AZ

Yer kürəsi yenidən öyrənilir: həyatın əsl mənşəyi haqqında anlayış tamamilə dəyişə bilər

Yer

Atlantik okeanının altında yerləşən geniş bir sahənin tədqiqatı üçün 1268 metr dərinlikdə qazıntı işləri aparmış elm adamları yer mantiyasının bu günə qədər məlum olmayan nəhəng ölçüdə hissəsini aşkar ediblər. Bu, planetdəki həyatın mənşəyi haqqında müasir elmə qiymətli bir töhfədir və yeni perspektiv vəd edir.

Reyting.az
-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, onlar qrup şəklində fəaliyyət göstərməklə öz böyük istəklərinə çatıblar və bunun nəticəsində yerin mantiyasını 1268 metr dərinliyədək qazıblar. Alimlər bununla bir çox bilgilərə və böyük məlumatlara sahibləndiklərini, planetin geologiyası barədə bir çox şeyləri öyrəndiklərini vurğulayıblar.

Alimlərin sözlərinə görə, qazıntıların aparıldığı həmin ərazidəki çuxur həm də Atlantik okeanın dibində yerləşən Orta Atlantik silsiləsinin vulkanik aktiv bölgəsi sayılır.



Alimlər görülən işlər haqqında deyiblər:

"Bu elmi anlayışdır, hətta sadə bir izahı da var: mantiya yer qabığı ilə nüvə arasında yerləşən yerin ən qalın təbəqəsidir. O isəadətən daha çox yerin qabığının altından tapılır, ancaq Orta Atlantik silsiləsindəki bu qırılma onu sadəcə ifşa etdi, beləliklə, tədqiq edilə biləcək tektonik pəncərə açıldı".

Alimlər bunu hansı üsullarla etdiklərinə də aydınlıq gətiriblər. Onların sözlərinə görə, öncə mütəxəssislər "JOIDES Resolution" qazma qurğusundan istifadə ediblər. Daha sonra geoloqlar bu mantiya süxurunun qalın və möhkəm nümunəsini təmsil edən, eləcə də uzunluğu bir kilometrdən çox olan bir silindri çıxarıblar. Beləcə, həmin tapıntı beynəlxalq komandaya bu mantiyanın tərkibini öyrənmək, həmçinin süxurların mineralogiyasını, eləcə də yeni kəşfin kimyəvi tərkibini sənədləşdirmək, tədqiqatlar aparmaq imkanı yaradıb.

Elm adamlarının əldə etdikləri nəticələrin cavabları gözlənilənlərdən çox yeni və fərqli olub.

"Süxurlarda piroksen adlanan minerallar çox azdır, lakin onlar həm də elə çox yüksək maqnezium konsentrasiyasına malikdir ki, bu da gözləniləndən daha çox kütləvi ərimənin nəticəsidir", - bu yeni elmi mövzu barədə danışan professor Yohan Lissenberq bildirib.



"Geosciences" və "Geosciences School"-dan olan, bir çox uğurlu araşdırma və mantiya ilə bağlı əsas tədqiqatların baş müəllifi, Kardiff Ətraf Mühit Universitetinin məhşur professoru Y. Lissenberq deyib ki, əslində öncə geoloqlar ərintilərin mantiya boyu hərəkət kanallarını kəşf ediblər. Bu isə maqmanın formalaşmasından və planetin səthinə hərəkətindən sonra yerin taleyini izləməyə imkan verir.

Alimlər onu da qeyd ediblər ki, ərintilərin mantiyaya doğru axın hərəkətini, həm də kanalları tədqiq etmək mövcud vulkanları başa düşməyə kömək edə bilər, çünki baş verən mantiya əriməsi səthdə daima vulkanik fəaliyyətə yardımçı missiyasını yerinə yetirir.

Alimlərin fikirlərinə şərik çıxan tədqiqat rəhbəri professor Y. Lissenberqin bu mövzu ilə bağlı söylədikləri də xüsusi maraq doğurur. O deyib: "Proseslər daim nəzarətdə olub. Çox ciddi araşdırmalar da aparmışıq, amma ən maraqlısı odur ki, bu mantiya nümunəsi ümumiyyətlə bəlkə də müasir elm aləmində ilk hadisə kimi Yer kürəsindəki həyatın mənşəyinə tamamilə aydın bir işıq sala bilər. Həqiqətən istisna deyil ki, bu kəşf çox sayda müəmmalara və elmi sirlərə açar ola bilər. Tədqiqatlar zamanı alimlər yenilik etdilər. Nəticədə Olivin adlı mineralla dəniz suyu arasında baş verən qarşılıqlı əlaqə haqqında geniş elmi məlumat əldə olundu. Yəni bu da elm üçün o deməkdir ki, hidrogeni, həmçinin digər molekulları əmələ gətirən kimyəvi reaksiyalar kaskadını Olivin adlı mineralla dəniz suyu işə salır. Onlar isə, bizə məlum olduğu kimi, həyatı davam etdirmək üçün lazımdır".

Alimlərin son qənaətinə görə, bu, planetin erkən dövrlərində Yer kürəsində olan süxurlar bugünkü qitələrimizi təşkil edənlərdən daha çox ekspedisiya zamanı tapılanlara bənzəyir. Onların elmi təhlili göstərir ki, erkən çağ Yer kürəsi tarixinin əvvəllərindən mövcud olan kimyəvi, həm də fiziki mühitə yenidən və tənqidi nəzər salmağa ehtiyac var. Bu böyük və yeni kəşf planetdəki həyatın əsl mənşəyi haqqında anlayışı tamamilə dəyişə bilər.

Oqtay QORÇU
Seçilən
112
14
reyting.az

10Mənbələr