Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının (bundan sonra - mahnı) erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, Feysbukda Tik-tokda yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılır.
Aznews.az xəbər verir ki, agentlikdənverilən xəbərə görə, bununla bağlı C.Quliyev 31 iyul-da Agentliyə dəvət olunub. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən qəbul edilərək, mahnının erməni ifaçı tərəfindən oğurlanması faktı onunla müzakirə olunub. C.Quliyev erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə Agentliyə ərizə ilə müraciət edib.
“Məsələ ilə bağlı Agentliyin ekspertləri Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri - operaları, simfoniyaları, mahnıları muğamın segah, bayatı-şiraz, şur, çahargah və digər muğamlar əsasında yazılır. Mahnı şüştər muğamının əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür.
Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb. Yutub səhifəsində mahnının studiya çəkilişləri də yerləşdirdilib. Mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir.
C.Quliyev 2004-cü ildən başlayaraq Agentlikdə (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) 41 musiqi əsərini qeydiyyatdan keçirmişdir, onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il 27 iyul tarixində qeydiyyatdan keçirilmiş və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilib. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mertin və digər məşhur ifaçılar tərəfindən ifa edilib.
Mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözlərini dəyişərək ifa edib və bəstəkarın adını göstərməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi (qeyri-əmlak) hüquqları və əmlak (iqtisadi) hüquqları pozulub.