Toy deyəndə ilk ağlınıza nə gəlir? Ağ geyimli gəlin, yanında bəy, musiqi, əyləncə və bir də… tamada. Sonuncu sözü oxuyanda üzünüzdə yaranmış ifadəni təxmin edə bilirəm. Öncə bir az təbəssüm yananan simanızı bu sözü oxuyar–oxumaz “turşutdunuz”. İnkar etməyin, hiss etdim. Tamada sözünə allergiyamız var sanki, elə deyil? Bu söz bizim leksionumuzda olmayıb əvvəllər, gürcü dilindən gəlir, mənası “məclis idarə edən” deməkdir. Biz bu sözü daha öncələr masabəyi, süfrəbəyi, toybəyi kimi istifadə etmişik. Amma daha çox masabəyi kimi tanınır. Masabəyinin vəzifələri toyda deyilən tost-sağlıqlara nəzarət, çıxışların nizamlanması, asayişin bərpa olunması idi. Masabəyi bir növ toyun təşkilatçısı idi, onun vəzifələrinə toyun idarəsi, musiqiçilərin kontrolu, nitq söyləyənlərin çıxışının nizamlanması və s. daxildir. Səliqəli və hazırcavab olmalı, əhvalı yüksək tutmağı bacarmalı, yerində müdaxilə qabiliyyəti olmalı, improvizələri bacarmalıdır. Maraqlı burasıdır ki, bizim qədim ənənəmiz hesab edilən masabəyilik sonradan Sovet İttifaqının bütün respublikalarına yayıldı. 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri baş vеrən siyasi və iqtisadi qarışıqlıqdan dolayı bir çox insan, o cümlədən sənət adamları, aktyorlar işsiz qaldı, maddi problemləri yarandı. Hərə öz bildiyi kimi vəziyyətdən çıxmağa çalışdı. Kimisi alverə girişdi, kimisi qismətini xaricdə axtarmağa getdi, kimisi də tamadalığa başladı. Düzdür, o vaxtlar tamadalıq indiki qədər yayılmamışdı, bir neçə tanınmış sima vardı ki, bu işlə məşğul olurdular. Toylardakı tamada kabusu da elə o illərdə başladı. Çünki o vaxta qədər tamadaya “masabəyi” deyirdilər və hər adam masabəyi ola bilməzdi. Bunun üçün sinədəftər olmalı idin, bunun üçün əsl sənət, söz adamı olmaq lazım idi. Masabəyi şou adamı olmurdu, toyda gərəksiz mövzularda danışıb qonaqların ürəyini sıxmırdı, çox danışdığına görə döyülmürdü, boşboğaz hesab edilmirdi. Amma indi... Bir də görürsən bir toyda tamada alıb əlinə mikrofonu, pullu qonaqları bir-bir dəvət edir səhnəyə, nə qopara bildi, qənimətdir. Əvvəl pulunu alır, bir bayağı mahnı da hədiyyə edir. Toyu olan gənclər bir tərəfdə qalıb, qonaqlar mahnı üstündə bir-birini qırır. Bu toy kiminçün çalınır, kimin ən yaddaqalan günüdür - bunu yada salan yoxdur. Toydan çıxanda yadında ancaq çəngəl-bıçağın cingiltisi, tamadanın şit zarafatları, musiqiçilərin qulaq pərdəsini deşib bir dəqiqədə 70 milyon beyin hüceyrəsini öldürəcək desibeldə olan ifaları, bəy-gəlinin bezgin siması qalır. Ayrı nə? Əvvəllər masabəyliyinin yazılmamış bir qanunu da vardı - idarə etdiyi toyda spirtli içki içməməli idi. Masabəyinin peşəkarlığı bununla ölçülürmüş. Əgər masabəyi idarə etdiyi toyda spirtli içki içərdisə, o masabəyini bir də kimsə toya çağırmırdı. “Masabəyi” deyəndə tanıdığım ən alicənab adamı xatırlayıram həmişə. Hələ məktəbli ikən tanıdığım masabəyi orta yaşlı bir kişi idi. Onun toyları idarəetmə qabiliyətinə hamı heyran idi. O olan toylarda heç vaxt dava olmazdı, heç bir narazılıq yaranmazdı. Söhbətinin, bəy tərifinin, məclis idarəsinin bir çəkisi, ağırlığı vardı. İndiyədək onun idarə etdiyi toylardan danışılır. İllər keçib, ondan sonra yüzlərlə tamada görmüşəm, amma onun kimi əfəndi masabəyi görmədim. Masabəyinin vəzifəsinə toyu dava-dalaşsız idarə etmək, gələn qonaqların zövqünü oxşamaq daxil idi. Toyda çıxış etmək, təbrik ünvanlamaq istəyənlər masabəyinə yaxınlaşar, istəyini ona bildirərdi. O da münasib bir vaxtda həmin adama söz verərdi, məclis də maraqla o çıxışı dinləyərdi. Bəs indi bu marağın ölməsinə səbəb nədir? Niyə bir vaxtlar toyların bəzəyi, dadı-duzu hesab edilən masabəyilər indi sevilmir? Axı müasir toylarda tamada deyə tanıdığımız masabəyi də bu vəzifələri daşıyır. Amma əvvəllər söz almaq istəyən qonaq özü masabəyinə yaxınlaşırdı, indi tamada qır-saqqız olub qonağa yapışır. Əvvəllər kimin imkanı var idisə, masabəyinə o nəmər, xələt, ənam verirdi, indi tamada özü dili ilə istəyir. Əvvəllər toyda yığılan şabaş toy sahibinə təhvil verilirdi, indi tamada cibinə qoyur. “Bu şəhərdə”nin məşhur siması “Siltuş Çölçəmənli” - qırmızı saçlı, böyük qarınlı, yaşıl pencəkli, çiyindən aşırmalı sarı şalvarlı bu tamada bəzi tamadaların bir qədər şişirdilmiş obrazıdır. Gülməli şeirləri, bayağı sağlıqları və “bir tuş” devizi ilə məşhur olan tamada Siltuş kimiləri reallıqda da az deyil. Daha doğrusu, müasir toylarda rast gəldiyimiz tamadaların arasında daha yaxşıları da var, daha pisləri də. Məclis “aparmaq”, idarə etmək bir mədəniyyətdir və bu mədəniyyətin də xüsusi inkişaf mərhələsi olur. Bir mahnı oxuyub klip çəkdirən də tamada olur, bir teatrda iki dəqiqəlik rol alan da. Yağışdan sonra artan göbələk misalı tamadaların sayəsində indi gerçək masabəylərinin də dəyəri itir. Bütün dəyərlər bu cür itir. Lalə Mehralı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta