini təsvirləmişik. Biz Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində SSRİ-nın dağılması zamanında de-yure hüquqi gücü olan xəritələr əsasında demarkasiya aparmışıq”. Baş nazir əlavə edib ki, bu təsvir xəritələri tam 19 səhifədən ibarətdir. Paşinyan bir daha bəyan edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Baş nazir vurğulayıb ki, tarixi Ermənistan ideyasının daşıyıcıları bu məntiqi başa düşməlidirlər. O, çıxışında müxalifətə işarə edərək “bəzilərinin gözləntilərindən” bəhs edib və deyib ki, belə mövqe birbaşa qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır: “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər. Baxın, real və tarixi Ermənistan arasında olan fərq budur. Onlar istəyirlər ki, real Qafanda oturan adamlar Zəngilan və ya onların sözlərilə desək, Sanasar haqqında xəyallara qapılıb real Qafanı itirsinlər. Bu konseptual müzakirədir. Real Ermənistan gələcəkdir. Biz deyəndə ki, gələcək var, gələcək elə budur”. Paşinyan sözünə davam edərək deyib: “Real Ermənistan konkretdir. Biz onun sərhədlərini bilirik və biz səhərdən axşamadək kiməsə ağız açıb “təhlükəsizliyimizi qoruyun” deməkdənsə, onun təhlükəsizliyini təmin edirik. Öz legitim mövqeyimizdə dururuq”.

 Paşinyan erməni kilsəsinin tənqidindən də yan keçməyib. O deyib ki, kilsə onun təklif etdiyi təhlükəsizlik sisteminə qarşı çıxmaqla Ermənistanı qanuni hədəfə çevirir. Paşinyan yarızarafat deyib ki, Ermənistan suverenliyini itirəndən sonra onun yerində 10 vilayət əvəzinə 10 kilsə  yeparxiyası olacaq: “Erməni xalqının tarixdə belə bir təcrübəsi olub. Erməni ruhanilər orta əsrlərdə Bizans imperiyasına səfər edib orda erməni katolikosları kimi titul alırdılar, Ermənistana qayıdandan sonra isə nüfuz agentinə çevrilirdilər. Görünür, onlarda bu xasiyyət hələ dəyişməyib. Amma biz bu məsələni iki-üç aya həll edəcəyik”. Baş nazir daha sonra tarixə ekskurs edərək deyib ki, erməni çarı Pap bu məsələni kökündən həll etmək istəyirdi, amma bu proses onun qətli ilə yarımçıq qaldı: “Çar Pap bir daha heç vaxt öldürülməyəcək. Ruhanilər əyinlərinə hansı əbaları geyinsələr də, yaxalarından neçə kiloluq xaç assalar da, çar Pap bir daha öldürülməyəcək. Ermənistan dövləti öldürülməyəcək. Ermənistanın baş naziri kimi mən kral Papın öldürülməyəcəyinə zəmanət verirəm”. Paşinyan çar Pap mövzusuna bundan əvvəl də bir neçə dəfə müraciət edib. Ermənistan tarixində “Böyük Ermənistanın çarı” kimi təqdim olunan Papın (353-374-cü illər) İran şahı II Şapurun və Bizans imperatoru II Valentinin hökmranlığı zamanı padşahlıq etdiyi deyilir. Pap Ermənistanın istər İrandan, istərsə də Bizansdan asılılığına son qoymaq istəyib. Tarixdə yazılanlara görə, Pap həm də kilsənin ağalığı ilə mübarizə aparırdı. Bundan əvvəl şahlar və kilsə arasında ziddiyyətlər olsa da, monarxlar heç vaxt kilsənin əmlakına əl qoymayıblar. Deyilənlərə görə, bunu ilk dəfə Pap edib. O, hakimiyyəti dövründə kilsəyə aid torpaqların böyük bir hissəsini müsadirə edib. Yenə də tarixi mənbələrdə yazılanlara görə, Pap iki imperiya arasında müstəqillik siyasətini sonadək davam etdirə bilməyib və imperatorun əmri ilə Roma sərkərdəsi Trayan tərəfindən qətlə yetirilib. İndi Paşinyan onun kilsə ilə bağlı siyasətini davam etdirmək istəyir. Ermənistan parlamentinin spikeri və Nikol Paşinyanın ən yaxın siyasi müttəfiqlərindən biri olan Alen Simonyan da erməni kilsəsini siyasətə qarışmaqda ittiham edib. Kilsəni son günlərdə keçirilən antihökumət aksiyalarını qızışdırmaqda günahlandıran spiker iddia edib ki, kilsə vergi ödəmir: “Kilsə siyasətə qarışmamalıdır. Siyasət ticarətdir. Sən seçki siyahısını tərtib edəndə ticarət edirsən. Erməni kilsəsi öz işi ilə məşğul olmaqdansa, belə ticarətlə məşğuldur”. Erməni kilsəsinin əsas iqamətgahı olan Eçmiədzin və hakimiyyətə qarşı etiraz aksiyalarına başçılıq edən Tavuş arxiyepiskopu Baqrat Qalstanyan Simonyanı “yalan danışmaqda” ittiham edib. Qalstanyan bildirib ki, kilsə nəinki vergi ödəyir, hətta sovet dövründə itirdiyi mülkiyyətə görə hökumətdən heç bir kompensasiya almayıb. Onu da xatırladaq ki, Erməni kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün İrəvana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan edib. Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər. Qalstanyan erməni kilsəsinin rəhbəri  katolikos II Qareginlə iki gündən bir görüşərək vəziyyəti onunla müzakirə etdiyini etiraf edib. Qaregin və erməni kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi. Bu fonda Baqrat Qalstanyan etiraz aksiyalarını daha da genişləndirmək məqsədilə Qarabağın keçmiş separatçı liderləri və Qarabağ erməniləri ilə görüş keçirib. “Qarabağ parlamentinin spikeri” kimi təqdim olunan Qagik Bağunts deyib ki, onların məqsədi kimisə hakimiyyətdən salmaq deyil. Buna baxmayaraq, keçmiş separatçı liderlərdən bəziləri Paşinyan hakimiyyətinin istefasını tələb edən hərəkata dəstək bildirirlər. Bu isə Paşinyanı daha da qəzəbləndirir.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
baki-xeber.com

10Mənbələr