61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov və komandası könüllü qanvermə aksiyası keçiriblər.
Tribunainfo.az-a deputatlığa namizədin qərargahından verilən məlumata görə, Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə Rəşad Aslanov və komandası qanvermə aksiyası keçirib.
İrsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün ehtiyatda olan polkovnik, deputatlığa namizəd Rəşad Aslanov könüllü aksiyada iştirak edən komanda üzvlərinə təşəkkür edib. Rəşad Aslanov bildirib ki, hər birimizin borcudur ki, hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara öz dəstəyimizi göstərək. Belə nəcib təşəbbüslə, aksiyada könüllü iştirak edənlər bir insanın həyatını xilas etmiş oldular deyə qeyd edib.
Qanvermə aksiyasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərə istifadə olunacaq deyə məlumatda bildirilir.