1 saylı Uşaq Bərpa Mərkəzində Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar flaşmob keçirilib

Şarlar və işıqlarla bəzədilmiş foyedə uşaqlar və valideynlər toplaşmışdı. Onlar autizm sindromlu gənc rəssamların əl işlərinə tamaşa edir, öz istedad və bacarığını nümayiş etdirən uşaqların məharətini izləyirdilər.

AZƏRTAC xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki 1 saylı Uşaq Bərpa Mərkəzində Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar keçirilən tədbir iştirakçıları maraqlı bir gün yaşayıblar.

Mərkəzin direktoru Nərgiz Əliyeva qeyd edib ki, flaşmob formasında keçirilən tədbirdə autizm sindromunda reabilitasiya olunmuş Xanlar Qəhrəmanovun 25 rəsm əsəri nümayiş olunub. Onun verdiyi məlumata görə, mərkəzdə həmin sindromdan əziyyət çəkən 18 uşaq reabilitasiya prosesi keçir. Onların bərpa prosesi keçməsi və cəmiyyətə inteqrasiya olunması üçün hər cür tədbirlər görülür və bugünkü tədbir də cəmiyyətin diqqətini həmin kateqoriyadan olanların problemlərinə cəlb etməkdir.

Tədbirdə məlumat verilib ki, autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlar ölkəmizdə xüsusi reabilitasiya prosesinə cəlb olunurlar. Ötən il autizm sindromlu 788 uşağa sağlamlıq imkanları məhdudluq təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 1 və 2 saylı Uşaq Bərpa Mərkəzlərində onlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb edilirlər. Həmin kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılıb, onlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur. Bununla yanaşı, nazirliyin sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Hazırda autizmlə yanaşı, digər səbəblərdən sağlamlıq imkanları məhdudluq təyin edilmiş uşaqların reabilitasiya infrastrukturu genişləndirilir. Bu il Qəbələ və Şəmkir rayonlarında tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Mərkəzdə keçirilən tədbirdən autizm sindromlu uşaqlar və onların valideynləri xoş təəssüratla ayrılıblar.

0
1971
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar