AZ

Azərbaycan filmini "öldürənlər, "dirildənlər" və küyə gedənlər: Milli kinomuza kim qənim kəsilib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mərahim Nəsib yazır...
Avqustun 2-si Azərbaycan Milli Kino Günüdür. Kino və teatra nəzəri və praktiki olaraq yaxın olduğum üçün hər il Milli Kino Günündə yazılan fikirləri, rəyləri diqqətlə oxuyuram. Təəssüf ki, bu rəylərin mahiyyətində dəyişən heç nə yoxdur və birmənalı şəkildə tənqidi fikir səsləndirənlərin, Azərbaycan kinosunun "məhv olduğu" qənaətində olanların əksəriyyəti əminliklə demək olar ki, məsələyə subyektiv yanaşır. Mən də daha çox məhz onların arqumentlərindən yola çıxıb danışacağam.
Adətən, Azərbaycan filmlərindən söhbət düşəndə, əsasən, nümunə kimi SSRİ dövründə çəkilən kinolar nümunə gətirilir, bu amil inkişaf etmək əvəzinə, geriləmək kimi təqdim edilir. Lakin fakt odur ki, bir əsrdən çox yaşı olan Azərbaycan kinosunun 70 ili də elə sovet dövrünün payına düşür. Düzdür, 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində Azərbaycan filmlərinin sayı artmağa başlayıb, müstəqil kino şirkətləri yaradılıb, filmlərə sponsorluq etmək istəyənlərin sayı da çoxalıb, lakin sonradan bu tendensiya müxtəlif səbəblərdən davam etməyib.
Xüsusən də Birinci Qarabağ müharibəsi və ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, bir çox sahələrdə olduğu kimi, kino sənayesinə də öz mənfi təsirini göstərib və nəticə özünü durğunluqla nümayiş etdirib. Bu baxımdan, hazırda da keyfiyyətli yerli filmlərin çəkilmədiyi, peşəkar rejissor, aktyor və ssenaristlərin olmadığı deyilir. Bir sözlə, belə bir fikir formalaşıb ki, Azərbaycan kino sənəti 1990-cı illərdə "vəfat edib". Arqument olaraq da kinoteatrlarda nümayiş olunan, populyar mədəniyyətə xidmət edən bayağı komediya filmləri göstərilir. Əlbəttə, bir növ, həqiqətdir. Çünki elə filmlərin rejissor, aktyor və ssenaristlərindən nə istedad ummaq olar, nə də istedadı ehtiva edən sənət. Amma problem ondadır ki, yazılan statuslardan, köşələrdən, məqalələrdən, reportajlardan belə başa düşmək olur ki, "ara tənqidçiləri"nin əksəriyyətinin heç kinematoqrafiyadan, film nəzəriyyəsindən xəbəri yoxdur.
Düzdür, Azərbaycan kinosunun gözlənilən və ya arzuolunan səviyyədə inkişaf etdiyini demək olmaz, ən azından, Birinci Qarabağ müharibəsinin nəticələri durğunluq yaratmışdısa, İkinci Qarabağ müharibəsindəki qələbəyə onlarla film çəkilmirsə, inkişafdan da ağızdolusu danışa bilmərik. Təbii ki, bunu heç sovet təbliğatının təsiri altında olan keçmiş filmlərimiz haqqında da demək olmaz. Bəs belə olan halda bu gün hansı müqayisə ilə tamamilə inkişafdan qaldığımızı, məhv olduğumuzu, gerilədiyimizi deyə bilərik?
Əlbəttə, keçmiş Azərbaycan kinosunda kifayət qədər yaxşı filmlər var: "Nəsimi", "Ögey ana", "Qəm pəncərəsi", "Köhnə bərə", "Ölsəm, bağışla", "Qızıl uçurum" və s. Bu filmlər dünya arenasına da çıxıb, Sovet İttifaqına daxil olan ölkələrdə çoxsaylı mükafatlar da qazanıb, amma keçmişdən-gələcəyə, xüsusən də müharibə görmüş, müstəqilliyi qan bahasına əldə edilən, suverenliyi müstəqil olmasına rəğmən, əzab-əziyyətlə bərpa edilən ölkənin kinosunun məhvə doğru getdiyini demək mənəvi olaraq ədalətsizlik, elmi olaraq savadsızlıqdır. Hətta o qarğaşada belə, Azərbaycan kinematoqrafiyası 1994-cü ildə Tofiq Tağızadənin rejissorluğu, Yaşar Nuri, Fuad Poladov, Məmməd Səfa kimi sənətçilərin şedevr aktyorluğu ilə "Köpək" filmini ərsəyə gətirib. Bu baxımdan, filmimiz haqqında danışılacaq çox şey var. Birbaşa kəsib ata bilmərik.
