AZ

Gözlər Vaşinqtonda: Kim sülh üçün geri çəkiləcək?

Üçtərəfli qaydada əldə olunmuş razılığa əsasən, Vaşinqtonda ABŞ-nin Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçridiyi brifinqdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda görüşün olub-olmayacağı barədə dəqiq açıqlama verməyib. Lakin o qeyd edib ki, ABŞ Bakı ilə İrəvan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir. 

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində baş tuta bilər. Bir gün əvvəl Ermənistan XİN Azərbaycan tərəfi ilə görüşün olacağına dair razılaşmanın əldə edilmədiyini bəyan etmişdi. Bu da öz növbəsində, müzakirələrin gözlənilmədiyinə dair məlumatların meydana çıxmasına səbəb oldu. Yəni ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenin iyunun 28-də Bakıya səfəri zamanı xarici işlər nazirlərinin NATO-nun sammiti çərçivəsində görüşünü təşkil etmək barədə irəli sürdüyü təklifi reallaşdırmaq mümkün olmayıb. 

Çünki Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün vacib olan konstitusiya referendumunun keçirilməsi ilə bağlı irəli sürdüyü təklifin icrasından yayınır. Yəni sülh sazişi üçün əsas prinsip aydın olsa da, Ermənistan tərəfi bunu yerinə yetirmək istəmir. Rəsmi Bakı Ermənistan konstitusiyasından və digər hüquqi-normativ aktlarından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılmasını tələb edir. Əks təqdirdə, Ermənistanla sülh müqaviləsinin imzalanması Azərbaycan Konstitusiyasına zidd olduğuna görə, hüquqi qüvvə daşıya bilməz. 

Ona görə də Azərbaycan Ermənistanda konstitusiya referendumu keçirilməyənə qədər nəticəsiz danışıqların aparılmasına ehtiyac duymur. 

Lakin görünür, sonradan Dövlət katibi Blinkenin şəxsi müdaxiləsi və xahişindən sonra görüşün keçirilməsi barədə razılıq əldə edilib. Bu da Azərbaycan-Ermənistan sülh prosesində son vaxtlar ABŞ-nin fəallığının artması ilə izah edilə bilər. Blinkenin təşəbbüsü ilk növbədə, ABŞ-nin 2023-cü ilin may ayında Vaşinqton platformasında yarımçıq qalmış danışıqları bərpa etmək səylərindən xəbər verir. 

Həmin vaxt Ermənistanın Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi məsələsini gündəmə gətirməsi ilə bağlı yaranmış fikir ayrılığı danışıqlarda irəliləyişin qarşısını alan başlıca səbəblərdən birini təşkil edirdi. Lakin ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı separatçı rejimin ləğvi və ermənilərin kütləvi şəkildə könüllü Ermənistana köçməsi bölgədə status-kvonu dəyişdi. Artıq danışıqlardakı əsas mübahisə predmeti olan məsələ öz-özünə həllini tapıb. Ona görə də ABŞ yeni konyuktura uyğun sülh müqaviləsinin Vaşinqton platformasında imzalanmasına çalışır. 

Sonuncu dəfə Entoni Blinken Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu il fevral ayının 18-də Münxendə keçirilən görüşdə iştirak edib. ABŞ-nin sülh danışıqları ilə bağlı digər fəaliyyəti daha çox Azərbaycan və Ermənistanla ikitərəfli diplomatik təmaslarla həyata keçirilib. Lakin iyun ayından etibarən ABŞ-nin sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf kimi çıxış etməsi müşahidə olunur. Ceyms Obrayenin ötən ay İrəvana və Bakıya səfərləri, iyunun 10-da isə Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüş ABŞ-nin qısa müddətdə sülhə nail olmaq cəhdindən xəbər verir. 

Ceyms Obrayenin Ermənistana və Azərbaycana səfərləri zamanı verdiyi açıqlamalar və bu kontekstdə ortaya çıxan məlumatlar ABŞ-nin ilkin şərt olmadan sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu göstərir. Yəni ABŞ Azərbaycanın Ermənistanda konstitusiya referendumu keçirilməsi tələbindən çəkilməsinə dair Paşinyan hakimiyyətinin istəyini dəstəkləyir. 

Lakin Ermənistan konstitusiyası yenilənmədən sülh sazişinin mümkünsüzlüyünü Vaşinqtonda da anlayırlar. Ermənistan mediasının yazdığına görə, senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri zamanı Ermənistan qarşısında qoyulan əsas şərtlərdən biri sülh müqaviləsinə nail olmaq üçün konstiutusiya referendumunun keçirilməsi ilə bağlı Azərbaycanın tələbini yetirməkdən ibarət olub. ABŞ Zəngəzur dəhlizinin açılması, Mərkəzi Asiya və Avropa arasında yüklərin Türkiyə-Ermənistan-Azərbaycan marşrutu üzərində daşınması üçün sülh sazişinin imzalanmasını təklif edir. Vaşinqtonun məqsədi Rusiyanın və Çinin “Orta dəhliz”dən kənarlaşdırmaq və bölgəyə nəzarəti ələ almaqdır. 

Lakin “Orta dəhliz” Çinin “Bir kəmər-Bir yol” layihəsinin əsas hissəsini təşkil edir. Ona görə də Çini bu prosesdən ayırmaq mümkün deyil. Çin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamaqla Cənubi Qafqazda strateji maraqlarını rəsmən elan etmiş oldu. Bu isə Ukraynada və Yaxın Şərqdə güclənən müharibələrlə əlaqədar ABŞ və Çin arasında Cənubi Qafqazdan keçən nəqliyyat-tranzit “hub”ına nəzarət uğrunda rəqabətin artmasının anonsu hesab edilə bilər. Qeyd edilən səbəbdən yeni marşrut kimi Zəngəzur dəhlizinin blokdan açılması hər iki tərəfin marağındadır. Lakin buna nail olmaq üçün öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. 

Seçilən
130
50
cebheinfo.az

10Mənbələr