AZ

Yeni prezident İranda hansı dəyişikliklər edəcək? 

Xəbər verdiyimiz kimi, İranda keçirilən prezident seçkilərinin qalibi ikinci turda  mühafizəkar Səid Cəliliyə qalib gələn Məsud Pezeşkian olub.  İranın 9-cu prezidenti seçilən Məsud Pezeşkian türkəsillidir və güneyli soydaşlarımız arasında ona böyük rəğbət bəslənilir. M.Pezeşkianın İranda hakimiyyətə gəlməsi təkcə cənub qonşumuzda yox, həmçinin, ölkəmizdə də müsbət qarşılanıb. Bəs sözügedən durumu siyasi cəhətdən necə dəyərləndirmək olar?

 Millət vəkili Fazil Mustafa Məsud Pezeşkianın prezident seçilməsi ilə bağlı fikirlərini belə şərh edib:
“Bu hadisənin hər hansı bir formada türk dünyasına müsbət təsiri gözlənilmir. Çünki İranda hansısa prezidentin ölkənin sistemi, strategiyası ilə bağlı bir dəyişiklik yaratma imkanına sahib olmadığını bilirik. 

Bundan əvvəl də ruhani Hatəmi kimi liberal adı altında seçilənlərin fayda verəcəyini görmədik. Amma Məsud Pezeşkian bir az fərqli, daha çox cəmiyyətlə iç-içə olan obrazlardan biridir və bürokratiyanın içindən seçilən şəxs deyil. Bu səbəbdən onun müəyyən müstəqil gedişlərinin olması gözləniləndir. 

Amma İran sistemi ali dini liderin iradəsi ilə idarə olunduğuna görə burada hər hansı bir şəkildə müstəqil bir dəyişim etmək, yeni münasibətlər sistemi qurmaq mümkünsüzdür. Buna baxmayaraq, hər halda sözügedən duruma optimist yanaşmaq lazımdır. 

Məsud Pezeşkian İran cəmiyyətinin özü üçün faydalı ola biləcək addımlar ata bilər. Daha sonra İran və Qərb arasında olan gərginliyin azalması istiqamətində müəyyən işlər görə bilər. Bütün bunlar bir prezident olaraq onun istəyindən asılı olan məsələ kimi anlaşılmalıdır”. 

Deputat qeyd edib ki, yeni seçilən prezident Azərbaycanla İran arasında daha isti münasibətlər qurulmasına maraq göstərə bilər:

“Amma söylədiyim kimi, prezident İranda elə bir fundamental dəyişiklik edə biləcək qabiliyyətə sahib fiqur deyil. O dərəcə səlahiyyətləri də yoxdur. Bunu əvvəlki prezidentlərin fəaliyyəti göstərdi. 

Bütün hallarda İran cəmiyyəti və azərbaycanlılar üçün xeyirli olsun. Ümid edək ki, yaxşıya doğru müəyyən dəyişikliklər olacaq. Çünki İranda, ümumiyyətlə isə din mərkəzli düşüncə harada varsa, orada xalqın faciəsi yaşanmaqdadır. Müasir dövr daha rasional, daha insan mərkəzli düşüncəni önə çəkir. İnsana dəyər verilməyən cəmiyyətlərdə isə bir tərəqqi gözləmək mümkün deyil. O baxımdan bizə sadəcə ümid etmək qalır ki, hər şey yaxşıya doğru gedəcək. Amma real şərtlər bir az fərqlidir və bu seçki ciddi dəyişiklik yaratmaq gücündə deyil. Çünki İranda prezidentin hər hansı müstəqil davranışı onun böyük maneələrlə qarşılaşması deməkdir”. Yeni Sabah 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
referans.az

10Mənbələr