Qazaxıstan məhkəməsi iyun ayında Rusiyanın tələbi ilə saxlanılan Qırğızıstan vətəndaşı Alina Qorşeninanı həbsdən azad edib.
Musavat.com 24kg saytına istinadla xəbər verir ki, Qırğızıstan vətəndaşı iyunun 1-də anası ilə həftəsonu səfərdə olduğu zaman Qazaxıstan sərhədində saxlanılıb. Məlum olub ki, Rusiyada o, Cinayət Məcəlləsinin 296-cı maddəsi (ədalət mühakiməsinin həyata keçirilməsi və ya ibtidai istintaqın aparılması ilə əlaqədar hədə və ya zorakılıq hərəkətləri) ilə axtarışa verilib.
Rusiya hakimiyyəti iddia edir ki, 2023-cü ildə Qorşenina Rusiyanın SİM kartından istifadə edərək 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdan Aleksey Navalnının həbsində iştirak edən Moskva vilayət məhkəməsinin hakimi Yelena Morozova və prokuror Yelena Koloskovaya hədə mesajları göndərib.
İyulun 11-də Korday rayon məhkəməsi Rusiya hakimiyyətinin Qorşeninanın ekstradisiyası ilə bağlı müraciətinə baxıb və prokurorun onun 12 ay müddətinə həbs edilməsi barədə vəsatətini təmin edib.
Avqustun 8-də Qazaxıstan Respublikasının Baş Prokurorluğu Rusiya Baş Prokurorluğunun Alina Qorşeninanın ekstradisiyası ilə bağlı müraciətini təmin etməkdən imtina edib və buna görə də məhkəmə onun həbsdən azad edilməsi barədə qərar verib.
Musavat.com