AZ

Elektron pullar Azərbaycanda nələri dəyişə bilər?

Azərbaycanda elektron pulun dövriyyəyə buraxılacağı gözlənilir.

Ümumiyyətlə elektron pul anlayışı nədir? Elektron pulun ölkəmizdə dövriyyəyə buraxılması nələri dəyişə bilər?

Modern.az bununla bağlı ekspertlərin fikrini öyrənib.
 

İqtisadçı Elçin Rəşidov bildirib ki, elektron pul Mərkəz Banka tabe olan vasitə, yaxud kriptovalyuta şəklində ola bilər:


“Elektron pullardan bəzən mərkəzləşdirilməmiş şəkildə istifadə edilir. Yaxud hansısa qlobal, eləcə də yerli şirkət öz pullarını yarada bilir. Təbii ki, bu, lisenziyalaşdırma ilə həyata keçirilir. Elektron pullar bəzən qarşılaşdığımız hədiyyə kartı şəklində də ola bilir. Hansısa şəbəkənin hədiyyə kartı sizə elektron formada alış-veriş etməyə imkan verir”.
 

Onun sözlərinə görə, elektron pullar yerli valyutaya denominasiya edir:
 

“Bir də Mərkəzi bankların özünün də buraxdığı elektron pullar var. Amma Azərbaycanda bu, hələlik gözlənilmir. Əgər bu olardısa, mütərəqqi addım sayılardı. Elektron pulların istifadəsinin öz üstünlükləri var. Məsələn, elektron pullar imkan verir ki, nağd pullardan istifadə azalsın. Eyni zamanda, Mərkəzi Bankın elektron pulu olduqda digər özəl banklara ehtiyac qalmır. Bu şəkildə insanlar bir-birlərinə əlavə ödəniş etmədən pulköçürmə edə bilirlər. Bu çox yaxşıdır, həm də izlənilməsi mümkün olur. Eyni zamanda, elektron pulların dövriyyəyə buraxılması dövlətin başqa işlərinə də yaraya bilir. Məsələn, vergi toplanması, qanunsuz ticarətin qarşısının alınması kimi üstünlükləri ola bilir”.
 

İqtisadçı ekspert Eyyub Kərimlinin fikrincə, elektron pulların dövriyyəyə buraxılması elektron iqtisadiyyatın təzahürüdür:
 

“Bu gün elektron pullar həyatımızın və iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir. Elektron pullar getdikcə kağız pulların və nəğd ödənişlərin tamamilə məhdudlaşmasına səbəb olacaq. Elektron pullara keçid iqtisadiyyat üçün çox önəmlidir. Bu baxımdan elektron pullar nağdsız ödənişlərin azaldılması, şəffaflığın təmin edilməsi və kağız pullara çəkilən xərcin azalmasına təsir edəcək. Bu pullar insanların rahat şəkildə olduqları yerdə alış-veriş etməsinə də yarayır. Elektron pulların dövriyyəyə buraxılması transaksiyaların şəffaflığını təmin edəcək. Elektron pul gələcəkdə ölkədə kağız pulların dövriyyəsinin azalmasını və tədricən istifadədən çıxarılmasına təsir edəcək”.


Ekspert bildirib ki, elektron pul anlayışı 2 formada mövcuddur:
 

“Bunlardann biri bitkoin və digərləridir. Digər forması isə kağız pulların elektronlaşmış formasıdır. Hazırda ədədlər üzərindən həyata keçirilən və nağdsız ödənişlər vasitəsilə dövriyyəsi olan vəsaitlərdir. Sözsüz ki, bu pullar xərclərin azaldılmasına, insanların tam rahatlaşmasına imkan yaradır”.
 

E.Kərimli qeyd edib ki, elektron pulların da müəyyən təhlükəsi var:
 

“Kibertəhlükəsizlik və başqa proseslərə ciddi nəzarət edilməlidir. Digər tərəfdən, insanlarımızın da bu formadan istifadə bilikləri olmalıdır. Hesab edirəm ki, bu, tədricən həyata keçiriləcək prosesdir və gələcəkdə inkişaf edəcək. Bu gün dünyada elektron pullarla bağlı proses tam sürətlə həyata keçirilir. Bəzi ölkələrdə kağız pullardan imtina edilir. Dünyada elektron pulların dövriyyəsi artıq trilyonlarla hesablanır. Sözsüz ki, bu elektron iqtisadiyya tam keçidin təzahürüdür”.
 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
modern.az

10Mənbələr