Milli.Az bildirir ki, lent.az-ın müsahibi İranda doğulub, böyümüş, hazırda Azərbaycanda fəaliyyət göstərən tanınmış bəstəkar müğənni Əli Pormehrdir.
- Afşin Azəri ilə yola gedirsiniz? Bir ara şou proqramlardan birində aranızda qalmaqal yaşandı. Sizi sevmədiyini hiss etdirdi.
- Müğənni kimi rəqabət var. "Yoxdur" desəm yalan olar. O deyir burda mənəm, mən deyirəm xeyir mənəm (gülür). Efirdəki problem onun öz işidir.
- O qalmaqaldan sonra aramız düzəldi?
- Aramız yox idi axı düzələ. Əvvəldən bir az gərgin olub.
- Həmişəlik gəlmisiniz Bakıya?
- Demək olar ki, həmişəlik. 6 ildir burdayam. Tələbat yarandı gəldim. Həm mənəvi həm maddi tələbat yarandı. Bura mənim vətənimdir. Vətən dillə ölçülür. Şairin dediyi kimi,
Baxma ki, elimdən aralıyam mən,
Dilim harda olsa oralıyam mən.
Mənim üçün Borçalı, Gəncə, Dağıstan, Təbriz, fərqi yoxdur. Hər yerdə dilimiz var. Azərbaycan türkləri olan yer vətənimdir. Pasport indi çıxıb da. Əvvəllər insanlar bir- birilərini soyla, köklə tanıyardılar.
- İranda buradakı qədər tanınırdınız? Toylara gedirdiniz?
- İranda yaxşı müğənnilər, səviyyəli ifaçılar toya getmirlər. İranda heç xalam oğlunun da toyunda oxumamışam. Orda dövlət sənə konsertlər təşkil edir. İranda 25 dəfə böyük konsert vermişəm. Burada konsert verdinsə evin yıxıldı, bədbəxtlikdir (gülür), çünki konsertdən qazanc əldə etmək olmur. Sadəcə İranda idari proseslər var ki, o yorur və buna qarşı həmişə narazılığımı bildirmişəm. İndi İrana gedib konsert vermək istəsəm, icazə verməyəcəklər. Şəbnəm Tovuzlu, Afət Fərmanqızı ilə duetlərim ki, yayılıb, bilinir, deyərlər, sən bizim qırmızı xəttimizi tapdamısan. Belə duetlərə icazə yoxdur.
- Azərbaycan vətəndaşlığını qəbul eləmisiniz?
- İran vətəndaşıyam.
- Biz burda cənublu qardaşlarımız deyirik. Cənublular bizi ordan baxınca necə görürlər?
- İranda milyonlarla Azərbaycan türkü var. Biz orada deyirik ki, bədən bizik siz bizim qolumuzsunuz. Sizi bizdən kəsib ayırıblar. Siz isə burda, əksinə "bədən bizik, qol sizsiniz" fikrindəsiniz. Yalnız fərq bundadır.
- İranda şou-biznes var?
- Var, amma burdakı qaydada yox. Dövlət buna nəzarət edir. Müğənninin şəxsi həyatı, qalmaqalları ilə gündəmə gəlməsinə yol vermirlər, belə şeylər efirlərə çıxarılmır. Məncə də doğru olanı budur. Kimisə mənim maşınım, evimin böyüklüyü , kiçikliyi, nə yeyib-içdiyim niyə maraqlandırsın? Sənətə qiymət verilməlidir.
- Bir zamanlar İran səhnələrində Ququş parladı. İndi İranda məşhur qadın müğənnilər var?
- Yoxdur. Olanlar da ancaq qadın toylarında oxuyurlar. Efirə qadın müğənnilər buraxılmır. Ququşu çox dinləmişəm, ona qədər muğam da oxuyurdum. Deyirlər etdiyim boğazlarda Ququşun üslubu hiss olunur.
- Sənətə necə gəlmisiniz? Səsinizi kim kəşf elədi?
- Əslində inşaat mühəndisliyi üzrə təhsil almışam. 7-8 yaşımdan musiqiyə həvəsim olsa da, atam oxumağa imkan vermirdi. Notları, gitaranı özüm öyrəndim. Vokal üzrə ustadlarım olub. İlk başda yalnız bəstəkar kimi daha çox tanınırdım. Atamın tələbi ilə mühəndisliyi oxudum, diplomu gətirib qoydum qarşısına. Atamın inşaat şirkəti var idi. Dedim al, diplom istəyirdin bu da sənə diplom. Get, dostlarının, qohumların yanında öyün. Amma mən bu sahənin adamı deyiləm. Əvvəllər qəbul eləmirdi, deyirdi "müğənni olub məni biabır edəcəksən". İndi mənimlə öyünür. Bir dəfə zəng vurub mənə, deyir ki, sən utanmırsan, sənin kimi müğənninin atası maşınsız qalıb? Maşınını satmışdı. Dedim bəs müğənni olmağımı istəmirdin? Nəsə, alıb bir maşın bağışladım ona.
