AZ

Tarixin ən böyük "casus mübadiləsi" - ABŞ və Rusiyanı güzəştə getməyə nə vadar etdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva və Vaşinqton arasında əsir mübadiləsi istiqamətində sakit və mürəkkəb şəkildə baş tutan bir neçə aylıq danışıqlar bəhrəsini verdi. Ötən gün Türkiyənin paytaxtı Ankara şəhərində Rusiya, Amerika Birləşmiş Ştatları və bir neçə digər ölkə arasında məhbus mübadiləsi həyata keçirildi və 26 əsir qarşılıqlı şəkildə təslim edilib. ABŞ Prezidenti Co Bayden bildirib ki, ölkəsi Rusiya ilə məhbus mübadiləsi çərçivəsində üç vətəndaşını və bir yaşıl kart sahibini qəbul edib.
Bəs bu şəxslər nə vaxt, necə və hansı ittihamlarla həbs ediliblər?
Rusiyaya qaytarılanlar:
- Vadim Krasikov: Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının keçmiş zabiti, 2019-cu ildə Berlində çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlinə görə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.
- Anna və Artyom Dultsevlər: 2022-ci ildə Sloveniyada casusluq ittihamı ilə həbs ediliblər.
- Roman Seleznyov: 2014-cü ildə Maldiv adalarında həbs edilib və kiberdələduzluq ittihamı ilə 27 il həbs cəzasına məhkum edilib.
- Vladislav Klyuşin: M13 İT şirkətinin qurucusu. 2021-ci ildə İsveçrədə həbs edilib və ABŞ-yə ekstradisiya olunub. Orada birja saxtakarlığına görə doqquz il müddətinə azadlıqdan məhrum edilib.
- Vadim Konoşçenok: Estoniyada saxlanılıb və ABŞ-yə ekstradisiya edilib. Məhkəmənin qərarı ilə 30 il müddətinə həbs cəzasına məhkum edilib.
- Mixail Mikuşin: Norveçdə Rusiya kəşfiyyatına işləmək ittihamı ilə həbs edilib.
- Pavel Rubtsov: İspaniya vətəndaşı olan jurnalist, Rusiyaya casusluq ittihamı ilə Polşada həbs edilib.
ABŞ-yə qaytarılanlar:
- Evan Gerşkoviç: "Wall Street Journal"ın müxbiri, 2023-cü ildə Rusiyada casusluq ittihamı ilə həbs edilib və 16 il müddətinə həbs cəzasına məhkum edilib.
- Pol Uilan: 2018-ci ildə Moskvada həbs edilib və 16 il müddətinə azadlıqdan məhrum edilib.
- Alsu Kurmaşeva: 2023-cü ildə Rusiyada həbs edilib və 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
- Vladimir Kara-Murza: 2023-cü ildə 25 il müddətinə azadlıqdan məhrum edilib.
- Patrik Sobel: Sankt-Peterburqda narkotik alveri ittihamı ilə həbs edilib.
- Demuri Voronin: 2015-ci ildə Rusiyanın Suriyadakı hərbi fəaliyyətləri ilə bağlı məlumat topladığı üçün həbs edilib və 13 il müddətinə həbs cəzasına məhkum edilib.
- Herman Moises: 2024-cü ildə vətənə xəyanətə görə həbs edilib.
- Kevin Leak: 2023-cü ildə Soçidə Rusiya hərbi məlumatlarını qaçaqmalçılıq yolu ilə Almaniyaya keçirməyə cəhd edərkən həbs edilib və dörd il müddətinə həbs cəzasına məhkum edilib.
- Oleq Orlov: Rusiyalı hüquq müdafiəçisi. 2024-cü ildə Rusiya ordusunu gözdən salmaq ittihamı ilə həbs edilib və iki il yarımlıq həbs cəzasına məhkum edilib.
- İlya Yaşin: Rusiyalı siyasətçi. 2022-ci ildə həbs edilib və 8,5 il müddətinə həbs cəzasına məhkum edilib.
- Vadim Ostanin: Aleksey Navalnının Barnauldakı keçmiş koordinatoru. 2022-ci ildə həbs edilib və doqquz il müddətinə azadlıqdan məhrum edilib.
- Andrey Pivovarov: "Açıq Rusiya" müxalifət qrupunun keçmiş direktoru. 2021-ci ildə həbs edilib və dörd il müddətinə azadlıqdan məhrum edilib.
- Liliya Çanışeva: Aleksey Navalnının Başqırdıstandakı keçmiş koordinatoru. 2021-ci ildə həbs edilib və 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
- Aleksandra Skoçilenko: Müxalif fəal. 2022-ci ildə həbs edilib və yeddi il müddətinə azadlıqdan məhrum edilib.
- Kseniya Fadeyeva: Navalnının Tomskdakı ofisinin keçmiş rəhbəri. 2021-ci ildə həbs edilib və doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Belarusiyadan qaytarılanlar:
- Riko Kriger: Almaniya vətəndaşıdır. 2023-cü ildə Belarusda muzdlu xidmət və terrorizm ittihamı ilə həbs edilib və ölüm cəzasına məhkum edilib.
Sözügedən proses hətta "soyuq müharibə" dövründəki analoji hadisə ilə müqayisədə ən böyük "casus mübadiləsi" hesab olunur. Bu isə beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtəsi sayılır və diplomatik danışıqların uğurunu nümayiş etdirir. Mübadilənin uğuru ilə bağlı danışan ABŞ Prezidenti Co Bayden də ABŞ-nin yanında olan müttəfiqlərə, xüsusilə Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyəyə təşəkkür edib. Bayden haqsız yerə həbs edilən və ya girov saxlanılan hər bir amerikalının ailəsinə qovuşana qədər fəaliyyətini dayandırmayacağını bildirib.
