AZ

Məktəbli bazarlığı: əl yandıran qiymətlər - Bahalaşmanın səbəbi nədir?

Yeni dərs ilinin başlamasına bir neçə həftə qalıb. Hazırda valideynlərin tək qayğısı övladlarını məktəbə ürəyi istədiyi səviyyədə yola salmaqdır. Ancaq məktəb ləvazimatlarının qiymətində müşahidə olunan artım onları çətinə salır. Qiymətlər məvacibi, maddi imkanı aşağı olan valideynləri övladlarına hər cür məktəb ləvazimatı ilə təmin etmək imkan vermir.

Maraqlıdır, valideyn bir övladını məktəbə yola salmaq üçün nə qədər xərc çəkməlidir?

Bunu müəyyən etmək üçün paytaxtdakı məktəb ləvazimatlarının satışı ilə məşğul olan bir neçə mağazaya üz tutduq. Yeni dərs mövsümü ərəfəsində baş çəkdiyimiz satış obyektlərində məktəb ləvazimatlarının qiymətinin doğurdan da xeyli yüksək olduğunun şahidi olduq.

Ötən illə müqayisədə bu il ləvazimatların qiymətində artım var. Bunu satıcılar da təsdiqləyir.

İnsanların məktəbli lavazimatları almaq üçün daha çox üz tutduğu "28 May" metrostansiyasının qarşısındakı yeraltı keçiddə satıcı ilə söhbət zaamanı öyrəndik ki, bahalaşmaya səbəb məktəbli ləvazimatlarının çoxunun Türkiyədən gətirilməsidir.

Satıcı bildirdi ki, əvvəllər ləvazimatlar ölkəyə əsasən, Çindən gətirilirdi. Son iki ildə isə bazarda əsas üstünlük Türkiyədə istehsal olunan məktəbli ləvazimatlarına verilib. Türkiyədə isə qiymətlər bahalaşıb. Bu da ölkəyə gətirilən məhsulların qiymətinə təsir göstərib: “Hazırda satışda olan ləvazimatların çoxu, çantaların isə demək olar ki, hamısı Türkiyə istehsalıdır. Ötən il ən ucuz çantanın qiyməti 15-20 manat idi. İndi ən ucuz çanta 35 manatdan başlayır”.

Digər məktəb ləvazimatlarının da qiyməti yüksəkdir. Məktəbli ləvazimatlarının qiymətləri aşağıdakı kimi dəyişir:

Məktəbli çantalarının əksəriyyətinin qiyməti 35-180 manat arasındadır.

Türkiyə və Azərbaycanda istehsal olan dəftərlərin qiyməti isə belədir: 12 vərəq - 30 qəpik, 24 vərəq – 40-70 qəpik, 48 vərəq - 60-90 qəpik, 60 vərəq - 1 manat 20 qəpik, 96 vərəq -1,70 qəpik.

Rusiya istehsalı olan dəftərlərin qiyməti isə bundan 20 qəpik bahadır. Sadə qələm 30-70 qəpik, sadə karandaş 30-60 qəpik, rəngli karandaşlar 2,50-35 manat, marker 70 qəpik -1 manat, qələmyonan 50 qəpik - 2.50 qəpik, yapışqan 60 qəpik-1 manat 20 qəpik, plastilin 3 manat 50 qəpik -7 manat, 25 ədədlik dəftər üzləri 3 manat 70 qəpik, kitab üzləri 4 manat 10 qəpik (12 ədəd), qələm qabları 7-30 manat, su qabları 6-25 manata satılır. Rəsm albomlarının qiyməti 2 manat 20 qəpik - 5 manat 60 qəpik arasında dəyişir.

Gündəliklərin qiyməti 1 manat 70 qəpik - 4 manat, lüğət dəftərlərinin qiyməti isı 1,6-2 manat arasında dəyişir.

“20 Yanvar” metrosu yaxınlığında yerləşən yarmarkada da bütün malların qiyməti bahadır.

Şəhərin müxtəlif ərazilərində yerləşən firma mağazalarından məktəbli bazarlığı edənlərin xərci isə iki, bəzən də üçqat artır. Sözügedən mağazalarda məktəbli ləvazimatları tanınmış firmaların məhsulları olduğundan burada qiymət də bahadır. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir.

Qeyd edək ki, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etmək məqsədilə Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb. Çadır tipli yarmarkalar sentyabrın 25-nə qədər fəaliyyət göstərəcək. Yarmarkada qiymətlər məhsulun keyfiyyətinə və istehsal olunduğu ölkəyə görə dəyişir.

Məktəb ləvazimatlarından fərqli olaraq bu il məktəbli formalarının qiymətində bir dəyişiklik yoxdur.

Oğlanlar üçün

Polo köynək qısaqol, ölçüsü 26-54, qiymət 15 AZN

Polo köynək uzunqol, ölçüsü 26-54, qiymət 15 AZN

Şalvar, ölçüsü 26-54, qiymət 20 AZN

Jaket, ölçüsü 26-54, qiyməti 30 AZN

Qızlar üçün

Polo köynək qısaqol, ölçüsü 26-54, qiymət 15 AZN

Polo köynək uzunqol, ölçüsü 26-54, qiymət 15 AZN

Şalvar, ölçüsü 26-54, qiymət 20 AZN

Jaket, ölçüsü 26-54, qiyməti 30 AZN

Ətək, ölçüsü 26-54, qiyməti 20 AZN

Məktəb ləvazimatlarının qiymətinin baha olması valideynlər tərəfindən də narazılıqla qarşılanır. Valideynlər deyir ki, ötən tədris ili ilə müqayisədə bu il məktəb ləvazimatlarının qiyməti xeyli bahalaşıb. Dəftərdən tutmuş, qələmə, məktəbli çantasına qədər hər şeyin qiyməti qalxıb.

Valideyn Zülfiyyə Osmanova bildirib ki, ötən illə müqayisədə bu il məktəb ləvazimatlarının qiyməti xeyli artıb:

“Bu il qiymətləri çox qaldırıblar. Normal çanta, ayaqqabı almaq istəyirsən, o da çox baha çıxır. Dəftər, karandaş, digər ləvazimatlar, məktəbli forması xeyli pul tutur. Ayaqqabı, dəyişək köynəyi və şalvarı da hesablayanda qiymət ikiqat qalxır. Böyük övladım 8, balaca 5-ci sinifdə oxuyacaq. İkisinə bir yerdə mənə azı 500-600 pul lazımdı. Vallah, indi məktəbə uşaq yola salmaq universitetdə tələbə oxutmaqdan qat-qat çətindir”.

Digər valideyn Səma Süleymanova qeyd edib ki, avqust ayında məktəb ləvazimatlarının qiyməti daha da bahalaşıb: “Ötən ay nisbətən ucuzluq idi. Bu ay qiymətlər kəllə çarxa qalxıb. Keçən ay çanta almaq istəyirdim, qiyməti də münasib idi. Satıcı dedi ki, bunlar ötən ilkidir. Avqustun əvvəlində yeni modellər gələcək. Qiyməti də münasib olacaq. Yeni modellər gəlib. Amma qiymətində təxminən 7-10 faizə yaxın artım var. Deyirlər, yerində qiymətləri qaldırıblar. Biz də məcbur qalıb baha satırıq. Digər ləvazimatların da qiymətini qaldırıblar. Penal, su qabları da bahalaşıb”.

Valideyn Azadə Salmanovanın sözlərinə görə, məktəbli formaları keyfiyyətsiz olduğu üçün o övladlarına formaya oxşar rəngdə başqa firmaların köynək və şalvarlarını alır: “Məktəbli formaları çox keyfiyyətsizdir. İlin ortasında sıradan çıxır. Köynəklər enlənir, qısalır, şalvarlar sökülür, süzülür. Ona görə də məcbur qalıb uşaqların məktəbli formasına uyğun başqa firmaların köynək və şalvarlarını alıram. Bu il o firmalar da qiymətləri qaldırıb. Bir şalvara 45 manat, köynəyə 30 manat pul vermişəm. Formaları normal parçadan tiksəydilər, mən də əlavə xərcə düşməzdim. Çanta, ayaqqabı və digər ləvazimatları da hesablayanda görürsən ki, bir uşağı məktəbə yola salmaq üçün valideyin aylıq əmək haqqının 80 faizini xərcləməlidir”.

Beləliklə, apardığımız təxmini hesablamalara görə, bir uşağı məktəbə göndərmək üçün valideyn ən azı 250-300 manat xərcə düşməlidir. Əgər buraya qış geyimlərini də əlavə etsək, onda bir uşağın bazarlıq xərci 400 manatdan artıq çıxır. Əgər bir ailədən 2-3 uşaq məktəbə gedirsə onda xərc daha da artır.

Bu vəziyyətdə təsəlliverici məqam odur ki, dərsliklər məktəblilərə dövlət tərəfindən pulsuz verilir. Yoxsa valideynlərin işi lap çətin olardı.

Dövlət dərsliklərin çapına çəkilən xərci öz üzərinə götürməklə valideynlərin yükünü qismən azaltsa da, məktəblərdə müxtəlif fənlər üzrə əlavə vəsaitlər tələb olunur. Apardığımız müşahidələrə əsasən, bu il əlavə dərs vəsaitlərinin, xüsusilə də test toplularının, sinifdən xaric oxu üçün kitabların, iş dəftərlərinin qiymətində də artım var.

Təhsil eksperti Elşən Qafarov deyir ki, bəzi valideynlər bir çox hallarda ailə planlaşdırmasını və özlərinin büdcə xərclərini düzgün planlaşdırmadıqları üçün məktəbli övladları üçün avqust ayının sonu - sentyabrın əvvəlində bazarlıq edirlər. Ona görə də müəyyən çətinliklərlə üzləşırlər. Bu zaman ailənin büdcəsinə də çox yük düşür:

“Valideynlər bilirlər ki, övladları məktəblidir. Ona görə də qələm, dəftər, karandaş, çanta kimi ləvazimatları iyul ayından almağa başlamalıdırlar. Məktəbin başlamasına az qalmış yalnız məktəbli forması alsalar, bu zaman onlara çətinlik, yüklənmə olmaz. Təbii ki, valideynlər planlaşdırmanı düzgün aparmır və məktəb bazarlığını gecikdirirlər. Avqustun sonu - sentyabrın əvvəlində tələb-təklif artdığı üçün qiymətlərdə də artımlar müşahidə edilir. Bu zaman da övladı məktəbli olan valideynlər çıtinliklərlə üzləşirlər. 2-3 övladı olan valideynlər üçün isə birdən-birə 600-700 manat pul xərcləmək böyük xərcdir. Planlaşdırmanı düzgün aparsalar, bu qədər xərcə düşməzlər”.

İqtisadçı ekspert Rəşad Həsənovun dediyinə görə, ənənəvi olaraq hər yeni tədris ilinin yaxınlaşması ərəfəsində məktəb ləvazimatlarının qiymətində artım müşahidə olunur. Bir qayda olaraq dərs ili öncəsi satıcılar təklif etdikləri məhsulların qiymətini artırırlar:

“Bunun qarşısını almaq üçün hökumət iyul – avqust aylarında ölkəyə idxal olunan məktəb ləvazımatlarının əlavə dəyər vergisindən azad edilməsi barədə qərar qəbul edilə bilər. Sadəcə, sözügedən aylarda. Bu zaman satıcıların qiymətləri qaldırmaq üçün bəhanələri olmaz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
11
hurriyyet.az

10Mənbələr