AZ

BRICS üzvlüyü Azərbaycana bu dividendləri qazandıracaq...

Image

Məlum olduğu kimi, Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə faktı təsdiqləyib. Sözügedən təşkilatın adı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının baş hərflərindən götürülüb. 

Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Həmçinin Rusiya prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri zamanı prezident İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib. BRİCS 2006-cı ilin iyun ayında Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilib. Hazırda BRİCS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.  Qrup üzvləri illik keçirilən sammitdə prioritetlər müəyyənləşdirir və siyasi və iqtisadi qərarlar qəbul edirlər. Hər bir üzv bir il boyunca qrupa rəhbərliyi həyata keçirir. Yeni üzvlərdən sonra qrupun adı BRİCS+ kimi qeyd edilir. Azərbaycanın bu quruma qoşulmasında Çin maraqlı olduğunu bildirir. Çinlə yanaşı, Rusiya da Azərbaycanın BRICS-ə qoşulmaq qərarını alqışlayır. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bu xüsusda bildirib: “Biz dost Azərbaycanımızın BRICS-in işində tamhüquqlu üzv kimi iştirak etmək istəyini alqışlayırıq. Biz bunun baş verməsinə kömək etməyə davam edəcəyik, lakin BRICS-ə yeni üzvlərin qəbulu üçün aydın mexanizm hələ hazırlanmayıb. Düşünürəm ki, bu, yaxın illərdə həyata keçiriləcək”. Ekspertlər hesab edir ki, Azərbaycanın BRICS-ə marağı təsadüfi deyil. BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. Qurumun üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir. Hesablamalar göstərir ki,  Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20 faizi BRICS üzvlərinin payına düşür. Rusiya və Çin ölkəmizin ən çox ticarət etdiyimiz üçüncü və dördüncü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu, ölkəmiz üçün yeni perspektivlər və imkanlar aça bilər. Eyni zamanda Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Uzun illər böyük səylər əsasında yaradılan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzrə daşımaların intensivləşməsi ölkəmizə böyük iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri, həm də BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır.

O da nəzərə alınmalıdır ki, BRICS-ə üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır. BRICS-in daha bir mühüm özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Yəni üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. Bu fonda açıq görünür ki, BRICS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, ölkənin iqtisadi siyasətinin hədəflərinə uyğundur. Beləliklə,  BRICS-ə üzvlük əlavə iqtisadi fürsətlər yarada bilər. Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək. Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər. Ekspertlər qeyd edir ki, BRİCS-i əhəmiyyətli edən ən əsas məqamlardan biri də dünya əhalisinin 45%-ni, dünya iqtisadiyyatının isə 28%-ni özündə cəmləşdirməsidir. Qrup, eyni zamanda dünya neft resurslarının 44%-nə nəzarət edir. Nəzərə alsaq ki, Qərb dövlətlərinin dünya siyasətindəki ən effektiv təsir mexanizmlərindən biri Dünya Bankı və Beynəlxalq Valyuta Fondudur, BRİCS bu təsiri azaltmaq üçün 2014-cü ildə özlərinin maliyyə institutu olan Yeni İnkişaf Bankı təsis etdilər. Bu institut 2022-ci ilin sonuna qədər inkişaf etməkdə olan ölkələrdə 32 milyard dollar dəyərində infrastruktur layihələrə maliyyə ayırıb. Bunlar fonunda Azərbaycanın BRICS-ə marağı tamamilə təbii hesab olunur.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
baki-xeber.com

1Mənbələr