- Doğmalarınıza çox maddi dəstək olmusunuz?
- Olmuşam. Bacıya da etmişəm, qardaş da. Amma, peşmanam, dəyməzmiş. Sən özündən, öz güzəranından kəsib onun rifahı üçün çalışırsan, o da hazır almağa alışıb tənbəllik edirsə bu yanlışdır. Vaxtım, ruhum diqqətim, özümdən kəsib başqasına sərf etmişəm, istər doğma olsun, istər yad. Maddi cəhənnəm, bunu heç gözləmirəm, amma mənəvi qarşılığını almamışam. Məndən istifadə etmək istəyən insanları həyatımdan çıxarıram.
- Şəbnəm Tovuzlu ilə duetiniz çox uğurlu alınmışdı. Nə üçün yollarınızı ayırdınız?
- Bəli, onunla oxuduğumuz mahnılar 14 milyon izlənmə qazanıb - Şəbnəm xanımın yotube səhifəsində. "Yar ağladı, mən ağladım" mahnısını Şəbnəm xanıma hədiyyə elədim. Baxıldı sevildi, amma gərək, görülən işin qazancı da ola. Quru-quru qurbanın olum nə qədər olar?
- O mahnılardan gəlir əldə etmədiniz?
- Yox
- Şəbnəm xanıma bu barədə heç nə demədiniz?
- Bəzi şeylər var ki, onu demək lazım deyil, gərək qarşındakı özü anlaya.
- Afət Fərmanqızı ilə duetlərinizi izlədim. Mənim fikrimcə, ilk duet qədər uğurlu alınmayıb...
- Onunla iş birliyi ikimizə də sərf edir. O bilir ki, Əli varsa mahnı var, mən bilirəm ki, Afət varsa toy var. Şəbnəmlə bu yox idi və bu məni sıxırdı.
- Vəfa Şərifova ilə duet etmək fikrinə düşmüsüz? Vəfa xanım həm Afətlə, həm Şəbnəmlə qalmaqal yaşadı. Siz bu qalmaqallara qoşulursunuz?
- Yox, nə belə duet təklifi olub, nə də müzakirə. Qalmaqallara qoşulmuram. Amma dostlarımın dostu mənim də dostumdur və də əksinə.
- Başqa kiminlə duet oxumaq istəyərdiniz?
- Xatirə İslamla, Mətanət İsgəndərli ilə duet istərdim.
- Toylara neçəyə gedirsiniz?
- Damara baxıb qan alırıq (gülür). Baxır hara gedirik. Moskvaya 2-2,5 min dollara. Rusiyanın daha uzaq şəhərlərinə bir az daha baha. Azərbaycanda cənuba 2-3 min manata. Bakıdan çox sıxmıram, evimin içidir də.
- "Palatka" toylarına da getmisiniz?
- O qədər olub ki. Mən kənd toylarını sevirəm. Bircə məclislərdə içki içilib, dava-şava düşməsini sevmirəm. İmkanım olsa, toylarda içki verilməsini qadağan edərdim. İçib başqasının məclisini pis günə qoymağa nə ixtiyarın var sənin?
- İranda da bizdəki kimi təmtəraqlı olur toylar?
- Burdakı qədər olmur.
- Ən dəyər verdiyiniz insanlar kimdir?
- Sənəti sözü güclü olan insanlar. Ruh adamıyam mən. Şairlərə böyük hörmətim var. Mənim beynim daim yaradıcı fikirlərlə məşğuldur. Heç bilirsiniz nə qədər radara düşürəm? Min, iki min cərimə verirəm, xanımımın xəbəri yoxdur. ( gülür)
- Bəs ən sevmədiyiniz insanlar kimdir?
- Dəqiq olmayan insanlar. Söz verdimsə, tuturam. Görüşə gecikən, zamanımı oğurlayan adamlarla əlaqəni kəsirəm. Öz vaxtının qədrini bilməyən mənim də qədrimi bilməz.
- Övladınız burada təhsil alır?
