AZ

Şamaxıda “4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” adlı tədbir keçirlib

Bakı, 22 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda “29 iqlim söhbəti: COP29-a gedən yol” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iqlim böhranına qarşı mübarizədə texnologiyanın transformativ potensialını araşdırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbirdə BMT Azərbaycanın Rezident Əlaqələndiricisinin Ofisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyi (UNFCCC), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Əhali Fondu (UNFPA), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin İnkişaf Proqramı (UNDP), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı iştirakçıları salamalayaraq tədbir üçün Şamaxı rayonunun seçilməsinə görə təşəkkür edib. O, rayonda 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində qurum tərəfindən həyata keçirilən marifləndirici tədbirlər və layihələr barədə məlumat verib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyinin İqlim dəyişikliyi üzrə idarəçisi (UNFCCC) Niklas Svenningsen açılış nitqində texnologiyanın COP29 və ondan sonrakı məqsədlərə nail olunmasında həlledici rolunu vurğulayıb.

“İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bizə lazım olan əlverişli texnologiyalar artıq mövcuddur, lakin onları tətbiq etmək üçün siyasi iradəyə ehtiyacımız var. COP29 bu iradənin gücləndirilməsinə töhfə verəcək”, - deyə N.Svenningsen qeyd edib.

Sonra “Dördüncü Sənaye İnqilabı texnologiyalarının iqlim dəyişikliyinə qarşı mübarizədə rolu”, “Əhalinin ehtiyaclarına cavab verən demoqrafik tədqiqat texnologiyaları” və “Dayanıqlı səhiyyə sistemləri və texnologiyanın sağlamlıqda rolu” mövzularında təqdimatlar edilib.

Tədbirin sonunda “Dayanıqlı inkişaf üçün texnologiyaların inteqrasiyası” mövzusunda panel sessiyası təşkil olunub. Paneldə 4-cü Sənaye İnqilabı texnologiyalarının iqlim dəyişikliyilə mübarizədə rolu ilə bağlı spikerlər öz fikirlərini bölüşüblər. Tədbirin keçirilməsində əsas məqsəd dövlət məmurları, BMT əməkdaşları, texnologiya mütəxəssisləri, ətraf mühit sahəsində işləyən elm adamları və digər əsas maraqlı tərəflər arasında işgüzar əlaqələri genişləndirmək olub. Bu baxımdan, müzakirələr texnoloji həllərin milli və regional iqlim fəaliyyət planlarına inteqrasiyası üçün əməli strategiyaların araşdırılmasına yönəlib və nəticədə COP29-un daha geniş hədəflərinə töhfə verib.

“29 iqlim söhbəti: COP29-a gedən yol” tədbirlər silsiləsi Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, Azərbaycanda iqlim fəaliyyətilə bağlı genişmiqyaslı dialoqu təşviq etmək üçün BMT-nin həyata keçirdiyi bir təşəbbüsdür. Bu tədbirlər müxtəlif sektorlar arasında innovasiyanı, əməkdaşlığı və qlobal iqlim böhranına qarşı mübarizədə birgə məsuliyyəti və fəaliyyəti təşviq etməyi hədəfləyir.

Seçilən
93
50
azertag.az

10Mənbələr