Məsələnin digər maraqlı tərəfi isə mübadilənin məhz Türkiyədə baş tutmasıdır. ABŞ, Rusiya, Almaniya, Polşa, Sloveniyanın iştirak etdiyi proses Türkiyənin Milli Kəşfiyyat Təşkilatının köməyi ilə həyata keçirilib.
Tarixi hadisənin təfərrüatını Oxu.Az-a türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert İsmayıl Cingöz şərh edib.
- İsmayıl bəy, tarixin ən böyük "casus mübadiləsi"nə şahidlik etdik. Bu sensasiyalı hadisə hansı zərurətdən yarandı? Ümumiyyətlə, gözlənilən idimi?
- 26 əsirin dəyişdirilməsi, əslində, qəfildən olmadı. Ola bilsin ki, ictimaiyyət bundan gec xəbər tutub, amma bu cür proseslər dərin kəşfiyyat fəaliyyətlərinin bir parçasıdır. Yəni bu proses əvvəldən Türkiyənin vasitəçiliyi ilə diplomatik kanallarla müzakirə edilib. Kimin müqabilində kimin təslim ediləcəyi, kimin əvəzində kimə hansı güzəştlərin ediləcəyi əvvəlcədən müzakirə olunub və şərtlər bütün tərəflər tərəfindən qəbul edilib. Çünki beynəlxalq aləmdə əsir mübadilələri belə aparılır.
Onu da qeyd etmək yerinə düşər ki, bu, tarixin ən böyük "casus mübadiləsi" idi. Bunun isə bir neçə səbəbi var. Rusiya bununla Bayden administrasiyasını - prezidentliyə namizəd Kamala Harrisi zəif göstərmək istəyir. Eləcə də tərəflər məhbusların səhhətinə xüsusi önəm verirlər ki, əgər onlar zülm görüblərsə, işgəncəyə məruz qalıblarsa, bundan da arqument olaraq istifadə etsinlər.
- Əsirlərin dosyelərinə nəzər salanda həm Rusiyaya, həm də ABŞ-yə qaytarılanların ölkələri üçün ciddi əhəmiyyət daşıdığını görmək mümkündür. Tərəflər bir-birinə niyə belə bir güzəşt etsinlər ki?
- Bu şəxslər uzunmüddətli həbs cəzasına məhkum edilsələr də, mübadilə prosesində bunlar nəzərə alınmır. Nəzərə alınan eyni ittihamla həbs olunan şəxslərin dəyişdirilməsidir. Bu, beynəlxalq məhbus mübadiləsi hüququnun bir qaydasıdır.
- Əsir mübadiləsinin məhz Türkiyənin paytaxtı Ankarada baş tutması xüsusilə diqqət çəkir. Niyə Türkiyə?
- Bu prosesin Ankarada baş tutmasının ən böyük səbəbi Türkiyənin bu coğrafiyada ən etibarlı ölkə olduğunu sübut etməsidir. Türkiyə etibarlı ölkə olduğunu ələlxüsus Rusiya-Ukrayna müharibəsində sübut edib. Tərəflər arasında müharibə başlayanda Türkiyə hər iki ölkə ilə də münasibətlərini davam etdirəcəyini, NATO-nun tələblərinə uymayacağını və müstəqil xarici siyasət yürüdəcəyini bəyan etmişdi. Başda ABŞ olmaqla, bu durum NATO tərəfindən pisləndi və hətta Türkiyəni cəzalandırmaq üçün bəzi addımlar atıldı. Lakin Türkiyə dəfələrlə Ukrayna və Rusiya ilə Qara dəniz vasitəsilə qonşu olduğunu, hər iki ölkə ilə strateji, hərbi, ticari əlaqələrə malik olduğunu və bu səbəbdən bitərəf qalmağa üstünlük verəcəyini bəyan etdi. Ancaq ikisi uşaq olmaqla 26 məhbusun dəyişdirilməsi və ABŞ Prezidenti Bayden başda olmaqla bütün ölkə liderlərinin Türkiyəyə təşəkkür etməsi və onun vasitəçiliyindən məmnun olduqlarını səsləndirmələri Türkiyənin bitərəf qalmaqda haqlı olduğunu sübut etdi.
- Baydendən fərqli olaraq Rusiyaya qarşı daha yumşaq münasibət bəsləyən Trampın noyabrda ABŞ-də keçiriləcək prezident seçkisində qələbə qazanmaq ehtimalı daha yüksəkdir. Rusiya ilə ABŞ arasında sensasiya yaradan "casus mübadiləsi" bu ehtimalla da əlaqəli ola bilər?
- ABŞ-də noyabrda keçiriləcək seçkidə hazırkı Prezident Bayden vitse-prezident Kamala Harrisin namizədliyini açıqlayıb. Baydenin yerinə seçkidə o iştirak edəcək. Görünür, Harris bununla seçkiöncəsi daxili auditoriyanın müsbət rəyini qazanmaq istəyir. Hətta buna görə müəyyən güzəştlər etməyə belə hazır olduğunu göstərmək istəyir. Rusiya da bu mövqeyi öz maraqları çərçivəsində təqdim edir ki, sözügedən güzəşt, əslində, zəiflik əlamətidir. Belə ki, prezidentliyə namizəd Donald Tramp bəyan edib ki, prezident seçiləcəyi təqdirdə Ukrayna-Rusiya müharibəsinin tez bir zamanda dayandırılması üçün əlindən gələni edəcək. Trampın bu münasibəti, təbii ki, Rusiya tərəfindən isti qarşılanacaq və müharibənin bitməsini istəyən Tramp Rusiyanın dəstəyini alacaq.
Mərahim Nəsib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
oxu.az

10Mənbələr