Banqladeşdə etirazçılar Dəkkədə ölkə parlamentinin binasına basqın ediblər.Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə görüntülər Banqladeş sosial mediasında yayılıb. Kadrlarda onlarla insan ayaqlarını masanın üstünə qoyaraq deputatların yerlərində oturduğu əksini tapıb. Bəzi görüntülərdə konfrans zalının içərisində duman və yerə səpələnmiş kağızlar görünür.Yerli mətbuatın məlumatına görə, Banqladeşdə son saatlarda minlərlə insan küçələrə çıxıb. Yanğın və vandalizm halları qeydə alınıb. Etirazçılar baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini söküblər və muzeyini yandırıblar. Həmçinin hakim Avami Liqası partiyasının ofisinə basqın ediblər. Etirazçılar hakim partiya nümayəndələrinin evlərinə, polis bölmələrinə və aparıcı telekanalların ofislərinə hücum ediblər. Dəkkə Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlıdır.Qeyd edək ki, tələbələr iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində küçələrə çıxaraq 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş kvotalarının ləğvini tələb ediblər. Bundan sonra respublikada vəziyyət gərginləşdi, nümayişlər iğtişaşlara çevrildi. Avqustun 4-də paytaxt Dəkkə və Banqladeşin digər şəhərlərində hökumət əleyhinə etirazlar yenidən alovlanıb. "The Daily Star" qəzetinin məlumatına görə, iğtişaşlar başlayandan bəri ən azı 10 000 adam həbs edilib."AFP" nəşri daha əvvəl yerli polis və tibb işçilərinə istinadla bildirib ki, etirazlar zamanı azı 300 nəfər ölüb. "India Today" telekanalı isə qeyri-rəsmi mənbələrə istinadən qurbanların sayının 1000-dən 1400-ə qədər ola biləcəyini bildirib.