AZ

“Hədəfə vasitə Qadın”, yaxud “Satılmayan mənlik” - Sevinc Qəmbərli

Kulis.az Sevinc Qəmbərlinin “Hədəfə vasitə Qadın”, yaxud “Satılmayan mənlik” yazısını təqdim edir.

- Bu insanlarla mənim heç bir ortaq nöqtəm yoxdur.

- Bu mühüm deyil. Gözəl danışmağın, ağıllı və mədəni olmağın bəsdir.

Yenicə ailə qurmuş Randa bu sözləri həyat yoldaşından eşidəndə zəlzələyə uğramış bir bina kimi çökür sanki. Anlayır ki, aldadılıb, Ənvər üçün bir hədəf olduğunu düşünərək aldadıb özünü, əsl həqiqət isə çox fərqli və çox acıdır, onun həyatında ancaq hədəfə aparan vasitədən başqa bir şey deyildir, əslində. O bu dünyada öz ehtiraslarını, öz maraqlarını güdərək yalnız öz mənafeyini düşünür. Gənc qadın dərk edir ki, Ənvərin planlı şəkildə qurulmuş irəliləmə strategiyasında oynaya biləcəyi roldan başqa onunla bağlı heç bir fikri yoxdur. Bu tabloda isə sevginin nə yeri vardır, nə mənası. Tezliklə xəyalları puç olur və özünü boş yerə satmış olduğunu, bir heçə qurban etdiyini hiss edir. Ənvərin həyatında onun vəzifəsi qonaqlarına iltifat göstərmək, onları şənləndirmək və içki təqdim etmək idi. Hətta bəzən əri axşamkı işlərini təxirə sala bilməyəcəyini deyib bunu tamamilə ona həvalə edirdi. İşdə Randanın müdiri olan Ənvər Əllam ona evlilik təklifi edərkən demişdir: “Bəlkə, eşq haqqında yaxşı danışa bilmirəm, amma içimdə eşq var. Mən romantik bir adam deyiləm, amma evlənmək üçün bütün arzu etdiyim şərtləri səndə yüksək səviyyədə tapıram”. Söhbət hansı şərtlərdən gedirmiş.

O

Nəcib Məhfuz

- Bu, səmərəsiz keçmişinə son bir vida olsun.
- Həyatımdakı ən qiymətli şeyi itirdim..
Ənvər ilə evlərində təşkil edilmiş nişan mərasimi bitdikdən sonra Randa otağında bacısı Sənaya bunu etiraf etdi. O anlayırdı ki, bu izdivaca razılıq verməyi ilə əsl xoşbəxtliyi əllərindən uçub gedir, illərlə sevdiyi, heyran olduğu, acısını, sevincini bölüşdüyü, ruhunun yoldaşını, ürəyinin dostunu - Ülvanını itirir. Çünki könlünü bəxş edib sevdiyi bu insan həyatının özəyinə çevrilmişdi artıq. Onlar eyni binada, eyni yaşda idilər, uşaqlıq illərindəki oyunlar kimi. Məktəbin son illərində aralarında sevgi yarandı. İki mərtəbə arasındakı zarafatlaşmalar və rəmzi ifadələr çoxalmağa başladı. Onların bir-birlərinə etdikləri sevgi etirafı da çox özəl oldu: günlərin bir günü Ülvan onun ovcuna etiraf məktubu qoydu, Randa isə ona cavabında “İki nəslin vəfası” hekayəsini hədiyyə etdi. Son sinfi birgə bitirdikdən sonra, doğmaları buna qarşı olub narazılıq etsələr belə (Həyatda bir şey etməmiş evlənməyi düşünmək doğru deyil; Qız səndən yaşca böyükdür; Hər ikiniz kasıbsınız və s.), sonunda onların istəklərini qəbul edərək dəstəkləməli oldular və gözəl bir gündə gənclər çoxdan arzuladıqları kimi nişanlandılar.

- Özün gözəlsən, ruhun gözəldir. Bir günyağışlı havada gəzsək, ehtiyatlı ol. Bil ki, hər an səni öpə bilərəm, uzun-uzun..
- Dəlisən, ağlını itirmisən sən..
- Məni yola ver, denən ki, bu da belə dəlidi də. Mənim nəyisə düşünüb deməyimin sənə ziyanı var? Heç olmasa, xəyalən rahat olum, xoşbəxt olum. Olmaz? İtmə həyatımdan, heç vaxt itmə. Elə bir tərəfdə ol ki, hər əlimi uzadanda sənə çatım. Söz ver buna, and iç..

Sanki hər kəs, sanki hər şey onların vüsalına qarşı bir birlik idi. Nə qədər möhkəm olmağa çalışsalar belə, əzmlə mübarizə aparıb bir-birlərinin əllərindən bərk-bərk tutsalar belə, sonunda təslim oldular, təslim edildilər, daha bacarmadılar, gücləri çatmadı.Doğmalar ilə, ətrafdakılar ilə mübarizə aparmaq, həlli görünməyən məsələlər qarşısında aciz qalmaq onları çox yordu çox və Ülvan üç il davam edən nişanlılıqdan sonra məcburiyyət qarşısında qalaraq Randanı özündən azad eləməli oldu: “Əvvəlcə sadəcə aşiq idim, sonra isə yorğun, aciz və məsuliyyətli bir insana çevrildim. İndi biz görüşəndə artıq məhəbbət haqqında deyil, maddi sıxıntıları necə dəf edəcəyimiz barədə söhbət edirdik. Nə onun əlində bu problemlərinhəllinə çarə var, nə də ki mənim. Sahib olduğumuz yalnız məhəbbət və isrardır. Dəli dünyanın burulğanında qərq olduq”. Onların qəlbində dərin kök salmış məhəbbət daimi oldu, israr isə mövcud şərtlər daxilində artıq davam gətirə bilmədi, sevərək ayrıldılar.

Nəcib Məhfuz romanda iki ailənin timsalında ölkədə baş verən iqtisadi böhranı, qıtlığı, xalqın yaşadığı sosial çətinliklikləri ustalıqla canlandıra bilmişdir. İnsanların təməl ehtiyaclarını ödəyə bilmək üçün bir neçə yerdə işləməli olmaları, işlərini itirmək qorxuları, bu vəziyyətin onları yoraraq tükəndirməsinə oxucusunu canlı şəkildə şahid edir. Bu gərgin iş rejimi və vaxt çatışmazlığının gətirdiyi yorğunluqdan, bezginlikdən ata və anası öz yeganə övladları Ülvana belə zaman ayıra bilmirdilər, onu dinləyə bilmir, anlaya bilmir, qayğılarına şərik ola bilmirdilər: “Valideynlərim səhərdən-axşamadək işləyib özlərini həlak etdilər və beləliklə, mən onları itirdim. Onlar ailənin ehtiyaclarını ödəyə bilmək və bir tikə çörək əldə etmək üçün gecə-gündüz dövlət işi ilə özəl işlər arasında qıvrılırdılar. Biz onların üzünü çox az hallarda görürdük: - Bağışla bizi, amma boş-boş danışmağa vaxtımız yoxdur. Görmürsən ki, yatmağa belə vaxt tapmırıq”.

Ülvan çox götür-qoy edir, vəziyyəti düzəldə bilmək üçün çıxış yolları axtarırdı. Xarici bir ölkəyə gedib işləmək imkanları barədə də düşünmüşdü. Lakin o və nişanlısı humanitar sahələri seçərək Misirdə fəlsəfə və tarix ixtisasları üzrə təhsil almışdılar. Bu sahələrin məzunlarına isə tələbat yox idi. İndiyədək bənzər fikirlər və situasiyalar ilə çox rastlaşmışam. Hər hansı bir ixtisasa, klassik bir peşəyə illərini vermək və nəticədə onun hazırda aktual olmadığını, çox aşağı dəyər verildiyini görmək çox ağır gəlir. Məsələn, “filoloq” ixtisası üzrə təhsil alan gənclərin də gələcəkdə hansı sahədə, harada çalışa biləcəkləri düşüncəsi üz-üzə qalıb qayğılandıqlarına şahid olmaq düşündürür və bir çox suallar yaradır. Bu sahə üzrə məzun olacaq tələbələrlə gələcək planları ilə bağlı söhbət edərkən görürsən ki, çoxluq ixtisasartırma, ya ixtisasdəyişmə barədə düşünür: dil-ədəbiyyat müəllimi (Qeyd etmək istərdim ki, ayrıca olaraq “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası da var bir çox ali məktəblərdə, ora axın da, onlara tələbat da çoxdur) kimi çalışmağı istəyənlər çox olur, oğlanlar polis olmaq istəyini bildirir, rəssam, fotoqraf, aktyor olmağı arzu edənlər də olur aralarında gənclərin..

