AZ

“Paris-2024”: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır

Paris, 27 iyul, AZƏRTAC

Azərbaycanın beş idmançısı bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra qüvvəsini sınayacaq. H qrupunda yer alan idmançı Bakı vaxtı ilə saat 10:30-da çinli He Bin Çzyao ilə qarşılaşacaq.

Bu gün Azərbaycanın iki cüdoçusu tatamiyə çıxacaq. Leyla Əliyeva (48 kiloqram) özbəkistanlı Xalimajon Kurbanovanı, Balabəy Ağayev (60 kiloqram) isə Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibini sınağa çəkəcək. L.Əliyeva Bakı vaxtı ilə saat 12:30, B.Ağayev isə saat 13:00-da güləşəcək.

Güllə atıcısı Ruslan Lunyov təsnifat mərhələsində çıxış edəcək. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mübarizə aparacaq.

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan idmançılarından Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub. Sıralama turunda 39-cu olan qadın idmançı iyulun 30-da 1/32 finalda çinli Quxuan Anla üz-üzə gələcək.

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Seçilən
57
46
azertag.az

10Mənbələr