Yeni mövsümün startına hazırlaşan “Turan Tovuz” daha bir legioneri – Bruno Qonçalves do Prado (Brunao) ilə yollarını ayırıb.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
27 yaşlı braziliyalı mərkəzi müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Tovuz klubu Qonçalvesə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Qeyd edək ki, Qonçalves yay fasiləsində “Turan Tovuz”u tərk edən ikinci əcnəbi olub. Ona qədər albaniyalı futbolçu Belaydi Pusi “Şamaxı”ya keçmişdi.
Brunao “Turan Tovuz”a 2023-cü ilin iyul ayında azad agent kimi cəlb olunmuşdu. O, əyalət klubunun heyətində 33 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
27 yaşlı braziliyalı müdafiəçi daha öncə “Bahia”, “Aroka”, “Vila Nova” və “Leyşoyş” klublarının da formasını geyinib.
Xatırladaq ki, “Turan Tovuz” daha öncə Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi və Kamal Bayramovla da vidalaşmışdı. Onların əvəzində əyalət klubu Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya), Kristian da Silva (“Sabah”), Veysəl Rzayev (“Sabah”), Araş Qadiri (“Zobahan”, İran), Rüfət Əhmədov (“Qəbələ”) və İbrahim Ramazanovu (“Qəbələ”) heyətinə qatıb. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.
Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov, Xəyal Nəcəfov və Roderik Millerlə isə yeni müqavilə imzalanıb.