Zaman makinəsində təxmini olaraq onların yaşı qədər (20 il) geri dönə bilsəydim, eyni ixtisasda təhsil alan biri kimi öz düşüncələrimi belə verərdim.. “Səfirlikdə çalışacağam” dediyim olub: bu fikrə “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” fənnini tədris edən dəyərli müəllimimiz Əlyar Səfərlinin (səfir olmuşdur bir müddət) fəaliyyətindən ilhamlanaraq gəlmişdim. Bu barədə bir qədər haşiyə çıxmaq istəyirəm (xoş bir təbəssüm ilə): tələbələr arasında ona “Füzuli dəlisi” deyirdilər, o qədər könüldən bağlı və bələd idi ki bu dühaya. Bilirdik ki, imtahandan uğurla keçə bilmək üçün Füzulidən ən azı 5-10 qəzəl bilməliyik əzbərdən. İmtahandan əvvəlki günlərin axşamları mövzular ilə yanaşı öyrəndiyim qəzəlləri də təkrar edirdim. Çox qəribə bir hal baş verdi, onu başqa heç bir vaxt yaşamamışam: sanki qəzəlin “ruhunu” hiss elədim: bir neçə anlıq bir əlaqə yarandı və onun varlığını duya bildim sanki.

Qəzəlləri əzbərlədiyim və hündürdən dönə-dönə dediyim an (XXI əsr)və onların yarandığı zaman (XVI əsr) arasında bir kəsişmə yarandı, bir parlaq işıq şüası körpü yaratdı sanki bir neçə anlıq: qəzəlin canlı olduğunu hiss edə bildim, əsərlərin də, dilin də bir ruhu olduğunu anladım o anda..Ona görə yeri düşdükcə hər zaman deyirəm ki, klassik əsərləri ixtisar eləməyin, onların ruhuna xələl gətirirsiniz. Təsəvvür eliyin ki, intibah dövründə yaradılmış böyük və möhtəşəm bir insan heykəlinin ayaqlarını, qollarını sındırırsınız, bu nəyə bənzəyər görəsən?! Lazım bilsə idi Viktor Hüqo özü “Səfillər”i elə geniş yazmazdı, yeniyetmə ikən anamın oxumaq üçün mənə verdiyi və onunla mütaliəni sevdiyim “Kapitan Qrantın uşaqları” (Jül Vern) romanı elə qalın bir kitab olmazdı, bu haqqı özünüzdə necə tapa bilirsiniz, bu həm də müəllif hüquqlarına zidd bir şeydir.

Dəyərli müəllimizin şərəfinə olan bu düşüncəilə sonralar vidalaşdım. Çünki bizimlə paralel olaraq “Beynəlxalq münasibətlər” ixtisasında peşəkar olaraq (əslində peşəkarlığı illərin təcrübəsi, özünə zəhmət verərək daimi özünü “yükləməyin”, özündə ömürboyu öyrənmə (“Lifelong learning”) mədəniyyəti aşılamağın və s. verir) yetişənlər var idi. Ara-sıra “müxbir, redaktor, jurnalist və s.” kimi çalışmaq istəklərim də olub, lakin məxsusi olaraqbu peşələr üzrə kadrlar yetişdirən ixtisasların olduğu da hər kəsə məlumdur. Bəs dünyanın ən qədim peşələrindən birinə yiyələnən “filoloqlar” nə eləsin?! İki variant barədə deyə bilərəm: təhsilin sonrakı səviyyələri üzrə də (magistratura, doktorantura) təhsil alaraq akademik fəaliyyətə (ali məktəblərdə və s.) başlaya bilərsiniz. Dilçiliyin müxtəlif sahələrinə aid şöbələrdə (institutlarda və s.) elmi işçi olaraqtədqiqatçılıqla məşğul olmağı da seçə bilərsiniz (yaxşı bir məvacib gözləmədən amma, güldünmü, çoxmu acı-acı oldu sanki). Həyatının bu mərhələsini yaşayan gəncliyə deyərdim ki: “Aktuallıq, perspektivlilik kəsb edərək təməl ehtiyaclarınızı ödəyə biləcəyiniz (maddi, ruhsal, mənəvi) sahələr seçin ki, sonralar işiniz ilə məcburiyyət qarşısında deyil, eşq ilə məşğul ola biləsiniz. Özünəxas imzanızı yarada biləsiniz (kiçicik, ürkək, orijinal bir dərkənar da olar, gülürsən, dostum, “magistral” yollar salmaq şərt deyil ki, bapbalaca bir cığır aça bilmək də sənin uğurundur artıq), “Aləmdə səsim var mənim” deyə biləsiniz (Əzizə Cəfərzadə)”.