Apardığım araşdırmalara əsasən deyə bilərəm ki, "ara tənqidçi"ləri Andrey Tarkovskini, Federiko Fellinini, Bernardo Bertoluççini, Abbas Kiarostamini, Zəki Dəmirkubuzu, Nuri Bilge Ceylanı, Yusuf Güneyi, heç Abbas Mirzə Şərifzadəni, Oqtay Mirqasımovu, Elçin Musaoğlunu, Şamil Əliyevi, Əli İsa Cabbarovu, Şamil Vəliyevi, Elxan Cəfərovu, Cavid Təvəkkülü, Mirbala Səlimlini də tanımırlar. Əksi olsaydı, Azərbaycan filminə "süni nəfəs verməkdən", "ölünü diriltməkdən" və s. bu kimi şablon, banal ifadələrdən yola çıxıb, müasir Azərbaycan kinosunu yıxıb-sürüməzdilər. Onlar, sadəcə, özləri də bilmədən qəbul etmədikləri və tənqid etdikləri mədəniyyətə məğlub olublar. Onlar bilsəydilər ki, Azərbaycanın, ən azından, "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına təqdim olunan və ilkin siyahıda yer alan, dünyanın müxtəlif ölkələrində 50-dən çox festivala qatılan, çoxsaylı mükafatlar qazanan "Çölçü" filmi, 2014-cü ildə istehsal edilən və yenə də 30-a yaxın beynəlxalq festivalda iştirak edib, mükafatlar qazanan "Nabat" filmi, 2016-cı ildə çəkilən və 30-dan çox beynəlxalq kinofestival və kinoforumlarda iştirak edən, mükafatlar qazanan "Qırmızı bağ" filmi var, bəlkə də, izləyib fikirlərini redaktə edərdilər.
Siyahını Elxan Cəfərovun "Yarımçıq xatirələr"i, Elçin Musaoğlunun "40-cı qapı"sı, "Nabat"ı, Cavid Təvəkkülün "Dərs"i, Çingiz Rəsulzadənin "Kuklalar"ı, Eldar Quliyevin tarixi detektiv janrında çəkilən "Dərvişin qeydləri", İlqar Nəcəfin "Nar bağı", Asif Rüstəmovun "Axınla aşağı"sı, Oqtay Mirqasımovun "Ovsunçu"su, Rövşən İsaqın "Aktrisa"sı və s. filmlərlə də uzatmaq olar, ancaq vaxt itirməmək üçün bu qədəri də kifayətdir.
Ən əsası, Azərbaycanın bu cür uğurlu, bütün dünyada ölkəmizin başını uca edən filmləri nə sovet dövrünə aiddir, nə də 1990-cı illərin əvvəllərinə. Bu filmlərin hər biri çox da uzaq olmayan keçmişdə ərsəyə gəlib. Hətta bu filmlərin Vidadi Həsənov, Məmməd Səfa, Bəhruz Vaqifoğlu, Elşən Rüstəmov, Qurban İsmayılov, Maqsud Quliyev, Pərviz Məmmədrzayev, Rasim Cəfər, Gülzar Qurbanova, Ayan Mirqasımova, Şükufə Yusupova kimi aktyor və aktrisaları, eləcə də adlarını sadaladığım rejissorları da "ən yaxşı aktyor", "ən yaxşı aktrisa" və "ən yaxşı rejissor" nominasiyalarında qalib seçiliblər.
Əbəs yerə deyil ki, təkcə son 15-20 il ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində ümumilikdə 300-dən çox adda və fərqli janrlarda film məhsulu istehsal edilib ki, bu ekran əsərlərindən 60-dan çox bədii, sənədli və cizgi filmi dünyanın beş qitəsini əhatə edən 57 ölkədə keçirilən Kann, Venesiya, Berlin, Karlovı Varı, Tokio, Moskva və s. kimi 224 film festivalının müsabiqə proqramına seçilərək, 300 dəfədən çox həmin festivallarda iştirak edib, səkkizi "Qran-pri", 30-u "Ən yaxşı bədii film", səkkizi "Ən yaxşı sənədli film", doqquzu "Ən yaxşı rejissor işi", 15-i "Ən yaxşı aktyor oyununa görə" olmaqla ümumilikdə 100-dən çox müxtəlif mükafat qazanıb.
Lakin əfsuslar olsun ki, bayağı və mənası olmayan filmlər reytinq xətrinə daha çox reklam və nümayiş olunduğu üçün yalnız o filmləri izləyənlər də müasir Azərbaycan filmlərinin bundan ibarət olduğunu düşünürlər. Halbuki, bir həqiqəti unutmaq olmaz: başqasının gözünə üfürülən kül öncə sahibinin əlini çirkləndirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
oxu.az

10Mənbələr