AZ

Qarabağ Universitetinin tələbəsi: Təhsilimi bitirdikdən sonra burada işləmək fikrindəyəm

Bakı, 28 avqust, Gözəl Ağayeva, AZƏRTAC

İşğaldan azad edilmiş Xankəndidə yerləşən Qarabağ Universitetində təhsil almaq mənim üçün qürurverici və sevindirici bir haldır.

Bunu AZƏRTAC-a müsahibəsində Qarabağ Universitetinin tələbəsi Ləman Məhərrəmova söyləyib. Qəbul imtahanında 612 bal toplamış Ləman Qarabağ Universitetində maliyyə ixtisası üzrə təhsil alacaq.

Qubadlı rayonu Qaralar kənd tam orta məktəbində təhsil almış Ləman deyir ki, birinci sinifdə ilk müəllimi anası olub: “Təməlim çox yaxşı qoyulub. Yuxarı siniflərdə dərslərimə məsuliyyətlə hazırlaşmışam. Savadlı və tələbkar müəllimlərimin sayəsində yüksək bilik qazanmışam. Məqsədim yüksək nəticə əldə etmək olduğu üçün, təbii ki, bu yolda gecə-gündüz həvəslə və yorulmadan çalışmışam. Çəkdiyim əziyyətlərə baxmayaraq bu gün onun bəhrəsini görmək çox sevindirici haldır”.

Ləman imtahanlara hazırlaşdığı vaxtlarda sosial şəbəkələrdən həm bəzi dərslərin izahı üçün, həm də əyləncə üçün istifadə edirdi. Onun fikrincə, yalnız dərsə aid materiallarla yüklənəndə insan daha tez yorulur. Buna görə də arada müəyyən qədər vaxt ayıraraq dincəlmək və bundan sonra yenidən hazırlaşmağa davam etmək lazımdır. Belə olan halda insan oxuduqlarını da yaxşı qavrayır.

Bu günlərdə bir çoxları Ləmandan Bakıda yaşadığı halda nə üçün Qarabağ Universitetini seçdiyini soruşur. O, bu suala belə cavab verir: Qarabağ Universitetinin gələcəyi çox parlaqdır. Universitetin bizə yaratdığı imkanlar və güzəştlər sayəsində mən ixtisasım üzrə özümü daha da inkişaf etdirib savadlı mütəxəssis olacağam və əmək fəaliyyətimi də orada davam etdirəcəyəm”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
azertag.az

3Mənbələr