Ülvanın ilk və ən yaxın dostu babası Mühtəşimi Zayid idi (eynən mənim həyatımda olduğu kimi, gülümsəyirəm, kövrək bir təbəssümlə. Babalarının əlindən tutub gedən uşaqları qısqanıram, bilirsənmi, güldünmü buna?! Çünki bunun necə gözəl bir hiss olduğunu hiss edə bilirəm). Zamanında o fəxri müəllim olmuş, neçə nəsil gəncliyə dərs demişdir. Ülvan əziz babası ilə həm otağını, həm həyatında olan və olabiləcək bütün vacib məsələləri bölüşür, ancaq onunla məsləhətləşirdi. Bir zamanlar babasının şagirdi olmuş inqilabçı zabitlərdən birinə görə nişanlısı ilə eyni şirkət, eyni idarədə işləmək şansını əldə edə bilmişdir. Yaşı səksənə yaxınlaşan Mühtəşimi Zayid qədim və kiçik evinin pəncərəsindən sanki doğmasına çevrilmiş o möhtəşəm çayı görəndə ürəyindən keçirirdi: “Nilin özü də dəyişib, sanki, o da mənim kimi təklik və qocalıqdan əziyyət çəkir. Zaman və məkan yalnızlığını hiss edirəm. Hələ də dünya sevgisindən qurtula bilməmişəm. Dünya Allahın mülkü və bizə bəxş etdiyi nemət olduğu halda ondan necə üz döndərim? İnsan bu qarışıq izdiham içərisində özü də anlamadan dəli bir sürətlə əcələ doğru yüyürür. Peyğəmbərimiz: “Ey Allahın qulu, bu dünyada bir qərib və yaxud yolçu kimi ol və özünü ölmüş hesab et”,-kəlamını düz və yerində demişdir”.

Mühtəşimi Zayid həm dünyanı, həm həyatı sevib ondan doya bilmirdi, həm də varlığından utanırdı sanki (bu duyğunu valideynləri ayrılmış uşaqlardan daha yaxşı kim anlaya bilər ki?! Həyatda bir artıq olduğunu, bir yük olduğunu hiss eləmək çox acıdır. Bir valideynin öz yolu ilə gedib, digərinə isə sənin varlığın imkan vermir. “Mən heç olmasa idim kaş” deyirsən. “Uşaqlar dünyanın sevincidir” ifadəsini eşidəndə elə bir diksinirsən ki, gülümsəyirəm, amma çox acı, təbəssüm də acı ola bilir, dostum, istiotun yarışa bilməyəcəyi qədər yandıran və ağrıdan), düşünürdü ki, əgər o olmasa idi, nəvəsi nişanlısı ilə evlənib onların ortaq otaqlarında qala bilərdi. Özünə sual verirdi ki, görəsən, uzun yaşamağımla özüm də bilmədən onun problemini qəlizləşdirməkdə bir rol oynadımmı?! Burada düşüncələrin necə haçalandığına görürük. İxtiyar insanın keçirdiyi halı anlaya bilmək, duya bilmək o qədər çətin deyil əslində. Bəxtiyar Vahabzadənin Loğmanı iki yüz il upuzun bir ömür yaşayır, amma doya bilirmi bu həyatdan?! Əzrayıldan möhlət alıb ayaqlarından daş asılmış kimi bu çəməndən o çəmənə keçərkən yaşamış olduğu nəfəs qədər qısa anları belə çox böyük bir qənimət bilir özü üçün. Halbuki, yüz beş il yaşayaraq şanlı-şöhrətli bir ömür sürmüş, axırda çətinliklərin sıxdığı, darıxdırdığı dədə Ələsgərin bəxtinə üz tutaraq artıq nahaq dünya ilə vidalaşmaqistəyinə şahid oluruq: “Əzrayıl həmdəmim, məzar yoldaşım, Daha köç təbilin çal, qoca baxtım!”

