AZ

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin genişləndirməsi iqtisadiyyatımıza nə qazandıracaq?

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan dövlət başçısı İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq üçün əsaslar var.

Özbəkistan Prezidenti qeyd edib ki, danışıqlar zamanı praktiki əməkdaşlığın artırılmasına xüsusi diqqət yetirilib, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi də vurğulanıb.

Bu istiqamətdə qarşılıqlı əməkdaşlıq Azərbaycan iqtisadiyyatına nələr qazandıra bilər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında iqtisadi əlaqələrin uzun tarixçəsi var:

“Azərbaycan hələ Sovetlər dönəmində pambıq istehsalçısı kimi tanınırdı. İstehsal etdiyi pambıq isə emal üçün Özbəkistana, Səmərqənddəki pambıq zavoduna göndərilirdi. Bütün kənd təsərrüfatı texnikalarının hamısı da demək olar ki, Özbəkistandan gəlirdi. Özbəkistanda çoxçeşidli kənd təsərrüfatı texnikası istehsal edən zavod var. Bu zavod Sovetlər dönəmində çox məşhur idi. Həmin zavodun texnikası həmin dövürdə Azərbaycanın bütün tarlalarında çalışırdı”. 
İqtisadçı bildirib ki, bu əlaqələri indi də bərpa etmək olar:

“Digər ölkələrdən alınan kənd təsərrüfatı texnikaları keyfiyyətinə görə bahadır. Amma bu texnikaları Özbəkistandan almaq daha uyğun olar. Bu da ölkə daxilində valyuta ehtiyatlarına qənaətə şərait yaradar. İki ölkə arasında müstəqillik dönəmində elə ciddi əlaqələr olmayıb, amma indi bizim Özbəkistanın pambıqçılıq, yüngül sənaye təcrübəsinə ehtiyacımız var. Lakin onların da bizə ehtiyacı var. Özbəkistanda hasil olan qazın Avropaya çıxışı üçün Azərbaycan çox önəmli tranzit rolunu oynaya bilər. Artıq Qazaxıstan da bu istiqamətdə işlər görür, Özbəkistanın da tərpənişləri var. İqtisadiyyatın digər sahələrində əməkdaşlıq mümkündür. 

Nəzərə alsaq ki, bu əlaqələr həm də türk dövlətləri birliyi çərçivəsində önəm kəsb edir. Hesab edirəm ki, Orta Asiya ölkələrinin Azərbaycanla iqtisadi əlaqəsi hər iki tərəfin xeyirinə olar. Bunu genişləndirmək ölkələrinin Avropaya çıxışını təmin etmək üçün sanki Azərbaycan üzərində bir missiya var. Sözsüz ki, Azərbaycanın bu məsələdə tranzit mənfəət və gəlirləri olacaq. Ona görə də bu istiqamətdə inkişaf təqdirə layiqdir”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
valyuta.az

1Mənbələr