AZ

Anasını ölümlə hədələyən şəxs məhkəmə zalından həbs edildi

 Şirvan Apellyasiya Məhkəməsində öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmədə tərqsirlədirilən Ə.Qasımzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 05 may 2023-cü il tarixdə, saat 23 radələrində Lənkəran rayonu Bala Şürük kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1997-ci il təvəllüdlü Ə.Qasımzadə yaşadığı evdə 2005-ci ildə vəfat etmiş atasından anası, zərərçəkmiş L.Qasımovaya miras pul qaldığını güman edib. O, anasından pul istəyərkən qadın isə inkar edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb və təqsirləndirilən şəxs əsəbiləşərək yaşadığı evin giriş qapısını bağlayıb anasına daha evdən çıxmayacağını tapşırıb. Sonra qadın ona qarşı qeyri-qanuni hərəkət edilə biləcəyindən qorxub və qohumu vasitəsi ilə 06 may 2023-cü il tarixdə, gecə saat 02:30 radələrində Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə mobil telefon vasitəsi ilə məlumat verilib. Gecə saat 03 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evin həyətinə gəlib və L.Qasımovanın şikayət etməsi barədə məlumat aldıqlarını bildiriblər. Daha sonra təqsirləndirilən şəxs anasının evdə olmadığını bildirsə də, qadının evdən polis əməkdaşlarına işarə verdiyini yəqin edib. Polis əməkdaşları ondan qapını açmasını tələb etmələrinə əhəmiyyət verməyib və anasının hərəkətinə qəzəblənib. O, götürdüyü mətbəx bıçağını anasına doğru tutaraq, onu evin ikinci mərtəbəsinə aparıb, orada əsəbi halda qışqıraraq qadından şikayətini geri götürməsini tələb edib. Bundan başqa, o, polis əməkdaşlarının onun həyətindən getməyəcəyi təqdirdə L.Qasımovanı öldürəcəyi kimi ifadələr işlədib, bıçağın tiyəsini qəsdən anasının boğaz nahiyəsinə dirəyərək, onu öldürməklə hədələyib. Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Ə.Qasımzadə 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclasından həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 09:57   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
pravda.az

1Mənbələr