Bədii ədəbiyyat həyatın aynasıdır, əksidir, burada da istəklər təzadlıdır, yaş almağı istəyib sonra bununla mübarizə apardığımız həyatın özündə olduğu kimi. Həyatın hər anı gözəldir, mən heç cür uşaqlığına qayıtmağı istəyənləri anlaya bilmirəm, səmimi olduqlarına inana bilmirəm, kimsə bunu mənə izah edə bilərmi (gülürəm)?! Otuzlar gözəldir, qırxlar bir ayrı, əlliləri doya-doya yaşaya bilmək, bu onillikdə olacaq hər bir ilin dadını ayrıca çıxara bilmək üçün içimdə elə bir istək var ki, olimpiya oyunlarındakı məşələ bənzər (önəmli, öndə gedən) elə bir yanğı var ki. İnsan şərab kimi deyilmi ki məgər, illər ötdükcə dəyəri artan, ruhu gözəlləşən, ürəyi Sakit okean qədər böyüyən, çətinliklərdən yaranan, incinin qumdan, neyin qamış parçasından, brilyantın qrafitdən yarandığı kimi.. “Ürəyin bir ümman kimi olsun ki, heç nə onu çirkləndirə və daşdıra bilməsin. Qəlbinin tutumu bir armudu stəkandakı çay qədər olarsa, ən xırda bir şeydən daşa bilər çünki..” demişdin mənə, dəniz ürəklinəm axı mən sənin (gülürsən).Sən mənim hüzurumsan, əzizim, varlığının rahatlıq verdiyi, güvən verdiyi. Sakit-sakit ləpələnən, həzin, xoş dalğaları qumlu sahilə sevgi ilə qayğıkeş sığallar çəkən, gözəl, rəngarəng incilərlə dolu sevimli bir ümman kimi..

Göy Adamı (Sən mənim dünyamdakı asimanın elə bir qatında taxt qurmusan ki, göz yaşları kimi duyğularımdan süzülən hər çeşməmdə suyun var, hər yazımda nurun var sənin): -Gözəl və istedadlı qadınların başı çox vaxt dərddə olur, ya zəlzələdən, ya vəlvələdən..İnsanlar sənə savadı bağışlayar, istedadı da, amma gözəlliyi əsla (Monika Belluçi). Bəli, bu dəfə gözəlliyi Randanın əleyhinə işlədi, onun həyatını qıracaq (bəzən elə qırıldığın yerdən güclənərsən, unutma), onu ancaq istifadə etmək üçün “sevən” Ənvər Əllamın diqqətini çəkdi. Ancaq fokusda tək özü deyil, nişanlısı da oldu. Müdir onun yaraşıqlı nişanlısına da göz dikmişdi, zəngin və dul bacısı Gülüstan ilə onun izdivacını uyğun görürdü. Gülüstan Ülvandan iyirmi yaş böyük idi, xoş görünüşlü, hörmətli qadın idi. Bacı-qardaş tez-tez onu evlərinə dəvət edərək məramlarını bildirdikdən sonra, babasının bu barədə olan fikrini bilmək istədi: “Bu məsələnin inkar olunmayan üstünlükləri var, eyni zamanda inkar olunmayan qüsurları da var. Amma sənin vəziyyətində üstünlükləri qüsurlarından çoxdur!” Ülvan gülümsəyərək dedi: -Özümü satmağı rədd edirəm!.

Romanın sonunda baş verən bədbəxt hadisə zamanı da qəhrəman öz prinsiplərinə sadiqliyini qoruyur: Ənvər Əllamın maşınını Gülüstanın villasının qarşısında görəndə dəvətsiz və düşünmədən ora daxil olur, özündən çıxaraq Randaya etdiklərinə görə onun sinəsindən şiddətli bir yumruq vurur, qarşı tərəfin xroniki ürək ağrıları olduğu üçün bu zərbə ölümcül olur. Gülüstan həm bu faktı, həm də vurduğu yumruğun izi olmadığını ona bildirir: -Əlbəttə ki, niyə səni qurtarmaq üçün çalışdığımı bilirsən? Verəcəyin şərəf sözünə əmin olum?..Ülvan bu jesti batan adama atılan xilasedici kəmər kimi qarşılayaraq sevinir, minnətdarlıq hissi keçirir. Oradan ayrıldıqdan sonra isə sanki özündən iyrənərək verilmiş bu ortaq qərara nifrət edir və əvvəlcə gedib hər şeyi Randaya danışır, sonra isə ədalətə təslim olur. Baş verənlərin nəticəsi və onun gələcək həyatı barədə babası belə düşünür: -Xoşbəxtlikdən cinayət “insanın ölümünə səbəb olan döymək” hesab edildi. İllər keçəcək və Ülvan həbsdən peşə sahibi kimi çıxacaq. Onu bir daha görəcəyimi heç sanmıram. O, mənim otağımı boş tapacaq, onda sevgilisi ilə evlənəcək..Ülvana qarşı böyük bir rəğbətim yarandı və düşünürəm ki, hər bir qadın həyatında istənilən mövqedə olan kişidə -istər nişanlısı, həyat yoldaşı, sevgilisi, oğlu, atası və s. olsun, Ülvanda olan bu xüsusiyyətləri görmək istəyərdi: mərdlik, dürüstlülük, vicdanlılıq..

