Füzuli şəhəri necə olacaq? - Deputat detalları açıqladı

Füzuli
Xəbər vediyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərinin bərpasının təməl daşını qoydular. 1news.az–ın məlumatına görə, Füzuli şəhəri qısa zamanda respublikamızın infrastruktur baxımdan ən inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək. "Ağıllı şəhər" prinsipi əsasında qurulacaq şəhər hündür mərtəbəli binalar və fərdi yaşayış evlərindən ibarət olmaqla böyük yaşıllıq zolağına malik olacaq. Tezliklə həyat və gülüş yenidən Füzuli şəhərinə qayıdacaq. Milli Məclisin deputatı Vuqar Bayramov 1news.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti tərəfindən Qarabağın Hava Qapısı elan olunan Füzuli şəhəri yenidən canlanacaq:
“Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsuiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq”. V.Bayramovun sözlərinə görə, yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur”. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacağını deyən deputat əlavə etdi ki, şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək: “Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır”.
Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar