AZ

Nazir: Son 120 ildə Türkiyədə 80 min insan zəlzələ qurbanı olub

Nazir: Son 120 ildə Türkiyədə 80 min insan zəlzələ qurbanı olub

Son 120 ildə Türkiyədə baş verən zəlzələlərdə 80 min insan həlak olub. 1999-cu ildə Mərmərədə baş verən yeraltı təkan bizim üçün bir dönüm nöqtəsi oldu. Eyni zamanda 2002-ci ildən sonra şəhərsalmaya baxışımız dəyişdi. Mərmərədəki zəlzələdən sonra edilən dəyişikliklərlə Türkiyənin güclü, dayanıqlı və sağlam şəhərlərini inşa etmək dövrünə girdik. Ölkədə olduqca mühüm hüquqi tənzimləmələr və yeni tətbiqləri həyata keçirdik.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Nazir bildirib ki, Van vilayətində 2011-ci il zəlzələsindən sonra ölkədə şəhərlərin yenidənqurulmasına dair qanunun qüvvəyə minib və bununla bağlı xüsusi qurum yaradılıb. Bundan sonra tədbirlərin təbii fəlakətlərdən sonra deyil, öncə görülməsinə başlanılıb. Hazırda Türkiyədə 36 milyon müstəqil ev və 31 milyon yaşayış binası var. Onlardan təxminən 6 milyonu təhlükəli vəziyyətdədir, 2 milyonu isə təcili yenilənməlidir: “2012-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin hər yerində şəhərlərin yenilənməsi məqsədilə başladılan fəaliyyətlər nəticəsində 3,4 milyon yeni müasir və zəlzələyə davamlı bina inşa olunub. Daha 250 min evin tikintisi davam edir”.

Mümkün İstanbul zəlzələsinin bütün Türkiyəyə təsir edəcəyini vurğulayan nazir deyib: “Ölkəmizin iqtisadi gücü daha çox İstanbulda, bu bölgədə, yəni Mərmərədədir. İstanbulda baş verə biləcək zəlzələ iqtisadiyyat, ticarət və turizmlə yanaşı, təhsil, müdafiə və nəqliyyat sahələrində də ciddi problemlər yaradar. Bu baxımdan xüsusilə son 12 ildə İstanbulda elm adamlarının da dəstəyi ilə yenidənqurma işlərini sürətləndirdik. İstanbulun 39 rayonunda risk analizlərimizi tamamladıq və şəhərdəki ümumi evlərin beşdə birinin, yəni təxminən 1,5 milyon tikilinin yararsız halda olduğunu gördük. Mümkün zəlzələdə 600 min evin ilk dəqiqələrdən etibarən dağılma təhlükəsi var. Yəni təxminən 2,5 milyon insanımız çox ciddi risk altındadır. İstanbulda müəyyən etdiyimiz 1,5 milyon riskli binanın bir hissəsini yenidən inşa etdik, təhsil və dövlət müəssisələrinin dayanıqlığını artırdıq. Şəhərdə yenidənqurma işlər bu gün də davam edir”.

Hazırda əsas hədəfin güclü Türkiyə olduğunu deyən Murat Kurum ən qısa vaxt ərzində İstanbulu zəlzələyə hazır hala gətirəcəklərini bildirib.

Ötən il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələləri xatırladan nazir bölgədə indiyədək 76 min evin yenidən inşa edilib bütün avadanlıqlarla təchiz olunaraq sahiblərinə verildiyini, sentyabrda bu rəqəmin 100 minə çatdırılacağını deyib: “İlin sonuna qədər ümumilikdə ən azı 200 min evi təhvil verəcəyik. 2025-ci ilin sonuna qədər zəlzələ bölgəsində tikilən bütün mənzil və iş yerləri sahiblərinə veriləcək”.

Mənbə: AZƏRTAC

Seçilən
99
50
ilk.az

10Mənbələr