AZ

Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib

Martın 15-də ASK Plazanın Konfrans zalında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Ümumi Yığıncağı keçirilib.



Komanda.az xəbər verir ki, tədbirdə AAF-ın prezidenti Kamran Nəbizadə, vitse-prezidentlər Mirsəməd Mövsümzadə və Firdovsi Umudov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın üzvləri, mütəxəssislər və digər qonaqlar iştirak ediblər.



Kamran Nəbizadə giriş sözü ilə çıxış edib. Cənab Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində təmsilçilərimizin beynəlxalq arenalarda böyük uğurlar qazandığını bildirib. Ağırlıqqaldırma idman növünə də verilən dəstək nəticəsində mütəmadi qələbələr əldə edildiyini qeyd edib və 12-20 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medala layiq görülən Dadaş Dadaşbəylinin nailiyyətini vurğulayıb. Nəbizadə federasiya tərəfindən nəticələrin daha da yaxşılaşdırılması üçün kütləviliyin artırılması və bunun xüsusilə regionlarda edilməsi, həmçinin ağırlıqqaldırmanın inkişafı istiqamətində bütün digər çalışmaların edildiyini, yeni klubların yaradılması, mövcud klublara dəstək verilməsi yolu ilə inkişaf xəttinin seçildiyini və bu yolda inamla irəlilədiklərini qeyd edib. Avropa və Beynəlxalq Ağırlıqqaldırma Federasiyaları ilə də əlaqələrin möhkəmləndirildiyi, xüsusilə antidopinq siyasəti məsələlərində həmrəy addımların atıldığı, bunun qeyd olunan qurumlar tərəfindən təqdir olunduğu bildirib.



Sonra gündəlikdəki məsələlərə keçilib və bir sıra qərarlar qəbul olunub. AAF-ın İdarə Heyətinin üzvləri Nihatbəy Məmmədli və Anar Hüseynovun işlərinin çoxluğu səbəbindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müraciətlərinə baxılıb. Ümumi Yığıncaq bu müraciəti qəbul edib. Onların yerinə İdarə Heyətinin üzvü vəzifəsinə Maksim Cavadov və Fəxri Mehdiyev seçiliblər.



Daha sonra Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirilib. Gündüz Məmmədov quruma sədr, Bilal Məhərrəmov və Telman Şükürlü isə üzv seçiliblər.



Sonda federasiya üzvlərinin, ağırlıqqaldırma mütəxəssislərinin rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərağırlıqqaldırma

Seçilən
58
7
komanda.az

4Mənbələr