AZ

Uğuru ilə tarixə düşən Hidayət Heydərov: Üç "son" ilə "nömrə 1"

app.update_app_description



Hidayət Heydərov bu il Avropa, dünya və Olimpiya çempionu adını qazanan cüdoçu kimi Azərbaycan idman tarixinə düşüb.
Oxu.Az xatırladır ki, Hidayət Heydərov iyulun 29-da 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb.
Finalda o, fransız cüdoçusu Joan-Benjamin Qaba üzərində qələbə qazanaraq, kişilər arasında 73 kq çəki dərəcəsində titul qazandıqdan sonra ən böyük cüdoçu kimi irsini möhkəmləndirib.
Bir ildə üç nəhəng turnirin son çempionu olan idmançımızı Olimp zirvəsinə ucaldan yoluna qısa nəzər salaq:
Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət üç yaşında olarkən ailəsi Bakıya köçüb. Atası Hidayət altı yaşında olarkən dostlarının da məsləhəti ilə onu cüdo məktəbinə yazdırıb. Eyni zamanda, sonrakı təhsilini 277 saylı idman təmayüllü tam orta məktəbdə (indiki 1 nömrəli İdman Liseyində) almağa başlayıb. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisi ilə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.
İlk dəfə 2012-ci ildə kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanan Hidayət növbəti il kadetlər arasında Avropa və böyüklər arasında Azərbaycan çempionu olub.
Bundan sonra onun dünya arenasında bir-birindən uğurlu çıxışları başlayıb.
Hidayət Heydərov beynəlxalq karyerası ərzində 38 finalın 36-da tatamini qalib tərk edib.
O, dördqat Avropa (2017, 2022, 2023, 2024), birqat dünya (2024) çempionu, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Aktivində iki gümüş (2018-ci il Avropa çempionatı (Təl-Əviv) və 2019 Yay Universiadası (Nepal)), yeddi bürünc medal (üçü dünya, ikisi Avropa çempionatı, biri Yay Universiadası (2019, komanda), biri Avropa Oyunları (2019, Minsk)) var.
O, bu vaxta qədər Beynəlxalq Cüdo Federasiyasının Dünya Turu ("Masters", Böyük Dəbilqə və Qran-pri) seriyasından olan turnirlərdə ümumilikdə 16 mükafat qazanıb.
Bütün bu nailiyyətlərin nəticəsi olaraq Hidayət Heydərov həm dünya, həm olimpiya reytinqində aşkar liderdir. O, ən yaxın izləyicisi, yaponiyalı Soiçi Haşimotonu 3608 xal qabaqlayır. Hidayət, həmçinin, bütün çəki dərəcələri üzrə reytinq xalına görə birinci yerdə qərarlaşıb.
İdmançı karyerasında ilk dəfə iştirak etdiyi Yay Olimpiya Oyunlarına - Paris-2024-ə dünyanın "1 nömrə"si kimi qatılıb.
Beynəlxalq Cüdo Federasiyası Hidayəti qələbəsi münasibətilə təbrik edərək fotosunu idmançının sitatı ilə paylaşıb:
"Olimpiadanın qızıl medalını kolleksiyama əlavə etdim. Bütün ölkəmin, xüsusilə də ailəmin dəstəyini hiss edirdim. Bilirdim ki, məni izləyirlər və bu, mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu qələbə Azərbaycan üçündür! Uğurumu 2028-ci ildə Los-Ancelesdə təkrarlamaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Biz qalib millətin övladlarıyıq!"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
oxu.az

10Mənbələr