AZ

COP29: dünya və ölkəmiz üçün gözləntilər

Dinamik iqtisadi artım həm sənaye, həm də xidmət sahələrinin fəaliyyəti üçün zəruri olan enerjiyə tələbatın artması ilə birbaşa bağlıdır. Geniş şəkildə müəyyən edilmiş sənaye istehsalı, kənd təsərrüfatı və emaldan, eləcə də nəqliyyat kimi müxtəlif xidmətlərdən tutmuş elektrik avadanlıqlarına qədər bu sahələrin hər biri qiqavatlarla elektrik enerjisi istehlak edir. Təəssüf ki, enerjinin ənənəvi üsullarla istehsalı atmosferə çoxlu miqdarda istixana qazlarının buraxılmasına və ətraf mühitin ciddi şəkildə çirklənməsinə səbəb olur. Biz bu fəaliyyətin dağıdıcı nəticələrini, məsələn, daşqınların və qasırğaların tezliyinin artmasına, qütblərdə buz örtüyünün əriməsinə və ya bir çox bitki, heyvan növlərinin məhvinə təsir edən hava keyfiyyətinin pisləşməsi və qlobal istiləşmə şəklində görürük.

Təəccüblü deyil ki, uzun illərdir, həm ayrı-ayrı hökumətlər, həm də beynəlxalq təşkilatlar bərpa olunan enerji mənbələrinin sənayedə təşviqi və istifadəsinə diqqət yetirirlər.

Bu məqamda “Yaşıl enerji” və “Bərpa olunan enerji mənbələri” anlayışları aktual olmağa başlayır.

“Yaşıl enerji” termini bərpa olunan mənbələrdən əldə edilən enerjiyə aiddir.

Bərpa olunan enerji mənbələri (RES) elektrik və istilik enerjisinin istehsal olunduğu təbii ehtiyatların məcmusudur. Uzunmüddətli istismar bu resursların çatışmazlığına əhəmiyyətli təsir göstərmir, onların yenilənməsi qısa müddətdə baş verir.

Yaşıl enerjinin istehsal olunduğu bərpa olunan mənbələrə külək, günəş işığı, su, geotermal mənbələr, dəniz dalğaları, dəniz axınları və gelgitləri, biokütlə, bioqaz və biocərəyanlar daxildir.

Bərpa olunan yaşıl enerjinin ən məşhur mənbələri isə külək, günəş və sudur.

Qeyd etdiyimiz kimi, artıq dünyanın əksər dövlətləri qlobal istiləşmənin qarşısının alınması məqsədilə müxtəlif  qurum və təşkilatlarda birləşir, dünyanın və ətraf mühitin ekoloji cəhətdən xilas olunması üçün müxtəlif həll yolları axtarır, ümumi qərarlar qəbul edilir və tədbirlər görülür. Bunlardan biri də hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi “Tərəflərin Konfransı (COP)” tədbiridir.

COP “Conference of the Parties”, yəni “Tərəflərin Konfransı” bu il 29-cu dəfə keçiriləcək.

Tərəflər Konfransı (COP), Paris Sazişi üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi rəsmi tədbirləridir.

COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər.

Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. 

COP29-u əhəmiyyətli edən nüanslardan biri də belə bir mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsidir.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin, bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Bu məqamda COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur.

2000-ci ildən etibarən sessiyalar hər il dünyanın müxtəlif yerlərində keçirilir. Dubayda keçirilən COP28-də 140-dan çox ölkənin liderləri iştirak edib.

COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürsələr də, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda əvvəlcə Ermənistan, daha sonra Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.

11-22 noyabr tarixlərində Bakıda baş tutacaq COP29-da əsas hədəf qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunmasıdır. Tükənən imkanlar fonunda və gələcəyimizi qorumaq üçün əsas diqqət investisiyaların yatırılması məsələsinə yönəldiləcək. Əsas prioritet isə qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.

Sədrliyin COP29 planı bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşı istiqamətə əsaslanır. Ambisiyaların artırılmasını nəzərdə tutan birinci istiqamət bütün tərəflərin iddialı milli planlara və şəffaflığa sadiqliyini təmin etmək üçün əsas komponentləri özündə ehtiva edir. Fəaliyyətə təkan verməyi nəzərdə tutan ikinci istiqamət isə ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu əks etdirir.

COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. 

COP29-a qatılmaq üçün Azərbaycana təqribən 70-80 min xarici qonağın gələcəyi gözlənilir.

Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. 

Bu həm də dünyanın diqqətini iqlim siyasəti və vətəndaş cəmiyyəti məsələlərində regiona və Azərbaycanın özünə cəlb etmək imkanıdır.

Prezident İlham Əliyevin COP29-la bağlı müşavirədə qeyd etdiyi kimi:

“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Nuranə Abbasova

Bu yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
unikal.az

10Mənbələr