“Liderin qətl günü” romanı əsasında yaranan bu yazı üzərində işlədiyim günlərdə yayılan bir xəbər diqqətimi çəkdi (13 iyul 2024-cü il): “ABŞ-da seçiciləri qarşısında çıxış edərkən bu ilki prezident seçkilərində (5 noyabr 2024-cü il) “Respublikaçılar” partiyasının real namizədi Donald Trampa sui-qəsd təşkil olunaraq atəş açılmışdır. Hadisə yerli kanallar vasitəsilə canlı yayımlanmışdır”. Əsərdə bənzər hadisə təsvir edilir (Mərasim Misirdə 1973-cü il 6 oktyabr savaşının qələbəsinin qeyd edilməsi ilə bağlı keçirilir): “Prezident komandanlıq uniformasını geyərək Qədir gecəsində olduğu kimi təntənəli işıq içində gedir, əlində kral əsası var..Eyni vaxtda həm yerdə, həm havada hərbi parad var..Televizorun ekranı bulanıqlaşır və qəribə bir qarışıqlıq olur..Bir müddətdən sonra radioda aparıcı prezidentə sui-qəsd cəhdi olduğunu..dedi..sonra birdən radioda Quran oxunmağa başladı.Ölüm?Doğrumu?Ölüm əsl diktatordur”. Donald Tramp isə sağ qulağından yaralanması ilə xilas ola bildi. Bu məqamda Mühtəşimi Zayid ilə eyni hissləri bölüşürəm: “Qəflətən zaman içindəki qəribə bir nöqtədə özümə gəlirəm. Tarix və zaman məni küncə sıxışdırır. Tarix kitablarında diqqətlə oxuduğum hadisələr baş verdi..”

"Liderin qətl günü" romanının ilk nəşrinin üz qabığı

Romanda cərəyan edən bütün hadisələr üç əsas obrazın - Ülvan, Randa və Mühtəşimi Zayidin dilindən verilmişdir. İndiyədək bənzər quruluşluəsərlər ilə tanış olmuşam (Orhan Pamuk “Mənim adım Qırmızı” və s.). Oxucu olaraq baş verənləri, həmçinin Ülvan və Randanın valideynlərinin, Ənvər Əllamın, Sənanın və Gülüstanın dilindən eşitmək, onların nəzərindən də baxmaq istərdim. Həm müəllifin (..sehrli bir ətirlə dolu, incə və ötəri bir vəziyyətlə deyil, daha əzəmətli bir hadisə ilə-məchulluq və tale ilə üzləşir; Zaman qılınc kimidir: sən onu qırmasan, o, səni öldürəcək və s.), həm tərcüməçilərin (Zərdüşt Əlizadə, Şıxəli Əliyev, Əhməd Sami) poetik dilində bədiilik, dolğunluq, üslubi tələblərin gözlənilməsi (aydınlıq, əlaqəlilik, obrazlılıq və s.) izlənilir. Halbuki, həmin ərəfədə oxuduğum digər bir əsəri (Patrik Züskind “Parfümer” romanı) neçə dəfə yarıda qoyub başqa bir dildə (rus, türk) davam etməyi istədim (Daha vəziyyət nə yerdə idisə?!). Romanın müəllifi Nəcib Məhfuzun əsərləri, həyat yolu ilə tanışlıqdan sonra, ən azından bir Şərq insanı olaraq onun varlığı ilə böyük bir qürur hissi keçirdiyimi qeyd etmək istərdim.

Günəş önünüzü işıqlandırsın, külək isə istiqamətinizdə əssin hər zaman (güldümü üzün..mənim də).

Seçilən
152
1
kulis.az

2Mənbələr