AZ

İtaliyada məktəblərdə smartfonlardan istifadə qadağan edilir

İtaliyada növbəti tədris ilindən orta məktəbə qədər sinif otaqlarında smartfonlardan istifadə qadağan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara bildirib.

"Növbəti tədris ilindən başlayaraq təhsil də daxil olmaqla, hər hansı bir məqsəd üçün mobil telefonlardan istifadəni qadağan edən qərar imzaladım. Çünki orta məktəb səviyyəsinə qədər mobil telefon ilə yaxşı təhsil verilməyəcəyinə inanıram. Bu, əlbəttə ki, planşet və ya kompüter istifadəsini əhatə etmir, lakin bu cihazlar da müəllimlərin rəhbərliyi altında istifadə edilməlidir", - deyə nazir söyləyib.

O vurğulayıb ki, bu, müəllimlərə səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən qurulması üçün həlledici qaydaların tətbiqi istiqamətində mühüm addımdır.

Valditara bildirib ki, mobil telefonların aludəçilik alətinə çevrilməsinin və gənclərin yaşamaq istəyinin oğurlanmasının qarşısını almaq lazımdır.

Təhsil naziri onu da deyib ki, süni intellektə əsaslanan köməkçi elementlər, xüsusən də inzibati tapşırıqlar üçün bəzi məktəblərdə pilot layihələrdə sınaqdan keçiriləcək.

İtaliya Ailə Birliyi Hərəkatının (Moige) direktoru Antonio Affinita təhsil naziri Valditaranın qərarını şərh edərkən "Bu, məktəblərdə rəqəmsallaşmanın düzgün idarə olunmasında irəliyə doğru bir addımdır. Biz bu təşəbbüsdən məmnunuq, çünki nizam-intizam gətirir. Bu günməktəblər geniş texnologiya şəbəkəsinə sahibdir, lakin bu texnologiyadan məsuliyyətlə istifadə etmək və prosesə valideynləri də cəlb etmək lazımdır” - deyə bildirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
e-huquq.az

10Mənbələr