AZ

AVRO-2024: 1/8 final mərhələsini kimlər adlayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AVRO-2024-ün qrup mərhələsini adlayaraq adını 1/8 final mərhələsinə yazdıran komandaların mübarizəsinə iyun ayının 29-dan etibarən start veriləcək.
Oxu.Az xəbər verir ki, böyük maraqla gözlənilən 1/8 final mərhələsinin görüşlərində İsveçrə İtaliya ilə, Almaniya Danimarka ilə, İspaniya Gürcüstan ilə, Fransa Belçika ilə, Portuqaliya Sloveniya ilə, Rumıniya Niderland ilə, Avstriya isə Türkiyə ilə üz-üzə gələcək.
1/8 final mərhələsinin açılış matçında ilk olaraq İsveçrə ilə İtaliya seçməsi qarşılaşacaq. Qrup mərhələsini beş xal toplayaraq ikinci pillədə başa vuran isveçrəlilər güclü rəqiblə görüşdə meydana qələbə üçün çıxacaqlar. İspaniya, Xorvatiya və Albaniya seçmələrinin qərarlaşdığı qrupun son matçında xorvatiyalılarla 1:1 hesablı heç-heçəyə razılaşan İtaliya millisi bu turda isveçrəliləri yolundan kənarlaşdıraraq son Avropa çempionu titulunu təsdiqləməyə çalışacaq.
Almaniya Danimarka görüşündə isə turnirin ev sahibi olan komandanın növbəti mərhələyə adlama ehtimalının daha yüksək olduğunu deyə bilərik. Qrup mərhələsi çərçivəsində keçirilən görüşlərin hər birində uğurlu təsir bağışlayan almanlar Danimarka ilə görüşə daha rahat çıxacaqlar. Bunu deməyə əsas səbəblərdən biri də məhz danimarkalıların bütün görüşləri heç-heçə ilə başa vurmasıdır. Amma, hər halda İngiltərə seçməsi ilə görüşdə heç-heçə etmək də uğurlu nəticə sayıla bilər.
İngiltərə Slovakiya görüşünün favoriti sayılan ingilislərin də AVRO-2024-də müsbət təəssürat yaratdığını deyə bilmərik. Gənc ulduzlardan ibarət heyətə sahib olan İngiltərə seçməsinin dəyərinin 1,2 milyard avro olduğunu nəzərə alsaq, Danimarka, Sloveniya və Serbiya milliləri ilə qərarlaşdığı C qrupunda beş xal toplaması təbii ki, gözlənilməz nəticə idi. Qrup mərhələsində dörd xal toplayaraq ən yaxşı üçüncü kimi 1/8 final mərhələsinə adlayan slovakiyalılar əllərinə düşən fürsətdən layiqincə yararlanmağa çalışsalar da, İngiltərə ilə görüşdə qalib gəlmək elə də asan olmayacaq.
İspaniya Gürcüstan görüşünün favoriti ispanlar sayılırlar. Amma, turnirin sürpriz komandası olan Gürcüstan millisi ilə görüş İspaniya seçməsi üçün heç də asan olmayacaq. Qrup mərhələsində gözlənilmədən Portuqaliyanı 2:0 hesabı ilə məğlub edən Qafqaz təmsilçisi ispanlarla görüşdə də etimadı doğrulda bilərlər. İspaniya millisi isə AVRO-2024-ün favorit komandalarından sayıldığı üçün qalib gələrək statusunu təsdiqləməyə çalışacaq.
Gözlənilmədən Gürcüstan seçməsinə 0:2 hesabı ilə məğlub olan portuqaliyalılar bu turda Sloveniya seçməsi ilə qarşılaşacaqlar. Sloveniya seçməsi əlinə düşən bütün fürsətlərdən istifadə edərək Gürcüstan millisinin portuqaliyalılarla görüşdəki uğurunu təkrarlamaq niyyətindədir.
1/8 final mərhələsinin maraqlı görüşlərindən birində Fransa-Belçika qarşılaşması baş tutacaq. Belə ki, AVRO-2024-ə istəksiz başlayan Belçika seçməsi Fransa ilə görüşdə qalib gələrək azarkeşlərini sevindirmək istəyir. Turnirin digər uğursuz təsir bağışlayan komandalarından olan Fransa seçməsi də Kilian Mbappenin yoxluğunda buraxılan səhvləri sığortalayaraq daha əvvəlki çempionluq titullarını qorumağa çalışacaq.
Keçid alaq Rumıniya-Niderland görüşünə. Gözlənilmədən Belçika seçməsini məğlub edən və daha sonra növbəti mərhələyə adlamaq üçün düzgün addım atan rumıniyalılar Niderland seçməsi üçün əsl baş ağrısı olacaqlar. Niderland seçməsi isə ən yaxşı qrup üçüncüsü kimi adladığı 1/8 final mərhələsində daha inamlı təsir bağışlamağa çalışacaq.
Azərbaycanlı futbolsevərlərin bütün diqqəti isə Avstriya-Türkiyə görüşünə yönələcək. Bir tərəfdə Niderland, Fransa və Polşa kimi komandaları geridə qoyaraq 1/8 final mərhələsinə lider olaraq yollanan Avstiya millisi, digər tərəfdə isə Portuqaliya, Gürcüstan və Çexiya seçmələrinə qarşı mübarizə apararaq qrupu ikinci pillədə başa vuran Türkiyə milli komandası. Seçmə komandaların indiyədək keçirdikləri görüşlərə nəzər salsaq, türkiyəlilərin düzgün oyun texnikasından istifadə etmədiyini, avstriyalıların isə doğru yolda addımladığını görə bilərik. Amma, bəlkə də, Vinçenzo Montella qrup mərhələsində keçirilən görüşlərin hər birində bilərək komandasının zəif çıxış etməsini istəyib. İtaliyalı çalışdırıcı Türkiyə millisi ilə də elə "italiyansayağı", yəni müdafiə xarakterli oyun nümayiş etdirirdi. Amma, hər ələ keçən fürsəti qola çevirən Avstriya seçməsi ilə görüşdə müdafiə xarakterli oyun anlayışı türkiyəlilər üçün müsbət nəticələnməyə bilər.
29 iyun
İsveçvrə - İtaliya
Saat 20:00, "Olympia stadion"
Almaniya - Danimarka
Saat 23:00, "Signal Iduna Park"
30 iyun
İngiltərə - Slovakiya
Saat 20:00, "Veltins Arena"
İspaniya - Gürcüstan
Saat 23:00, "Rhein Energie Stadion"
1 iyul
Fransa - Belçika
Saat 20:00, "Merkur Spiel-Arena"
Portuqaliya - Sloveniya
Saat 23:00, "Deutsche Bank Park"
2 iyul
Rumıniya - Niderland
Saat 20:00, "Allianz Arena"
Avstriya - Türkiyə
Saat 23:00, "Red Bull Arena"
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
43
oxu.az

10Mənbələr