AZ

Azərbaycanın həqiqətləri, AŞPA-nın qərəzi..

Təxribatlara son qoyulmalıdır!

Azərbaycanafobiya  bir sıra Avropa təsisatlarının ayrı - ayrı təmsilçilərinin, o cümlədən də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan bəzi deputatların iliyinə işləyib, qanına hopub desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu qəbildən olanlar özlərinin kor zehniyyətləri ilə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməsini sinirə bilmir və ölkəmizlə bağlı davamlı şəkildə reallıqdan uzaq olan fikirlər səsləndirirlər. Son vaxtlarda bədnam xorda AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun və Almaniya Parlamentinin üzvü Frank Şvabenin səsləri daha ucadan eşidilir. Təbii ki, adları çəkilən şəxslərin respublikamıza qarşı yönələn fəaliyyətləri və qərəzli fikirləri ölkəmizdə sükutla qarşılanmayıb. Azərbaycanın müvafiq qurumlarının Avropa təsisatlarının təmsilçilərinə cavabı kifayət qədər sərt olub. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano və Almaniya Parlamentinin üzvü Frank Şvabenin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair medianın suallarını cavablandırarkən bildirib ki,  Aİ-nin bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır. O cümlədən Qərbi Azərbaycan İcması (QAİ) bəyanat yayaraq Avropa təsisatlarının təmsilçilərinin ölkəmizə qarşı qərəzli mövqe tutmalarını pisləyib.  QAİ AŞPA-da təmsil olunanlardan Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib.

Əsası olmayan absurd və qərəzli iddialar

Əvvəlcə adları çəkilən şəxslərin ölkəmizlə bağlı səsləndirdikləri bəzi fikirlərə diqqət yetirək. Bu iddialar başdan-ayağa absurddur və sırf qərəzdən ibarətdir. Məsələn, Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosu”na verdiyi 23 avqust tarixli müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət edilməməsinə irad bildirib və s. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano isə 23 avqust tarixində “Politico” qəzetinə müsahibə zamanı, “Azərbaycanda ötən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs olunduğunu” bildirərək, onların azadlığa buraxılmalarına  dair çağırışlar edib. AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun səslənmələri də eyni dərəcədə qərəzlidir. O, rəsmi Bakının bir sıra AŞPA üzvlərini “arzuolunmaz şəxs” elan etməsinə münasibət bildirib. Teodoros Rousopoulos özüsayağı nəticə çıxararaq bu addımın yalnız əks nəticə verə biləciyini deyib. Qeyd edək ki, Rousopoulos üzv dövlətlərin demokratiya standartlarına hörmətlə bağlı öhdəlik götürdüklərini xatırlatmağı da yaddan çıxarmayıb...

Diqqət çəkdiyimiz iddialar, yumşaq desək, yalnız təəccüb və heyrət doğurur. Avropa təsisatlarının təmsilçiləri reallıq, obyektivlik hisslərini bu qədərmi itiriblər? Bu gün Azərbaycanı AŞPA ilə əməkdaşlıqda maraqlı olmamaqda günahlandıranlar qurumun postmüharibə dövründə davamlı şəkildə anti - Azərbaycan mövqeyi sərgilədiyini niyə yaddan çıxarırlar? Avropa Şurası Parlament Assambleyası 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında yer alırdı. Hər dəfə Azərbaycan məsələ qaldıranda, işğal altında olan ərazilərimizə missiyalar göndərilməsinə çağırışlar edəndə, bütün bunları təpki ilə qarşılayan avropalı parlamentarilər heyrət doğuracaq “soyuqqanlılıqlarını” AŞPA-ın insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Belə isə nə üçün missiyası insan hüquqlarının müdafiəsi olan AŞPA azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə biganə yanaşırdı? Ağzına aldığı suyu boşaldan AŞPA postmüharibə dövründə Qarabağla bağlı məsələləri, o cümlədən də erməni əhalinin “pozulan” hüquqlarını dəfələrlə müzakirələrə çıxarıb və hər dəfə də qalib Azərbaycanın yaratdığı reallığa əyri güzgüdən baxış edilib. Son olaraq yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. 

Azərbaycanın AŞPA-dan uzaqlaşmasının qısa xronologiyası bundan ibarətdir. Adları çəkilən şəxslər bu xronologiyanı yazanlar sırasında olsalar da, indi özlərini unutqanlar kimi aparırlar. Bu, sadəcə unutqanlıq deyil, bunun adı Azərbaycanafobiya xəstəliyidir, onun əsas simptomu isə ölkəmizi qaralamaqdır. “Frank Şvabeyə yaxşı məlumdur ki, Avropa Şurasının Parlament Assambleyasının müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir. Azərbaycan-Rusiya münasibətlərdən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın “Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi”, - deyə Ayxan Hacızadə bildirib.

Bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi COP29 konfansını ucuz manipulyasiya predmetinə çevirməyə çalışması da bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu bir daha ortaya qoyur. Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir. “Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Azərbaycanın suveren hüququ

Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir ki, Azərbaycan tərəfi özünün milli maraqlarına söykənərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxan, irqi ayrı-seçkiliyə yol verərək Avropa İnsan Hüquqları Konvensiyasını pozan məlum AŞPA üzvlərini arzuolunmaz şəxslər elan edib. İrqçiləri ifşa edən bu qərar Azərbaycanın suveren haqqıdır və insan hüquqlarının təşviqinə xidmət edir. Bu baxımdan, AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun və AŞPA-nın Almaniyadan olan üzvü, bədnam Azərbaycanofob Frank Şvabenin Azərbaycanın sözügedən qərarına münasibətdə ifadə etdikləri qəbuledilməzdir.

QAİ-nin belə birmənalı mövqedən çıxış etməsi tam başadüşüləndir. İcma zamanında doğma yurd yerlərindən zorla deportasiya edilən soydaşlarımızı təmsil edir. Yurd yerlərinə qayıtmaq həmin insanların və onların vərəsələrinin qanuni haqqıdır. Bunu beynəlxalq konvensiyalar da tələb edir. Ancaq AŞPA və digər Avropa təsisatları söhbət azərbaycanlı qaçqın və məcburi köçkünlərdən getdikdə beynəlxalq normaları yada salmaq istəmirlər.  “Son 30 il ərzində Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağırmayan, XX əsrdə, bir ölkənin paytaxtında “Türksüz Ermənistan” şüarı ilə keçirilən çoxminli aksiyaları pisləməyən, qayıdış hüququnun yalnız ermənilərə aid olduğunu təbliğ edən, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı çağırış etməyən AŞPA-ya və bəzi Qərb təsisatlarına yığışmış bu “insan hüquqları aşiqləri”nin qərəzli fikirləri Azərbaycan xalqı üçün heç bir dəyər kəsb etmir”, - deyə QAİ-nin bəyanatında vurğulanıb.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
yeniazerbaycan.com

1Mənbələr