AZ

Yeddi ilə əvvəl arvadını bıçaqlayan, qonşusunu isə öldürən şəxsin istəyi reallaşmadı

Şirvan Apellyasiya Məhkəməsində adam öldürmək və adam öldürməyə cəhddə tərqsirlədirilən Əfqan Rəhimovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Hadisə 2017-ci il sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbədə yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanım Rəhimovaya və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib. A.Kərimov hadisə yerində ölüb, Xanım isə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Rəhimov tutulub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs 18 il 06 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən məhkum apellyasiya şikayəti verməyib. Bir neçə ildən sonra o, Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırıb. Vəsatətini onunla əsaslandırıb ki, hökmün nəticə hissəsində olan uyğunsuzluqla əlaqədar yazdığı ərizələrə cavab verilməməsi ilə bağlı müddəti ötürüb. Məhkəmə vəsatəti rədd edib. Həmin qərardan narazı qalan Ə.Rəhimov apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 09:35   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
pravda.az

1Mənbələr