AZ

General Mövlam Şəxəliyevə böyük məbləğdə iddia - Məhkəmə qərar verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevə qarşı 123 min dollar dəyərində iddia qaldırılıb.

Teleqraf.com-un xəbərinə görə, iddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda isə generalın işi üzrə zərərçəkmiş kimi tanınanlardan biri Ələddin Əliyevdir. O, 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə suçlanaraq həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb.

Sahibkar deyib ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında iki dəfəyə 100 min (hər dəfə 50 min olmaqla-red.) dollar pul verilib.

Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Lakin son nəticədə Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.

Zərərçəkmişin sözlərinə görə, ona qarşı qaçaqçalçılıq ittihamı saxta idi, həbs olunmasında məqsəd pulunu almaq idi. İddia edib ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər. “Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişiylə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”.

İddiaçı Mövlam Şıxəliyevdən ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edib.

Mövlam Şıxəliyev isə bununla razılaşmır. O, həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib.

Mövlam Şıxəliyevin sözlərinə görə, Ələddin Əliyevi nazirliyə keçmiş müstəntiq Rövşən Hüseynov çağırıb, bütün məsələlər də onların arasında olub: “Bakı Əyləncə Mərkəzində də Rövşən Hüseynovla görüşüb. Mən onu nə tanımışam, nə də ondan rüşvət almışam. Bu, məhkəmədə də sübuta yetirildi".

Mövlam Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır. O, Ali Məhkəməyə şikayət verib.

Məhkəmə Ələddin Əliyevin iddiasının 106 min dollarlıq hissəsini təmin edib.

Belə nəticəyə gəlib ki, 17 min dollarlıq brilyant daşlarla bağlı hissə isə sübut yetirilməyib. Keçmiş MTN vəzifəlilərinə verildiyi iddia olunan 106 min dollara gəlincə, bu, Bakı Hərbi Məhkəməsinin hökmüylə də təsdiqlənib.

Beləliklə, keçmiş MTN generalının üzərinə zərərçəkmiş Ələddin Əliyevə 106 min dollar təzminat ödəmək öhdəliyi qolulub.

Qeyd edək ki, Mövlam Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar.

Zərərçəkənlər Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə Bakı Hərbi Məhkəməsində baxılanda da dəymiş ziyanın ödənilməsi tələbiylə mülki iddia vermişdilər. Lakin hökm çıxarılanda mülki iddiaların az hissəsi təmin edildi.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb.

Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.

“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.

Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Qeyd edək ki, bu ilin iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Bundan başqa, Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov “Vətən uğrunda” medalından məhrum olunublar.


Müəllif: Hacı Zeynalov
Seçilən
334
50
Mənbələr
Şərh ()
Bağla