AZ

Krunoslav Renduliç: "Oyun penaltilər seriyasına getməyəcək"

Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Sent Patriks” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Birinci oyundan sonra geridəyik. Oyun ağır olacaq. Buna baxmayaraq, hər iki komandanın şansı var. Şanslarımızdan istifadə etməyə çalışacağıq. Oyuna hazırıq. Bəzi itkilərimiz var, amma çalışacağıq ki, problemlərin həllini tapaq.

– Səfərdə gözləniləndən zəif təsir bağışladınız. Sabah rəqib üçün hansı sürprizi, oyun modelini hazırlamısınız? Və əminsinizmi ki, bu plan alınacaq?

– Müəyyən hissədə sizinlə razıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə azlıqdan sonra möhtəşəm oyun göstərə bilməzdik. Faktdır ki, 0:1 hesabıyla uduzmuşuq. Bir fakt da odur ki, şanslar bərabərdir.

– Müdafiə xəttiniz son üç oyunda pis təsir bağışlayır. Müdafiəni gücləndirmək üçün resept varmı?

– Resept çox sadədir. Hər kəs müdafiəyə kömək olmalıdır. Avropada asan rəqib yoxdur. Hücumçun müdafiəyə kömək etməyəcəksə, çətin olacaq.

– “Makkabi” ilə uğurlu oyundan sonra yaranan tendensiya maraqlıdır. İtkiləriniz var, bunun səbəbini nədə görürsünüz?

– Öncə onu deyim ki, futbolda belə hallar olur. “Makkabi”yə qarşı oyunumuz 3 saat çəkdi. 72 saat keçməmiş “Şamaxı” ilə oynadıq, həm də saat 17:30-da. Bu bəhanə deyil. Amma zədəlilərimiz var idi. “Şamaxı” iki zərbə vurdu və hər biri qol oldu. Bu oyundan üç xal gözləyirdik, olmadı. “Zirə” ilə matçda isə penaltiyə qədər bərabər oynayırdıq. Amma penalti bütün matçın taleyini həll etdi. Məğlubiyyət olanda bəzi şeylər pis olur. Amma hər zaman yaxşı şeylərə baxmağa üstünlük verirəm. Mənə görə oyunçularımızın yanaşması çox yaxşı idi.

– Ötən mövsüm də “Partizan”la oyunda yaxşı nəticədən sonra məğlubiyyət oldu və komanda çempionatda eniş yaşadı. İndi də sanki eyni situasiyadır. Hansısa həll yolunuz var?

– Gənc klubuq. Belə proseslər normaldır. Ardıcık avrokuboklara vəsiqə qazanmaq bizim kimi klub üçün yaxşı nəticədir. Onu da nəzərə almalıyıq ki, 7 günə 2 oyun oynamaq bizimçün çətindir. Əlavə vaxtlar, uzun səfərlər və s. Bunlar hamısı oyunlara təsir edir.

– Gənc klub olsanız da, ötən mövsüm bu təcrübəni yaşamısınız. Bundan dərs çıxarılıb?

– Ötən il ötən ildə qaldı. Müqayisə etməyək.

– Rəqib sanki ağır komandadır. Sabah dinamikanı yüksəltmək üçün hansı addımları atmağı düşünürsünüz?

– Sabah birinci saniyədən etibarən planımız hücumu düşünmək olacaq.

– Penaltilər seriyasına hazırlaşmısınız?

– Hazırlaşmamışıq. Düşünürəm ki, oyun o yerə qədər getməyəcək.

Renduliçlə birlikdə konfransda iştirak edən futbolçu Pafol Şafranko da oyun barədə fikirlərini bölüşüb:

- Komanda daxilində ab-hava çox yaxşıdı. Kollektivdə hər kəs bir-birinə inanır. Sabah azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanacağımıza inanırıq. Hər görüşə qalibiyyət əzmi ilə çıxırıq. Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. 

Mehdi Cənnətov: "Turan Tovuz"a qarşı matçlar asan olmur" - Müsahibə

Təbriz Həsənov: "Nə qədər çətin olsa da, "Qarabağ" "Dinamo"nu keçmək gücündədir" - Müsahibə

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşüb

Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB

"Sabah" - "Sent Patriks Atletik" matçına nə qədər bilet satılıb?

Seçilən
57
2
apasport.az

2Mənbələr