AZ

Rəsmi İrəvandan sülh etirafı...

Alen Simonyan da hesab edir ki, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır

Nardar BAYRAMLI 

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri həmişə nəzərdən keçirir. Ölkəmiz hər zaman sülhə sadiqlik göstərib, məsələlərin danışıqlar yolu  ilə həllinə tərəfdar kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.

2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarşıdakı mərhələ isə regionda təhlükəsizlik mühitinin formalaşması istiqamətində olmalıdır. Ermənistanın sülhlə bağlı real konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə sülh sazişini imzalamaq mümkündür. Artıq rəsmi İrəvan tərəflər arasında sülh sazişinin imzalanmasının vaxtının çatdığını anlamağa başlayıb. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyanın  fikirlərindən də görmək mümkündür. Belə ki, iki gün öncə Simonyan parlamentin növbədənkənar iclasında çıxışı zamanı Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olunacağına, onilliklərlə davam edən düşmənçiliyə son qoyulacağına ümid etdiyini deyib. “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə uyğun olaraq Azərbaycan ilə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır”,-deyə o, bildirib.

Son zamanlar erməni tərəfindən rəsmi şəxslərin belə açıqlamalarına tez-tez rast gəlmək mümkündür. Məsələn, bu yaxınlarda baş nazir Nikol Paşinyan da jurnalistlərə deyib ki, biz bir ay ərazində sülh sazişini imzalamağa hazırıq. Onun fikrincə, sülh sazişi layihəsinin mövcud mətni olduqca yetkindir. 

Xatırladaq ki, hazırda tərəflər sülh sazişi layihəsinin qarşılıqlı mübadiləsini davam etdirirlər. Rəsmi Bakı da layihədə müsbət irəliləyişin olduğunu bəyan edib. Belə ki, bunu hələ iyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda macarıstanlı həmkarı ilə keçirilən birgə mətbuat konfransında təsdiqləmişdi. “Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - deyə nazir vurğulamışdı. 

İyunun 27-də Ceyhun Bayramov Gürcüstanda səfərdə olarkən də pozitiv açıqlama vermişdi: “Ermənistan ilə davamlı sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan əvvəl Azərbaycan sülh sazişi ilə bağlı son layihəni Ermənistana təqdim edib. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında da təmaslar davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik”. 

Halbuki 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə bir sıra məsələlərin açıq qaldığı bildirilmişdi. Görüşlə bağlı verilən rəsmi açıqlamada “Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar” fikirləri bəzi istiqamətlərdə razılaşdırılmamış məqamların qaldığına bir işarə idi. Lakin bu görüşdən sonra saziş üzrə layihənin qarşılıqlı mübadiləsi nəticəsində tərəflərin daha da yaxınlaşması, razılaşdırılmamış məqamların bəzilərinin həll edilməsi mümkün görünür. Həm Azərbaycanın XİN başçısının, həm də erməni tərəfinin son açıqlamaları da bunu deməyə əsas verir. 

Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da sülh prosesi ilə bağlı açıqlama verib. Mirzoyan bildirib ki, Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalanması üçün real imkan var: “Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”. O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Burada vacib məqamlardan biri Mirzoyanın regional kommunikasiyaların açılmasına diqqət çəkməsidir. Baş nazir Paşinyan hələ ötən ay  parlamentdə jurnalistlərə açıqlamasında sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab etdiyini də demişdi. Bu, o deməkdir ki, artıq rəsmi İrəvan kommunikasiyaların açılmasının özü üçün nə qədər faydalı olduğunu dərk etməyə başlayır. Çünki  kommunikasiyalar açılmadan Ermənistan blokada da qalmaqda davam edəcək ki, bu da ölkənin iqtisadiyyatının itirilməsi deməkdir. Əslində, regional kommunikasiyaların açılması Ermənistanın öz  üzərinə götürdüyü öhdəliklərdən biridir. Rəsmi İrəvan götürdüyü öhdəliklərə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin etməlidir. Lakin indiyə qədər erməni tərəfi bunun reallaşmasına əngəl törədib. Son vaxtlar isə Ermənistan rəsmilərinin  verdiyi pozitiv açıqlamalar rəsmi İrəvanın Azərbaycanın şərtləri əsasında kommunikasiyaları açmaqdan başqa çarəsinin olmadığını göstərir. Lakin rəsmi İrəvan sülhə maraqlı olduğunu təsdiqləmək üçün Konstitusiyaya dəyişiklik etməli və bununla da Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.

Seçilən
217
50
yeniazerbaycan.com

10Mənbələr