AZ

Cəmi 5 faiz İlham Əliyevi dəstəkləmədi- sorğunu xaricilər keçirib...

Image

Arzuman Abdulkərimov: “Görülən işlərin nəticəsi nəinki bugünümüzü, həm də gələcək nəsillərimizi əhatə edir”

Növbədənkənar parlament seçkilərində “exit-poll”un təşkili üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan İtaliyanın “SWG SPA” şirkəti seçkiöncəsi vəziyyətlə əlaqədar yerli respondentlər arasında sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, əhali arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir.

Rəyi soruşulanların 81 faizi dövlət başçısının idarəçiliyini ciddi şəkildə, 10 faizi qismən dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 4 faizi suala cavab verməkdə çətinlik çəkib.

Sorğu 15 iyul-15 avqust tarixlərində baş tutub.

İlham Əliyevin cəmiyyətdə belə nüfuza sahib olması hansı amillərlə bağlıdır?

Siyasi şərhçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2003-cü ilin oktyabrında Azərbaycan xalqı İlham Əliyevin diqqətçəkən fərdi keyfiyyətlərini, ölkəmiz naminə genişmiqyaslı fəaliyyətini nəzərə almaqla ona böyük etimad göstərdi və Prezident seçdi: “Ötən 21 ildə müasir həyatımızın bütün sahələrində qazandığı uğurlara nəzər saldıqda bir daha əmin oluruq ki, İlham Əliyev Prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğruldub. Prezident İlham Əliyev hər zaman xalqına güvənən liderdi. 

Bir sıra hallarda o, verdiyi qərarlarla zamanı qabaqlayır, həmin qərarlar həyatda təsdiqini tapır, bundan cəmiyyət çox məmnun qalır, dövlətimiz isə qazanır. Başqa sözlə desək, İlham Əliyev özünün dediyi kimi, nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir. İllər ötdükcə Prezident İlham Əliyevin xalq arasında nüfuzu seçkilərdən seçkilərə daha da artır ki, bunu 2003-2018-ci illər aralığında keçirilən 4 Prezident seçkisində onun lehinə verilən səslərin yüksələn dinamikası bir daha təsdiqləyir.

Ötən illər ərzində seçicilərin ortaya qoyduğu mövqe ona olan böyük inamdan qaynaqlanır. Prezident dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirir, cəmiyyətin sosial sifarişlərini mütləq nəzərə alır. 

44 günlük müharibədə qazanılan şanlı Zəfər son 200 illik tariximizin ən parlaq səhifəsidir. Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində misilsiz qələbə çalaraq müstəsna əhəmiyyətli nailiyyətə imza atdı. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi”.

Ekspertin sözlərinə görə, İlham Əliyevin hədəfləri arasında ən önəmli yerlərdən biri xalqın rifah səviyyəsinin yüksəldilməsidir, bunu iqtisadi islahatlarda, yaşayış minimumuna təsir edən sosial artımlarda, maaş artımlarında görürük: “Dayanıqlı iqtisadiyyatın formalaşması prosesinin sürətləndirilməsi ən vacib məsələlərdən biridir.

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf modeli bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub artıq, bu iki məfhumu artıq ayrı-ayrı təsəvvür etmək mümkün deyil. Görülən işlərin nəticəsi nəinki bugünümüzü, həm də gələcək nəsillərimizi əhatə edir. Bu səbəbdən də onun reytinqi belə yüksəkdir”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
baki-xeber.com

1Mənbələr