- Bəli, İran məktəbinə gedir. Beşinci sinfə gedəcək. Baxdıq ki, burada başdan başlamaqdansa elə İran məktəbində davam eləsə yaxşıdır. Amma Azərbaycan dilini, ədəbiyyatını, tarixini öyrənə bilməsi üçün müəllim tutmuşam.
- Xanımınızla necə tanış olmusunuz?
- Xanımım da yazar idi. Dostumun bir kitab məsələsi var idi. İstədik onu redaktə etdirək. Getdik. Gördüm özü sözündən də qəşəng bir qızdır. Beləcə tanış olduq. O da kitab nəşr etdirmək istəyirdi. Sonra ev, ailə qayğıları bu arzusunu arxa plana atdı.
Çox yaxşı insandır. Dünyaya min dəfə gəlsəydim min dəfə də onunla ailə qurardım. Bilmirəm o, mənim haqqımda eyni fikirdədirmi? Bəlkə soruşsalar deyər "tövbə-tövbə uzaq olsun (gülür).
- Niyə ki?
- Yaradıcı, məşhur insanın xanımı olmaq asan deyil axı. Qısqanclıqlar filan.
- Qısqanclıq üçün çox səbəb vermisiniz?
- Yox. Daha qısqanmır, yorulub oturub. Səbəb vermirəm, səbəb özü yaranır. Qadın Allahın əmanətidir. Ona bir toxum verirsən sənə meyvəli ağac olaraq geri qaytarır, bir verirsən min edir. Qadın üzüm kimidir, sən onu bəsləsən şərab olub səni xumarlandıracaq, bəsləməsən sirkə olub zəhər edəcək həyatını.
Qadının gərək qiymətini biləsən. Xanımımdan çox razıyam. Allah onu saxlasın, mənə dözür böyük şeydir. Xətrini çox istəyirəm. İrandakı evlərimdən birini onun adına keçirmişəm
- Neçə eviniz var orada?
- Bir neçə dənə var.
- Burada ayağınızın altını qazanlar olub?
- Qazıb nə edəcəklər? Məni səhranın ortasına at, qələmim əlimdədirsə yazacam da. Mən hər kəlməni musiqi ilə eşidirəm. Siz indi çay gətirən xanıma əllərin dərd görməsin dediniz mən onu melodiya kimi eşitdim. Hər dəqiqə hiss yaranar. "Naz eləmə"ni 2 saata, "Ölərəm sənin üçün"ü 3 günə yazmışam. Ayaq altını qazanlara önəm vermirəm. Məni istəyən istəyəcək.
- Pormehr nə deməkdir?
- Pormehr doğulduğum kəndin adıdır, rəsmi sənədlərdə Pərmehr ediblər. Mənası sevgi dolu deməkdir.
- Burada şou biznesdə ən bəyənmədiyiniz şey nədir?
- İnsanların öz mənəvi keyfiyyətləri ilə deyil, dünya malı ilə öyünmələri. Var dövlətini maşınını geyimini bahalı paltarlarını nümayiş etdirməsi. Maşın sadəcə bir dəmir parçasıdır, mənə xidmət etmək üçündür. Gərək insan sahib olduğu şeylərin əsirinə çevrilməsin. Çevrilənlər çoxdur.
- Sizdən soruşsalar ki, Əli Pormehr necə adamdır, nə cavab verərsiniz?
- Deyərəm ki, ondan heç kimə ziyan gəlməz.
- Əlavə biznesiniz var?
- Turizm şirkətim var idi, sərhədlər bağlananda bağladım.
- Deyirlər xəsis adamsınız.
- Xəsis deyiləm gərəksiz xərclərdən, bədxərclikdən uzağam, axmaq xərclərə qarşıyam. Bu çayı burda 5 manat içirəmsə bahalı bir restoranda 50 manata niyə içim? Yerində və gözəl jestləri sevirəm. Heç kimin toyunu pulsuz oxumaq məcburiyyətində deyiləm. Dost-tanışa görə müəyyən qədər güzəşt edirəm. Amma ailəm var, qocalanda heç kim mənə baxmayacaq.
- Mahnılarınızı neçəyə satırsınız?
- 3 mindən ucuz olmur. Başdan sona qədər, aranjeman edib təhvil verirəm.
- Yeni hansı mahnılar gözləyək sizdən?
- Damla xanıma mahnı vermişəm, çox gözəl mahnıdır. Bilirəm ki, trend olacaq.
Orxan Lökbatanlının, Nüsrət Kəsəmənlinin sözlərinə mahnı bəstələyəcəm. Dayanmırıq. İş gedir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun