AZ

Azərbaycan Şanxay təşkilatına birbaşa üzv də qəbul oluna bilər...

Image

Elçin Qurbanov: “Liderlərin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır”

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində Çin lideri Si Cinpinlə görüşündən sonra bizim Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimiz daha da genişlənib. 

Avqustun 20-də Bakı ŞƏT-dəki “dialoq tərəfdaşı” statusunun “müşahidəçi” statusuna dəyişdirilməsi üçün müraciət edib. Bu, potensial olaraq, tamhüquqlu üzvlük yolunda bir mərhələdir. Azərbaycan avqustun 20-də Çinlə Rusiyanın rəhbərlik etdiyi, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının da daxil olduğu BRICS qrupuna qoşulmaq üçün müraciət etdiyini də bəyan edib. Bu addımlar toplusu bütövlükdə Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri Çinin regionda investor və ticarət tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir.

BRICS-ə üzvlük müraciəti isə yeni bazarlara da qapı aça bilər. BRICS-in yeni üzvlər qəbul etməsi, yaxud müraciətə baxılma müddəti ilə bağlı aydın bir prosedur olmasa da, qrup yanvar ayında İran, BƏƏ, Efiopiya və Misirin də üzvlüyünü qəbul edib. Bundan başqa, xeyli sayda ölkə quruma üzv olmaqda marağını dilə gətirib. Bu üzvlük Bakıya BRICS ölkələrinin iri və sürətlə böyüyən bazarlarına çıxışı genişləndirmək imkanı verə, ikitərəfli ticarət razılaşmaları və Azərbaycanın iqtisadiyyatına yatırımlarla bağlı yeni imkanlar yarada bilər.

Bütün bunlar nəzərə alınmaqla, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına birbaşa üzv ola bilərmi?

İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub:  “Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Həmçinin, Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində görüşə dəvət edib.

BRİCS 2006-cı ilin iyun ayında Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilib. Hazırda BRİCS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Təşkilata üzlük proseduru aşağıdakı kimi müəyyən edilib: yeni üzvdən BRICS-in rəhbər prinsipləri ilə uyğunlaşmaq, üzv ölkələrlə diplomatik və dostluq münasibətlərinə sahib olmaq, təşkilatın güclənməsinə töhfə vermək tələb olunur.

Bundan başqa, yeni üzvün regional və strateji qlobal təsirə sahib inkişaf etməkdə olan ölkə olması şərtlər sırasındadır.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq qərarı konsensus yolu ilə qəbul edilir.

Üzv olmaq istəyən dövlət təşkilata  rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş üzv dövlət” satusuna keçir və nəhayət 4-cü mərhələdə təşkilatın üzvü olan dövlət olur. Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”-ə dəyişir.

Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i liderlərinə tövsiyə edir.

Təşkilat  liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır. Həmin ölkənin xarici işlər naziri və ya lideri bu qərarı əldə etdikləri vaxtdan üzv dövlət sayılır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
baki-xeber.com

2Mənbələr